Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:22

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalova 14 il həbs cəzası istənilib. Mayın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Fərid Nağıyev bu təkliflə çıxış edib.

Prokuror «Rabitə işi» üzrə təqsirləndirilən digər şəxslərdən «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin baş direktoru olmuş Beytulla Hüseynova 15 il, bu qurumun keçmiş baş mühasibi Anar Mustafayevə 8 il, «Azərpoçt» MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevə 10 il, «Optik Rabitə, Tikinti və Quraşdırma» MMC-nin rəhbəri Emin Məmmədova 12, «Optik Qurğular» İdarəsinin rəisi Namazəli Məmmədova isə 12 il cəza istəyib.

***Buna da bax-Aparat rəhbəri: 'Məni şəhərə gətirib Əli Abbasovla üzləşdiriblər...'

Prokuror daha beş nəfər təqsirləndirilən şəxsə isə 5 il 11 ay 11 gün cəza istəyib. Eyni zamanda, onlara münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqini məqsədəuyğun sayıb və 3 il şərti cəza ilə həbsdən buraxılmalarını təklif edib. Söhbət «Bakı Rabitə Təmir Tikinti» və «Təmir Təchizat Servis» MMC-lərin direktoru Bayram Vəliyev, «Aztelekom» MMC-nin baş mühasibi Oktay Rüstəmov, «Aztelekom» MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, «AzİnTelekom» MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov və «Optik Qurğular» İdarəsinin keçmiş baş mühasibi Səhrab Hümmətovdan gedir.

«KİM BURAXILIR, BURAXILSIN»

Məhkəmədə prokurorun çıxışından əvvəl hakim Əfqan Hacıyev məhkəmə istintaqının tamamlanmasını təklif edəndə isə, təqsirləndirilən şəxslərdən V.Zeynalovun vəkilləri buna etiraz ediblər.

***Buna da bax-'Niyə nazir müavini İltimas Məmmədov həbs edilmədi?'

Amma V.Zeynalov özü fərqli fikirdə olub:

«Artıq yaydır. Bu istidə camaatı aparıb-gətirməyin mənası yoxdur. Kim buraxılır, buraxılsın, kimi də həbs edəcəklərsə, etsinlər».

Təqsirləndirilən şəxslərdən A.Mustafayev də məhkəmə istintaqının yekunlaşmasına etiraz edib.

Etirazlara baxmayaraq, məhkəmə istintaqın yekunlaşması haqda qərar qəbul edib.

Məhkəmə mayın 24-də davam edəcək.

XATIRLATMA

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG