Ölkədə 300 yeni yarım-intensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır.
AZƏRTAC-ın məlumatına görə, bu barədə iyunun 12-də Göygöldə keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib.
O vurğulayıb ki, 2026-2030-cu illəri əhatə edən yeni Dövlət Proqramında qoyunçuluq sektoru xüsusi yer tutur: "2030-cu ilədək qoyun əti istehsalının azı 9 faiz artırılması, heyvanların sayının 10 faiz yüksəldilməsi və özünütəminetmə səviyyəsinə nail olunması nəzərdə tutulur. Bu istiqamətdə 300 yeni yarım-intensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır. Bu, ənənəvi qoyunçuluqdan daha məhsuldar və daha yaxşı idarəolunan modelə keçid deməkdir".
Fermerlərin şikayətlərinə görə, təqribən 10-12 il əvvəl Azərbaycanda çox sayda qoyunçuluq təsərrüfatı dağılıb. Fermerlər buna səbəb kimi onların çoxillik icarəyə götürdükləri otlaq torpaqlarının əllərindən alınmasını göstərirlər. Bütün bunlar ölkədə pambıqçılığın yenidən inkişaf etdirilməsi fonunda baş verirdi.
Rəsmilər isə o dövrdə iddia edirdilər ki, torpaqların pambıqçılığa ayrılması ölkədə həm daha çox iş yerlərinin təmin edilməsinə, həm də gəlirlərin artmasına rəvac verəcək.
Nəticədə son 10 ildə ölkədə qoyun və keçi sayında kəskin azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2016-cı ildə ölkədə 8 milyon 677 mindən çox qoyun-keçi olduğu halda, ötən il bu rəqəm 6 milyon 896 minə qədər düşüb. Bu azalma fonunda son 10 ildə ölkədə qoyun və keçinin qiyməti təqribən iki dəfə bahalaşıb.