Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:27

‘Niyə nazir müavini İltimas Məmmədov həbs edilmədi?’


İltimas Məmmədov
İltimas Məmmədov

"Bu işlərdə ən çox günahkar nazir müavini İltimas Məmmədov olub. O, Əli Abbasovun yerinə nazir kreslosuna keçmək istəyirdi. Bu məqsədinə nail olmaq üçün beynəlxalq tədbirlərdə üç dəfə ona qarşı təxribat törətdi. İstəyirdi ki, Əli Abbasovu vəzifədən çıxarsınlar", – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalovun məhkəmədəki ifadəsindəndi.

Vidadi Zeynalov da daxil, nazirliyin və onun tabeliyindəki strukturların vəzifəli şəxslərindən ibarət 11 nəfərin mühakiməsi artıq yeddinci aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Bu müddətdə bütün təqsirləndirilən şəxslər, şahidlər dindirilsə də, V. Zeynalov ifadə vermirdi. Nəhayət, mayın 3-də keçirilən məhkəmədə o, danışmaq qərarına gəlib.

Buna da bax:​ Həbsdəki məmurun qardaşı etiraz edir: 'Mülklərimə həbs qoyulub'

V. Zeynalovun ifadəsində qalmaqallı məqamlar olub, o, özəlliklə nazir müavini İltimas Məmmədovu ittiham edib.

Vidadi Zeynalov
Vidadi Zeynalov

"O, niyə həbs edilmədi? Niyə ən azı, obyektivlik üçün İltimas Məmmədov niyə şahid kimi gətirilib dindirilmədi? Məhkəmə kimdən və niyə çəkinir?", – Vidadi Zeynalov soruşub.

“QOY ÖMÜR BOYU VİCDAN ƏZABI ÇƏKSİNLƏR”

Vidadi Zeynalov deyir ki, əvvəlcə ifadə vermək istəməyib, ancaq sonradan fikrini dəyişib və 54 səhifəlik ifadə hazırlayıb: "İfadə verənlərin, şahidlərin dediklərindən də görünür ki, mən heç bir cinayət törətməmişəm. Sadəcə, rəhbərliyin tapşırıqlarını icra eləmişəm. Amma ictimaiyyətə məni cinayətkar kimi təqdim elədilər. Ona görə danışmaq qərarına gəldim. Çoxları mənim çıxışımı səbirsizliklə gözləyirdi. Düşünürdülər ki, mən çox şey deyəcəm. Amma deməyəcəm. Qoy onlar ömür boyu vicdan əzabı çəksinlər".

Buna da bax: Aparat rəhbərinin 43 milyonluq mülkindən əlavə obyektləri də varmış

V.Zeynalov məhkəmədə vəkillərinin vəsatətlərinin təmin edilməməsindən, Maliyyə Nazirliyinin işçilərinin dindirilməməsindən, ekspertlərə suallar verilməməsindən narazılıq edib: "Məhkəmədə bir az ədalət olsa, bir üstəgəl birin iki olduğunu təsdiqləyəcək. Eləməsə də, canları sağ olsun. Qoy əsl günahkarlar vicdan əzabı çəksinlər. Əsl günahkarların cəzalandırılmasına da çox az qalıb. Mən və həbsxanada olan digər şəxslər də bu günü gözləyirik".

İttihamı qəbul etmədiyini, nazirliyin tabeliyindəki binalarda aparılan təmir-tikinti işlərində iştirakı olmadığını deyən Zeynalovun sözlərinə görə, bir günahı var: "Günahım odur ki, mənə əlavə tapşırıq veriləndə gərək qəbul etməyəydim".

Ardınca o, hazırda da nazir müavini vəzifəsində çalışan İltimas Məmmədovu suçlayaraq, əsas günahkarlardan birinin məhz o olduğunu bildirib.

Buna da bax:​ 'Rabitəçilər işi': Həbsdəki məmurlar arasında qalmaqal

Qeyd edək ki, daha öncə yayılmış məlumatlarda İltimas Məmmədov, eləcə də keçmiş nazir Əli Abbasovun istintaqda dindirildiyi, Vidadi Zeynalova ittihamların da elə onların ifadələri əsasında verildiyi bildirilirdi.

“BİZƏ DEMİŞDİLƏR Kİ, BU ÖLKƏDƏN GEDİN”

"Mənə və qardaşıma vaxtilə demişdilər ki, bu ölkədən gedin. Deyirdilər ki, vaxt gələcək, etdiklərimizə görə peşman olacağıq. Amma biz əhəmiyyət vermədik. Əgər günahkar olsaydım, əmlaklarımı ailə üzvlərimin, yaxınlarımın adına keçirməzdim. Başqaları kimi xaricə çıxarardım. İndi də imkan vermirlər ki, əmlaklarımı satıb dəymiş zərəri ödəyim", – Vidadi Zeynalov bildirib.

Buna da bax:​ 'Rabitəçilər işi': Bayram Vəliyev məhkəməyə xərəkdə gətirildi

İttihamda dəymiş ziyan kimi göstərilən məbləğin şişirdildiyini, istintaqda və məhkəmədə çoxsaylı pozuntulara yol verildiyini deyən Zeynalovun sözlərinə görə, mənimsənildiyi deyilən məbləğlər dövlət əhəmiyyətli tədbirlərin təşkilinə, nazirliyin səlahiyyətlərinə daxil olan işlərin görülməsinə xərclənib.

Daha sonra Vidadi Zeynalov çıxışını davam etdirməyə sağlıq durumunun imkan vermədiyini söyləyib: "Bu, mənə canımdan əziz deyil. Artıq yaxın məsafədən sizi belə görə bilmirəm. Bədənim əsir..."

Bu səbəbdən məhkəmə mayın 10-na qədər təxirə salınıb. Həmin gün sabiq aparat rəhbəri ifadəsini davam etdirəcək.

Buna da bax: 'Rabitəçilər işi': Qəfəsdə məmurlar arasında qarşıdurma oldu

XATIRLATMA

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG