Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:07

Rauf Mirqədirovun şikayəti təmin olunmadı


R.Mirqədirov məhkəməyə gətirilir. 2014
R.Mirqədirov məhkəməyə gətirilir. 2014

Oktyabrın 3-də Ali Məhkəmədə «Zerkalo» qəzetinin əməkdaşı, siyasi şərhçi Rauf Mirqədirovun işinə baxılıb. Kassasiya şikayəti 2016-ci il martın 17-də Bakı Apellyasiya Məhkəməsinin Mirqədirov haqqında qərarından verilmişdi.

Apellyasiya instansiyası R.Mirqədirovun 6 il azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişib şərti cəza ilə jurnalisti həbsdən azad etsə də, dövlətə xəyanət ittihamını üzərindən götürməmişdi. Bəraət almaq istəyən jurnalist həmin qərarın ləğvi üçün Ali Məhkəməyə üz tutmuşdu.

Ali Məhkəmədə Mirqədirovun vəkili Fuad Ağayev deyib ki, jurnalistə verilmiş dövlətə xəyanət ittihamı absurddur. Müdafiəçinin sözlərinə görə, bu ittihamı təsdiqləyəcək heç bir sübut ortaya qoyulmayıb. Əksinə, məhkəmədə dindirilən şahidlər Mirqədirovun xeyrinə ifadə verib, onun təqsirsiz olduğunu deyib.

Amma Ali Məhkəmənin hakimləri qısa müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını açıqlayıb.

R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunan jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Şərti cəzayla azadlığa buraxılandan sonra o, İsveçrədə sığınacaq alıb.

Mirqədirov özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

R.Mirqədirovun həbsi ilə əlaqədar Avropa Məhkəməsinə Azərbaycanla yanaşı, Türkiyədən də şikayət olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG