Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 14:28

Yeni texnologiyalar Qurban bayramını necə dəyişir


Tehranda qurbanlıq qoyunun çəkisini ölçür

Pakistan, Yəmən və Əfqanıstan kimi ölkələrdə bayramı qeyd edənlər birbaşa bazarlara gedib qurbanlıq heyvanları seçərək kəsdirirlər. Müsəlman dünyasının başqa yerlərində isə alqı-satqı prosesi belə bəsit olmaya bilər. Yaxın Şərqin bir çox ölkələri bayramlıq heyvanları Somali, Hindistan, Rumıniya və hətta Avstraliya kimi ölkələrdən idxal edirlər. Suriya hazırda Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə Körfəz ölkəsi ilə siyasi böhran şəraitində olan Qətərə 12 min 500 qoyun göndərib. Qoyunlar Livandan Qətərə hava yolu ilə gətiriləcək.

ƏTİ QAPINIZA DA GƏTİRƏ BİLƏRLƏR

Dubayda siz yaxşı bir Avstraliya qoçu almaq istəyirsinizsə, onu tapıb kəsdirməyə yarım gün vaxt sərf etmənizə gərək yoxdur. Küveytin «Al-Mawashi» şirkətinə məxsus mobil əlavə sizə internetdən istədiyiniz sayda qoyun almaq imkanı verir. İslam qayda-qanunu ilə kəsilmiş və paylara bölünmüş ətlərinizi seçdiyiniz «smart» qəssabxanalardan götürə bilərsiniz...

***Buna da bax-Moskvada Qurban bayramına 200 min adam gəlib (fotolar)

Bayram qaçaqaçında əti götürməyə vaxtınız yoxdursa, «Al-Mawashi» onu sizin qapınıza gətirə bilər.

İnsanlar yeni media vasitəsilə din alimlərindən həyatın ən müxtəlif sahələrinə dair qayda-qanunlarla bağlı məsləhət alırlar. Kimsə Quran ayələrinin mobil telefona zəng melodiyası qoyulmasının düzgün olub-olmadığını soruşur. Din alimi isə cavab verir ki, bu yanlışdır. Çünki melodiya yarımçıq kəsilə bilər. Quran ayəsini yarımçıq kəsməksə günahdır. Yaxud da insanın telefonu o hamamda olduğu zaman zəng çala bilər. Bu zaman da melodiyanın Quran ayəsi olması düzgün deyil.

İstənilən mövzunu əhatələyən bu kimi çoxsaylı «yeni media» fətvaları mühafizəkar din xadimlərinin müqavimətiylə üzləşir. Onlardan bəziləri yeni texnologiyaları öz nüfuzlarına təhlükə sayırlar.

Tehran məscidində qadın telefondan dua oxuyur.
Tehran məscidində qadın telefondan dua oxuyur.

İSLAMİ ƏXLAQ ÇƏRÇİVƏSİ

Tanınmış iranlı İslam alimi Seyyed Hossein Nasr 2005-ci ildə oxuduğu «İslam, müsəlmanlar və müasir texnologiya» başlıqlı mühazirəsində televiziya, internet və mobil telefonlardan tamamilə imtina etmədən Qərbin yeni texnologiyalarına tənqidi gözlə baxmağı təbliğ edib. O, ənənələrin əhəmiyyətini qabardıb: kütləvi istehsalın İran xalçaları və hind sariləri kimi ənənəvi olaraq əllə hazırlanan mallara üstün gəlməsinə imkan vermək olmaz. Müsəlman dünyasında Qərb memarlığı ilə yanaşı, İslam memarlığı və şəhərsalması da tədris olunmalıdır.

***Buna da bax-Dağıstanda bayramın sentyabrın 1-nə düşməsi qalmaqal yaradıb

Pakistanın Kəraçi şəhərində yerləşən Biznes İdarəetməsi İnstitutunun fəlsəfə və din professoru Amana Raquib texnologiyanın dəyərləndirilməsi üçün islami əxlaq çərçivəsinin işlənib hazırlanmasını vacib sayır. O, 2016-cı ildə yazdığı bir məqalədə İslam dəyərlərinin müasir texnologiyalara tətbiqinin bir neçə yolunu təklif edir. Alim yazır ki, tamah və xudbinliyi təbliğ edən texnologiya İslam dəyərlərinə ziddir. O, gen terapiyası kimi yeni texnologiyaların da İslam əxlaqına uyğun gəlmədiyini deyir. O bu fikrini belə texnologiyaların insanın ilahi qüvvə tərəfindən yaradılmış təbiətinə zidd olmasıyla izah edir.

TƏBİİ İNKİŞAF

Ancaq təkcə qurbanlıq heyvan sifarişinə kömək edən mobil əlavələr müasir texnologiyanın İslam adətlərinə nə dərəcədə nüfuz etdiyini görməyə yetir. Dubayda fəaliyyət göstərən şirkət yeni ola bilər, ancaq müsəlmanlar artıq çoxdan qurbanlıq heyvanları məsafədən sifariş edirlər. Müsəlmanların xaricdə yaşayan qohumlarına qurban payı göndərməsinə imkan verən çoxsaylı xidmətlər var. Onlardan bəzilərinin ta internet yeni yaranandan bəri onlayn sifariş forması var.

«Bunlar maraqlı ideyalardır, çünki ənənəvi prosesin bir hissəsini aradan qaldırır. Siz bunu telefonunuzda növbəti əlavə saya bilərsiniz, ancaq böyük, məşğul ailələr üçün bu, təbii inkişafdır», – Uels Triniti Seynt Devid Universitetinin İslam elmləri professoru Gary Bunt deyir.

Beyrutdakı Amerika Universitetinin siyasi elmlər professoru Hilal Khashan-sa deyir ki, hətta texnologiyanın gündəlik həyatın bütün sahələrinə nüfuz etdiyi bu uzun illər ərzində də Qurban bayramının əsas ayinləri ciddi dəyişməyib. Dördgünlük bayramın ilk səhəri bayram namazı üçün məscidə gedilir. Müsəlmanlar bayramlaşmağa qohumlarını ziyarət edir, bir-birinə hədiyyələr verir, ənənəvi yemək və şirniyyatlar hazırlayır, imkanı olanlar qurban kəsib paylayır.

«Keçmişdə adamlar bir-birinə açıqca və məktub göndərərdilər. İndi isə hamı WhatsApp-da bayram təbriki göndərir», – Khashan deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG