Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 11:08

«Kosmosa çıxmaq olar, qeydiyyata düşmək yox»


İlqar Qasımov
İlqar Qasımov

-

«Cənub QHT-ləri» adlı məlumat kitabında yazılıb ki, Lənkəranda 28, Masallıda 15, Cəlilabadda 30, Astarada 13, Lerikdə 10 qeyri-hökumət təşkilatı var. Onların çoxu filiallardır. Əslində, mütəxəssislərin fikrincə, həmin məlumatların dərc edildiyi 2007-ci ildə belə, bölgədə müstəqil QHT-ni barmaqla saymaq olardı.

Son illər paytaxtda QHT-lərə göstərilən münasibətlər cənub bölgəsindən də təsirsiz ötüşməyib. Cənub bölgəsində fəaliyyət göstərən müstəqil QHT-lər işlərini dayandırdılar . Hesablarına həbs qoyuldu. Son vaxtlar verilən məlumatlara görə, müstəqil QHT-lərin yenidən fəaliyyətlərini davam etdirmək üçün yaşıl işıq yandırılıb.

ƏDLİYYƏ NAZİRLİYİ BİLDİRİŞ VERMƏLİDİR. AMMA...

2000-ci ildə qeydə alınmış, əsas maliyyəni xarici donordan alan «Hüquqi Yardım» İctimai Birliyinin rəhbəri İlqar Qasımovun deməsinə görə, yumşalma hiss olunur. Lakin ciddi problemlər də var:

«4-5 ictimai birlik var idi, bunların hesabları bağlı idi. Onların hesablarından həbs götürülüb və cinayət işləri dayandırılıb. Lakin işləmək yoxdur. Məsələn, hesabımızdan vəsait götürə bilmirik. Baxmayaraq ki, bizim təşkilatımızla bağlı həbslər yoxdur. Hər halda Ədliyyə Nazirliyi bildiriş verməlidir. Bildiriş vermir. Qrant qeydiyyatdan keçdi, Ədliyyə Nazirliyinə müraciət etmişik».

«HESABIMIZDAN PUL GÖTÜRƏ BİLMİRİK»

İlqar Qasımovun dediyinə görə, bir neçə qrant layihələrinin qalibidirlər, hesablarında vəsait də var:

«Azından 1-2 nəfər işləyirdi. Xaricdən valyuta gəlirdi. Ən əsası isə vətəndaş cəmiyyətinin formalaşmasında QHT-lər əvəzsiz xidmət göstərirdilər. Vətəndaşların problemləri həll olunurdu. İnsanlar artıq bizə üz tuturdular. 6 ay vergi gəldi-getdi. Bizdə həbs yox idi. Sadəcə olaraq, hesabımızdan pul götürə bilmirik. 30 min qrant almışdım, onu hesabımıza köçürməyə imkan verilmədi. Belə şeylər var idi. Bizim 2 qrantımız var, 35 min, hələ ala bilmirik».

Məmmədağa Eynullayev
Məmmədağa Eynullayev

«NORMAL VƏZİYYƏT YARANSA...»

«Masallı ziyalıları» İctimai Birliyinin rəhbəri Məmmədağa Eynullayev qadağalara baxmayaraq, fəaliyyətlərini davam etdirdiklərini deyir. O qeyd edir ki, birlik qeydiyyatdan keçməyib:

«Sənədlər hazırdır, müraciət edəcəyik. Rayonda olan QHT-lər yerli icra orqanlarının nəzarəti altındadırlar. Fəaliyyətləri yoxdur. Düzdür, biz qrant üçün heç bir layihə verməmişik. Lakin rayonda taleyüklü məsələlərə həmişə münasibət bildirmişik, təkliflərimiz olub. Normal vəziyyət yaransa, qeydiyyatdan keçərik».

«QEYDİYYATA DÜŞMƏK, AZ QALA, KOSMOSA QALXMAQ KİMİ...»

«Cənub xəbərləri» qəzetinin naşiri və baş redaktoru Zahir Əmənov da bu məsələ ilə bağlı narazılığını ifadə edir. Onun deməsinə görə, məhdudiyyətlərdən əvvəl də rayonlarda olan müstəqil QHT-lərin vəziyyəti ürəkaçan olmayıb. İndi də fəaliyyətləri, demək olar ki, yoxdur:

«Aparıcı QHT-lərdən qadağaların götürülməsi faydalı olardı. Ümumiyyətlə, cənub bölgəsinin rayonlarında bu sahədə çox ciddi qüsurlar var. Qeydiyyata düşmək, az qala, kosmosa qalxmaq kimi bir şey olub. İcra hakimiyyəti gərək razılıq verə ki, qeyri-hökumət təşkilatı yarana. Tutaq ki, qəzetlərin qeydiyyatı hədsiz dərəcədə sadələşdirilib. İstənilən adam qanun daxilində bir həftə ərzində qəzet buraxa bilər. Amma bunu QHT-lərlə bağlı demək olmaz».

Zahir Əmənov
Zahir Əmənov

Zahir Əmənovun fikrincə, rayonlarda fəaliyyət göstərən QHT-lərin dirçəlməsi qısa müddətdə mümkün deyil. İllər lazımdır ki, QHT-lər yenidən fəaliyyətə başlasınlar. Onun deməsinə görə, müstəqil qeyri-hökumət təşkilatlarının sayı da azdır. Çoxu filiallardır.

«Masallıda qeydiyyata alınmış bir QHT var. O da... Qalanları filiallardır. Məsələn, «Ağsaqqallar şurası», «Veteranlar cəmiyyəti» və sair. Əslində, məhəllə komitələri yaranmalıdır ki, insanlar QHT-lərin yoxluğunu hiss etsinlər. İndi Masallı rayonunda hər yerdə məhəllə komitələri yaradılır. Bu da bələdiyyənin nəzdindədir. Çoxu da bilmir ki, bu məhəllə komitələri nə edəcək».

«HÖKUMƏTƏ YAXIN OLAN QHT-LƏRƏ YARDIM GÖSTƏRİLİR»

Zahir Əmənov deyir ki, cənub bölgəsinin rayonlarında bir milyona yaxın əhali yaşayır. Lənkəranda 4, Cəlilabadda 2, Masallıda 1 qeydə alınmış müstəqil QHT var. Onlar da iflic vəziyyətindədir. Onun fikrincə, QHT-lərin normal fəaliyyəti hökumətin münasibətindən asılıdır. Bu olmayınca, vəziyyət olduğu kimi qalacaq:

«Qeyri-hökumət təşkilatının qeydiyyatı başqa məsələdir, fəaliyyəti başqa. Məsələn, eləsi var, adı var, fəaliyyəti yoxdur. Hərəsinin bir problemi var. Əvvəllər bunlar xaricdən kifayət qədər qrant alırdılar. Bunlar demək olar ki, aradan qalxıb. Hökumətə yaxın olan QHT-lərə yardım göstərilir. Qalanları taleyin ümidinə qalıb».

Rayon icra hakimiyyəti orqanları isə bildirilər ki, qanunla yaradılmış QHT-lərin fəaliyyətinə heç kim mane olmur.

XS
SM
MD
LG