Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:16

Rauf Mirqədirov: 'Azərbaycan Rusiya iqtisadi əməkdaşlığı çox dumanlı və…'


Rauf Mirqədirov
Rauf Mirqədirov

“Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin ikişafı daha çox ABŞ-ın Moskvaya tətbiq edəcəyi sanksiyaların keyfiyyətindən, kəmiyyətindən və miqyasından asılıdır”

Bunu Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putin-lə görüşü və iki ölkə rasında imzalanan sənədləri dəyərləndirərkən siyasi icmalçı Rauf Mirqədirov AzadliqRadiosu-na deyib.
R. Mirqədirovun fikrincə, indi xoşməramlı bəyanatlar vermək olar, sonra isə sazişlərin həyata keçirilməsi isə həmin sanksiyalara bağlı olacaq:

“Mən Azərbaycan şirkətlərinin Rusiya ilə bağlı sanksiyaların altına düşmək istədiklərini düşünmürəm. Bilirsiniz ki, Avropa Birliyi dövlətləri ABŞ-ın İrana sanskiyalarını tanımaq istəmədilər, hətta bəyanat verdilər. Amma gerçək ondan ibarətdir ki, aparıcı Avropa şirkətləri artıq İranı tərk etməyə başlayıblar. Çünki həmin şirkətlər üçün ABŞ-la əməkdaşlığın yükü Rusiya və İranla əməkdaşlıqdan dəfələrlə çoxdur. Onlar daha çox gəlir itirməkdən qorxurlar. Yəni Azərbaycan Rusiya iqtisadi əməkdaşlığı çox dumanlı və qeyri-müəyyəndir. Yüzlərlə sənəd imzalamaq olar, sabah bunların əhəmiyyəti sıfra enə bilər. Almaniya, Fransa və Böyük Britaniya şirkətlərinin gücü və səviyyəsi Azərbaycan şirkətlərindən daha əhatəlidir. Bu dövlətlərin şirkətləri Rusiya ilə əməkdaşlığı daraldırsa, Azərbaycan bunu göz altına almaya bilməz”.

Əliyev və Putin
Əliyev və Putin

​İki dövlətin siyasi münasibətlərinin çox ciddi dönüş nöqtəsinə yaxınlaşdığını iddia edən Rauf Mirqədirov bildirib ki, Rəsmi Bakı gec-tez seçim etmək məcburiyyətində qalacaq.

Buna da bax: T. Zülfüqarov: 'Rusiya bunu açıq bəyan etməlidir'

Siyasi icmalçı hesab edir ki, Cənubi Qafqaz kimi mürəkkəb regionda olan dövlət özünü qorumaq baxımından hər hansı təhlükəsizlik sistemində görməlidir:

“Bakının Moskva ilə siyasi sahədə gərginliyi bu seçim ediləndən sonra başlayacaq. Hansı seçimin olmasından asılı olmayaraq ağır seçimdir. Bir seçim Rusiyanın vassallığına çevrilməkdir, adın fərqi yoxdur, amma hər halda bir format yaradılacaq. Bu, özünü bütün dünyadan təcrid etmək olardı və Qarabağ problemi də həll olunmayacaq. Daha doğrusu, Qarabağ nə Azərbaycanın, nə də Ermənistanın olacaq, Rusiyanın nəzarətinə keçəcək. Əgər Ermənistan və Azərbaycanda anlasalar ki, Qarabağın qiyməti dövlətlərinin müstəqil siyasətidir. İki respublika ortaq məxrəcə gəlməsə, Rusiyanın ciddi təzyiqinə məruz qalacaq. Təəssüf ki, son zamanlar Azərbaycan mediasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı-na (KTMT) üzv olmaq haqda çıxışlar varsa, deməli, seçim anı həddindən artıq yaxınlaşır. Eyni zamanda, Qərbdən də təzyiqlər artır. Ən azından onu düşünə bilərik ki, prezidentlər Soçi görüşündə KTMT haqda birmənalı fikir bildirməyibsə, bu, yaxşı xəbərdir, yəni birmənalı qərar qəbul olunmayıb”.

Xatırlatma

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 1-də Soçidə görüşüblər. Görüşdən sonra iki ölkənin təmsilçiləri ən müxtəlif sahələrdə əməkdaşlığa dair 16 sənəd imzalayıblar. Bundan əlavə prezidentlər birgə bəyanatla çıxış ediblər. Prezident V.Putin deyib ki, 2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib.

Rusiya prezidenti Qarabağ münaqişəsinə də toxunub:

“ Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək”, deyə o vurğulayıb.

Prezident İlham Əliyev isə Qarabağ münaqişəsindən danışarkən diqqəti Azərbaycanın ərazilərinin işğal faktına yönəldib::

“ Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək…”.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG