Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:40

'Rabitəçilər işi': Bayram Vəliyev məhkəməyə xərəkdə gətirildi


Rabitə və Yüksək Texnologiyalar nazirliyi
Rabitə və Yüksək Texnologiyalar nazirliyi

“Mən nə edim, özümü doğrayım?” – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin işi üzrə həbsdə olanlardan Bayram Vəliyev əməliyyat olunmamasına məhkəmədə belə etiraz edib.

Nazirliyin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin rəhbəri olmuş Beytulla Hüseynov və daha səkkiz nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Təqsirləndirilən şəxslərdən "Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis”in rəhbəri olmuş Bayram Vəliyev martın 15-də məhkəməyə xərəkdə gətirilib. O, məhkəmənin gedişini də uzanmış vəziyyətdə izləyib.

Buna da bax:​ 'Rabitəçilər işi': Qəfəsdə məmurlar arasında qarşıdurma oldu

BELİNDƏ 18 MM-lik YIRTIQ YARANIB

Məlumat verilib ki, onun belində 18 mm-lik yırtıq əmələ gəlib. Bu səbəbdən də nə gəzə, nə də otura bilir.

Bu məhkəmə prosesində sənədlərin elanı mərhələsidir. Hakim iş materiallarında qalan sənədləri də elan edib və bu mərhələ də başa çatıb.

Bundan sonra Bayram Vəliyevin vəkili onun üzərində cərrahiyyə əməliyyatı aparılmasına imkan yaradılması haqda vəsatət qaldırıb. Deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs kəskin ağrılardan əziyyət çəkir və mütləq əməliyyat olunmalıdır: “Qapalı müəssisədə onun üzərində cərrahiyə əməliyyatı aparılması mümkün deyil. Ona görə də xahiş edirəm, əməliyyat olunmasına şərait yaradılsın".

Buna da bax:​ Həbsdəki məmur ziyanı ödəməyə hazırdır, bir şərtlə ki...

Amma məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu, hüquqi məsələ deyil, tibbi işdir: "Bu məsələ Penitensiar Xidmətə aiddir. Əgər onlar rəy versə ki, Bayram Vəliyevin məhkəməyə gətirilməsi mümkün deyil, o zaman biz hansısa qərar qəbul edə bilərik”.

“ÖZÜMÜ DOĞRAYIM?”

Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov Bayram Vəliyevin ev dustaqlığına buraxılmasını istəyib. Deyib ki, məhkəmə öz təşəbbüsü ilə də şəxsin ev dustaqlığına buraxılması məsələsinə baxa bilər.

Hakim ona etiraz edib: “Siz Vidadi Zeynalovun vəkilisiz, onu müdafiə edirsiz. Bayram Vəliyevə gəlincə, biz onunla bağlı artıq qərar verdik”.

Məhkəmənin bu yanaşması Bayram Vəliyevin etirazına səbəb olub: “Mən indi neyləməliyəm? Özümü doğrayım? Həkim deyir ki, bu məsələ məhkəmənin işidir. Mən MTN işçisi-filan deyiləm ki... Heç ev dustaqlığı da istəmirəm. Mənə bir günlük icazə verin, əməliyyat olunum, sonra yenə də geri qaytarın da..."

Buna da bax: 'Rabitəçilər işi': Həbsdəki məmura iki gün vaxt verildi

Hakim təkrarlayıb ki, bu məsələ onların baxacağı iş deyil: "Penitensiar Xidmətin özünün həkimləri var, bu məsələyə onlar baxa bilər”.

255 MİNİ ÖDƏYİB

Vergilər Nazirliyi “Rabitə işi”ndə təqsirləndirilən şəxslərdən Bayram Vəliyevə qarşı 255 min manatlıq mülki iddia qaldırıb. Bayram Vəliyev həmin vəsaiti ödəyib.

Məhkəmə martın 17-də davam edəcək.

Məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Buna da bax:​ Rabitəçilər işi: 'Bu adam mənə böhtan atır, protokola yazılsın'

Təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG