Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:13

"Azərbaycan Avropaya alış-veriş yeri kimi baxır"


Arxiv fotosu: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
Arxiv fotosu: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev

“Avropaya neft satıb əvəzində maşın, ayaqqabı, qəşəng geyimlər alır. Orda torpaq, qəsr alır, istirahət edir, müalicə olunurlar.”

“Azərbaycan hakimiyyətinin ideoloji kursu yoxdur, daha doğrusu, bütdür, şəxsiyyətə pərəstişdir”. Politoloq Zərdüşt Əlizadə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son məqaləsini şərh edərkən deyir ki, burdakı tezislər hakimiyyətin ideologiyası deyil. Amma o, hesab edir ki, müəllif bəzi məqamlarda haqlıdır:

Buna da bax: Ramiz Mehdiyevin məqaləsini tam şəkildə buradan götürüb oxuya bilərsiz

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Bəli, Avropa Birliyi istənilən hadisəyə ikili standartlardan yanaşır. Ancaq Ramiz Mehdiyev bunu xatırladanda gərək onu da qeyd edərdi ki, Azərbaycan hökuməti vətəndaşının haqlarını, dövlət maraqlarını bada verir, ancaq səhərdən-axşama kimi milli maraqlardan danışır. Elə bu da ikili standartlardır.

Başqalarının ikili standartlarını tənqid ediriksə, gərək özümüz də öz ikili standartlarımızın tənqidinə hazır olaq.

Qaldı, Azərbaycanın Avropa Birliyi ilə gələcək münasibətlərinə, Azərbaycan heç cür Avropa Birliyinə yaxınlaşmaq istəmir. Azərbaycan Avropa bazarına alış-veriş yeri kimi baxır: Avropaya neft satıb əvəzində maşın, ayaqqabı, qəşəng geyimlər alır. Orda torpaq, qəsr alır, istirahət edir, müalicə olunur”.

Buna da bax: Fəhlələr maaş tələbilə etiraz aksiyası keçirir

“…rüşvət onun canının mayasıdırsa…”

Məqalədə Azərbaycanın Avrointeqrasiyasından uzaqlaşmasına işarə varmı? Zərdüşt Əlizadənin sözlərinə görə, Avropa dəyərlərinə inteqrasiya etmək istəyən dövlət, toplum şərt deyil ki, bunun üçün hansısa bir quruma üzv olsun:

“Rüşvətsiz iqtisadiyyat, ədalətli, müstəqil məhkəmə sistemi və bu kimi dəyərləri qəbul etmək istəyirsə, hansısa inteqrasiya sənədinə imza atmaq lazım deyil. Yox, ədalətli məhkəməni özünə təhlükə sayırsa, qanunun aliliyini düşünmək istəmirsə,insan haqları onun üçün boş sözdürsə, rüşvət onun canının mayasıdırsa, o zaman inteqrasiyadan söhbət gedə bilməz və hakimiyyətə Avropaya sənədli və ya sənədsiz inteqrasiya lazım deyir”.

Mehman Əliyev
Mehman Əliyev

“Avropa ilə bərabərhüquqlü tərəfdaş kimi əməkdaşlıq mesajı var”

“Məqalənin tonundan onu hiss elədim ki, Avropa Birliyinə bərabər hüquqlu tərəfdaş kimi davranmağa çağırış var,” - “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev belə deyir. Onun sözlərinə görə, məqalənin sonunda bu mesajı görmək olar:

“Məqalənin əvvəlində yazılıb ki, SSRİ dağılanda biz hər yerdə demokratik dəyərlərin, bərabər hüquqların olacağını gözləyirdik, ancaq bu, baş vermədi, dünya başqa istiqamətə getdi. Biz bunu qəbul etmirik, bizimlə bərabərhüquqlü tərəfdaş kimi danışın, biz bu yolu gedirik, - məqalənin əsas tezisi budur. Yazıda o da vurğulanır ki, seçkidən sonra biz Avropa Birliyi və Qərblə əməkdaşlığa hazırıq."

Mehman Əliyev deyir ki, məqalədə Avropa Birliyinin Dağlıq Qarabağla mövqeyi vurğulanarkən Xocalı faciəsi, 20 yanvar kimi hadisələrdə Rusiyanın mənfi rolu heç xatırladılmır:

“Məqalədə Rusiyadan bir qorxu hiss elədim. Məqalədə Rusiyanın adının çəkilməməsi onu göstərir ki, Azərbaycan Rusiyadan çəkinir, ancaq o da var ki, Avropa Birliyi Rusiyaya meyl ediləcəyi ilə hədələnmir”.

“Mülayim keçidə hazırdılar”

“Turan” rəhbəri deyir ki, bu günlərdə Avropa Birliyi, Avropa Şurası və hakimiyyət nümayəndələrinin qatıldığı bir toplantıda iştirak edib:

“Görüşdə əməkdaşlıqla bağlı 3 illik çərçivə planını müzakirə edirdilər. Mən bu görüşdə hiss elədim ki, tərəflər kompromisə getməyə hazırdılar. Azərbaycan tərəfi deyir ki, “biz əməkdaşlığa hazırıq, ancaq bilək ki, QHT sektorundan siz kiminlə işləyirsiz”. Ancaq güman etmirəm ki, Avropa avtoritarizmi gücləndirmək üçün əməkdaşlığa hazırdır. Fikrimcə, əksinə, mülayim keçid üçün hər iki tərəfdən razılıq var. İkincisi də Azərbaycanın üzləşdiyi və bundan sonra da üzləşəcəyi dərin iqtisadi böhran hökuməti Qərb investisiyası ilə işləməyə vadar edəcək”.

Buna da bax: Prezidentlər nə etsinlər? (Forumda sən də fikrini de)

Alya Yagublu
Alya Yagublu

“Tanış tezislərdir”

Siyasi şərhçi Alya Yaqublu AzadlıqRadiosuna deyir ki, Ramiz Mehdiyevin məqaləsindəki fikirlər Azərbaycan ictimaiyyətinə tanışdı:

“Son aylarda antiqərb ritorikasını hakimiyyət nümayəndələrinin az qala hamısından dinləməkdəyik. Bu ritorika hakimiyyətin xarici siyasət kursu barədə kifayət qədər aydın təsəvvür yaradıb və daha bir dövlət məmurunun Avropa və Amerikaya yönəlik giley-güzarı şəxsən mənim üçün sürpriz olmadı.

Öz komanda yoldaşları kimi, Ramiz müəllim də Azərbaycana qarşı ikili standartlar yürüdüldüyünü iddia eləyir, yazır ki, “Qərb Qarabağ probleminin həllinə maraq göstərmir, bizdəki problemləri şişirdib daxili işlərimizə müdaxilə eləyir, öz ideya və prinsiplərini ölkəmizə səmərəsiz və hətta səhv üsullarla yeritməyə çalışır””.

Buna da bax: Prezidentdən gömrük fərmanı

“Yəqin qərblilər bircə bunu deməyiblər ki...”

Alya Yaqubova deyir ki, əksinə, Qərblə Azərbaycan arasındakı münasibətlərdə problemlər yaradan, Avropaya inteqrasiyanı əngəlləyən, demokratiyanın inkişafına heç bir şəkildə şərait yaratmayan məhz Azərbaycan hakimiyyətidir, onun seçdiyi və sürətlə inkişaf etdirdiyi rusiyayönümlü xarici siyasəti xəttidir:

““Biz demokratiyanı qurmağa təzə başlamışıq” bəhanəsi ölkədə baş verən insan haqları pozuntularına haqq qazandıra bilməz, çünki başqa xalqların 250 illik təcrübəsindən bəhrələnmək əvəzinə 25 illik təcrübəsizliyə apellyasiya etmək heç bir halda ciddi arqument sayıla bilməz. Qanunlara riayət edilməməsini mentalitetlə əlaqələndirmək o qanunların bilərəkdən pozulduğuna işarə edən faktordur və heç də səfeh və ya sadəlövh olmayan qərblilər bunu anlayırlar. Onların öz tələblərində israrlı olmaları da bundan irəli gəlir və çox da təbiidir. Azərbaycan hakimiyyətini bütün mümkün vasitələrlə dilə tutmağa, yola gətirməyə çalışan qərblilər bəlkə bircə bunu deməyiblər ki, “çoxdan icad olunmuş velosipedi sadəcə sürmək lazımdı, cənablar, onun idarə olunması bədənimizin və beynimizin texniki göstəricilərindən asılı deyil””.

Buna da bax: Çörəyi daşdan çıxanlar (Fotoqalereya)

“Məqalə niyyətin ciddiliyini göstərir”

“Antiqərb təbliğatına Ramiz Mehdiyevin də qoşulması göstərir ki, hakimiyyətin bu yeni strategiyası mövsümi xarakter daşımır, əsas tərəfdaş olaraq Rusiyanı seçmək niyyətində İlham Əliyev kifayət qədər ciddidir,” - siyasi şərhçi qeyd edir.

Onun sözlərinə görə, indi açıq qalan tək sual budur ki, Ramiz Mediyevin hər belə məqaləsindən sonra “güclənən repressiya siyasətinin yeni dalğası “kükrəyəcək”, yoxsa yox”. Siyasi şərhçi vurğulayır ki, hələ də meydanda siyasi rəqiblər var, ancaq hələlik hakimiyyətin başı daxili ziddiyyətlərə qarışdığından məqalənin əks-sədası sonra da çıxa bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG