“Başçı məhəllələri qarış-qarış satdıqca, zibil qutularının da yeri dəyişir. Məhəllənin o başını satırlar, oradakı zibil qutularını gətirib bu başdakı sakinlərin divarının dibinə qoyurlar. İş o yerə çatıb ki, məhəllələrdə zibil qutularına yer qalmayıb, indi çıxarıb uşaq meydançalarına qoyublar”.
Bunu AzadlıqRadiosu-na Əmircan sakini Ülkər Nəzirova danışır.
“MƏMURUN NƏYİNƏ LAZIMDIR Kİ...”
"Məhəllənin o başını satırlar, oradakı zibil qutularını gətirib bu başdakı sakinlərin divarının dibinə qoyurlar. İş o yerə çatıb ki, məhəllələrdə zibil qutularına yer qalmayıb..."
Ü. Nəzirova Balandin küçəsində yaşayır. Onun sözlərinə görə, məhəllələrdəki boş ərazilər satıldıqca, zibil qutularına yer tapılmadığından və sakinlər onları öz qapılarından uzaqlaşdırdığından küçələrin çoxu qutusuz qalıb:
“Bir də görürsən gəldilər, zibil qutularını yerindən götürdülər, ərazini təmizlədilər, başladılar özül qazmağa, nəsə tikməyə. Zibil qutusu ya məhəllə sakinlərindən birinin qapısına qoyulur, ya da etiraz olanda başqa əraziyə aparılır. Bu üzdən də məhəllələrin, səkilərin çoxu zibillə birdir”.
Buna da bax: 'Mağazanı bir neçə dəqiqəyə söküb qoydular yerə'
Ülkər xanımın deməsinə görə, satılan ərazilərdə yaşayış evləri tikilir:
“Bir də görürsən gəldi, aldı, başladı imarət tikməyə. Qonşuların pəncərələrinin qabağını kəsir, evlərə gün işığı düşmür. Məmura nə var ki, yeri satsın, pul qazansın, onun nəyinə lazımdır ki, kiminsə evinin havasının qarşısı kəsilir, kimsə işığa, günəş şüasına həsrət qalır”.
ZİBİLLİK POLİQONU
“Bir də görürsən gəldi, aldı, başladı imarət tikməyə. Qonşuların pəncərələrinin qabağını kəsir, evlərə gün işığı düşmür".
Bu küçənin başqa sakini Zümrüd Əjdərlinin sözlərinə görə, zibil qutularının əvvəlki yeri dəyişdirildiyindən indi sakinlərin rahat gediş-gəlişi də pozulub. Səbəb də odur ki, zibil qutuları piyada səkisinə qoyulub və sakinlər, istər-istəməz, qutu ilə səkinin arasından – yəni səkiyə dağılmış zibilin tam içərisi ilə addımlamalı olur:
“Bu azmış kimi, uşaqların yeganə meydançası da zibillik poliqonuna çevrilib. Qutular vaxtında boşaldılmadığından meydançada ayaq qoymağa yer yoxdur. Quduz küçə itləri də günbəgün artır”.
Buna da bax: Mehdiabad sakinləri: «Bizə adam kimi yanaşın!»
Suraxanı icra hakimiyyətində isə sakinlərin dedikləri ilə razılaşmırlar...
Suraxanı rayon icra hakimiyyətində isə sakinlərin dedikləri ilə razılaşmırlar:
“Məhəllələrarası zibillərin daşınmasında daha çox bələdiyyəyə müraciət olunmalıdır. İcra hakimiyyətinin üstünə gəlmək lazım deyil. İcra hakimiyyəti qanunsuz tikililərlə mübarizə aparır və hansısa fərdi evin tikintisinə sərəncam veriləndə həmin evin eskizə uyğun, başqa vətəndaşların hüquqlarını pozmadan tikintisinə nəzarət edir”.