Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 17:57

Rəsulzadənin Novxanıdakı abidəsi ziyarət olunur


Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki abidəsi

Bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (XC) yaranmasının 103 illiyi ilə bağlı bəzi siyasi partiyaların təmsilçiləri, ictimai fəallar Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndindəki abidəsini ziyarət ediblər.

İlk ziyarətçilərdən bir qrupu Müsavat Partiyasının rəhbərliyi olub. Amma koronavirus pandemiyasi ilə bağlı elan edilən karantin üzündən ziyarətçi qruplar beş nəfərdən çox olmayıb. Orada Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər açıqlamalar da verib: "Elə bir gün olacaq ki, biz ağsaqqallardan, böyüklərimizdən həmin şəxslərin ailə üzvlərindən xahiş edəcəyik ki, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoylunun, Əlimərdan bəy Topçubaşovun və Xalq Cümhuriyyətinin digər qurucularının məzarlarını Bakıya gətirib ən uca yerdə quraq. Onlar millətimizin and yerlərindən biri və bəlkə də birincisi olsun".

Dərsliklərdə Cümhuriyyət haqda məlumatlar ildən-ilə azalır
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

"Bu gün bizim dövlətin ad günüdür"

"Bu gün bizim dövlətin ad günüdür". Bunu mayın 28-də Xalq Cümhuriyyətinin (XC) yaranmasının 103 illiyi ilə bağlı Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib. O və Milli Şuranın Koordinasiya Mərkəzinin bəzi üzvləri də abidənin önünə gəliblər. Amma polis abidənin önünə həmin qrup əklil qoyarkən karantin olduğunu bildirərək beş adamdan artıq şəxsi buraxmayıb.

Ə.Kərimli təəssüflə vurğulayıb ki, bu günə haqq etdiyi qiyməti verən yoxdur: "Qurucu babalarımız 103 il əvvəl o rəşadətli addımı atmasaydı, bu gün müstəqil Azərbaycan dövləti olmazdı...".

Onun sözlərinə görə, bu gün televizorlara kimin şəkilinin vurulmasından asılı olmayaraq, bu dövləti quran həmin qurucu babalardır: "Qurucu babalarımızı xatırlayırıq. Məhəmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoylunu, Nəsib bəy Yusifbəylini və digərlərini xatırlayırıq".

Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

İstiqlal abidəsinin ziyarəti...

Bəzi siyasi partiyaların, o cümlədən ReAL Partiyasının təmsilçiləri də bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyi ilə bağlı Bakıda İstiqlal abidəsini ziyarət ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi ilə bağlı həm Prezident İlham Əliyev və həm də bir çox rəsmilər də xalqı təbrik edib.

23 aylıq fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib. Cümhuriyyətin bir çox qurucuları işğaldan sonra Azərbaycandan mühacirət etmək məcburiyyətində qalıblar.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

1992-ci ildən Azərbaycanda mayın 28-i Respublika Günü kimi qeyd edilir.

XS
SM
MD
LG