İran Prezidenti İbrahim Rəisi Körfəz ölkələri ilə ticari və siyasi əlaqələri gücləndirəcəynə ümidini bildirib. O, Qətərdə qaz ixrac edən ölkələrin konfransına qatılır. Bu, İran prezidentinin son 11 ildə bu ölkəyə ilk səfəridir.
“İran Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) təsisçilərindən biridir. Çünki biz üç ən mühüm qaz hasilatçısı və ixracatçısı ölkələri sırasındayıq”, – Rəisi fevralın 20-də Qətərə yola düşməzdən öncə televiziya ilə yayımlanmış müsahibəsində deyib.
Ultra-mühafizəkar Rəisi avqustun sonunda prezident postuna keçəndən bəri üçüncü xarici səfərini edir.
11 üzvü olan təşkilatın ekspertləri fevralın 20-də bir araya gəliblər. Fevralın 21-də nazirlər səviyyəsində, 22-də dövlət və hökumət başçılarının sammiti keçiriləcək.
Səudiyyə ilə münasibətlər
Şiə idarəçiliyində olan İran sünnilərin çoxluq təşkil etdiyi Körfəz ölkələri, özəlliklə Səudiyyə Ərəbistanı ilə münasibətləri çətin olub. Tehran və ər-Riyad Yaxın Şərqdə nüfuz uğrunda mübarizə aparır.
Amma son illər region ölkələrinin çoxu Tehranla əlaqələri gücləndirmək istəyir.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dekabrda Rəisini səfərə dəvət edib. Səudiyyənin xarici işlər naziri isə fevralın 19-da deyib ki, ölkəsi İranla birbaşa danışıqların beşinci raundunu təşkil etmək istəyir, baxmayaraq ki, çətin məsələlər üzrə öncəki raundlarda “substantiv proqres əldə olunmayıb”.
Ər-Riyadla Tehran diplomatik münasibətləri 2016-cı ildə kəsiblər. Tanınmış şiə ruhanisinin Riyadda edamından sonra iranlı etirazçılar Səudiyyənin diplomatik missiyalarına hücum etmişdilər.
Azərbaycan müşahidəçi ölkədir
GECF üzvləri olan Rusiya, Qətər, İran, Liviya, Əlcəzair və Nigeriya dünyada aşkarlanmış qaz ehtiyatlarının 70 faizindən çoxuna sahibdir.
Digər üzvlər Boliviya, Misir, Ekvatorial Qvineya, Trinidad və Tobaqo, Venesueladır.
BƏƏ, Peru, Norveç, Malayziya, İraq, Anqola və Azərbaycan müşahidəçi ölkələrdir.
Rusiyanın Ukraynaya mümkün hücumunun Avropada gücləndirdiyi qorxulardan dolayı təbii qazın qiyməti 2020-ci ilin sonundakı həddən iki dəfəyədək yüksəkdir.