Keçid linkləri

2025, 12 May, Bazar ertəsi, Bakı vaxtı 23:20

Qoşulmama Hərəkatının sammitində yaşananlar


Milorad Dodik (arxiv fotosu)
Milorad Dodik (arxiv fotosu)

Milorad Dodik əhalisinin əksəriyyəti serb olan Srpska Republikasını, habelə müsəlman və xorvat federasiyasından ibarət olan Bosniyanı xaricilərin "protektoratı" adlandırıb

Bosniya serblərinin lideri Milorad Dodik oktyabrın 11-də Qoşulmama Hərəkatının sammitində çıxış edib. O, 25 il əvvəl imzalanmış sülh müqaviləsinin Bosniya-Herseqovinanın idarəçiliyində əsas götürülən mülki aspektlərinə nəzarət edən Ali Nümayəndə postunu sorğulayıb.

Bosniya etnik prezident üçlüyünün üzvü olan və separatçı sayılan Dodik bildirib ki, Ali Nümayəndənin Ofisi "qanunsuzdur" və Qərb ölkələri Bosniyaya “həll yolları sırıya” bilməzlər.

“Xaricilərin protektoratı”

O, əhalisinin əksəriyyəti serb olan Srpska Republikasını (Bosniya Serb Respublikası), habelə müsəlman və xorvat federasiyasından ibarət olan Bosniyanı xaricilərin "protektoratı" adlandırıb.

Dodik Serbiya paytaxtında keçirilən, Qoşulmama Hərəkatının ilk konfransının 60-cı ildönümünə həsr olunmuş iki günlük sammitdə çıxış edib. Hərəkatın ilk konfransı da 60 il əvvəl Belqradda keçirilmişdi.

Sammiti hərəkatın hazırkı sədri Azərbaycan idarə edir. Tədbirdə Hindistan və Türkiyə də daxil olmaqla 105-dək ölkənin nümayəndələri iştirak edir.

Hazırda Bosniyadakı Ali Nümayəndə vəzifəsini almaniyalı Kristian Şmidt icra edir. O bu vəzifəni avqustun 1-də avstriyalı diplomat Valentin Inzkodan təhvil alıb. Dodik, Moskva da daxil olmaqla müttəfiqlərinin dəstəyilə bu postun ləğvinə çalışır.

Dodik sammitdə Bosniya prezidentliyini təmsil edən yeganə iştirakçıdır. Ötən ay Serbiya polisinin bir keçmiş Bosniya rəsmisini mütəşəkkil cinayətə dəstək ittihamı ilə həbs etməsindən sonra onun xorvat və boşnak həmkarları Belqrada gəlməkdən imtina ediblər.

“Serb dünyası”

Serbiya prezidenti Aleksandar Vuçiç sammitdə giriş çıxışında belə deyib: "Belqrad sülh mesajı daşıyanlara ev sahibliyi edib, edir və edəcək”. O əlavə edib ki, Serbiya “çoxtərəflilik ideyasının dəstəkçisidir”.

Bəzi Serbiya rəsmiləri hələ də “serb dünyası” ifadəsini işlədir. Bu ifadə 1990-cı illərdə Yuqoslaviyanın parçalanmasından sonra serb azlığının yaşadığı qonşu Balkan ölkələrinə şamil olunur. Belqradın bu ideya çərçivəsində Dodikə davamlı və güclü siyasi dəstək verdiyi bildirilir.

Dodik dəfələrlə Srpska Republikasının Bosniyadan ayrılaraq müstəqil olmasına çağırış edib.

Vuçiç ölkəsinin 2008-ci ildə müstəqillik qazanmış və Belqradın hələ də tanımadığı Kosovo ilə “dialoqa sadiq” olduğunu deyib.

O, Serbiyanın öz suverenliyi və ərazi bütövlüyü üçün vuruşduğunu, “beynəlxalq hüququ və BMT prinsiplərini müdafiə etdiyini” deyib.

“Dialoqun alternativi yoxdur”

Serbiya və Kosovo arasında münasibətlərin normallaşdırılması istiqamətində Avropa Birliyinin vasitəçiliyi ilə aparılan on illik danışıqlar uzun fasilədən sonra yenidən başlayıb. Ancaq ötən ay avtomobil nömrələrinin tanınmasıyla bağlı gərgin sərhəd mübahisəsi bu məsələnin hələ də tərəflər üçün nə qədər emosional yük daşıdığını nümayiş etdirib.

"Dialoqun alternativi yoxdur və beynəlxalq ictimaiyyətin dəstəyi uğurun açarıdır", – Vuçiç deyib.

O bildirib ki, "qoşulmayanlar" Soyuq müharibə zamanı dünyada sülhün qorunub saxlanmasında mühüm rol oynayıblar. Prezident bunu “uğur hekayəsi” adlandırıb. O əlavə edib ki, “içində yaşadığımız dinamik dəyişikliklər dünyasında” yeni addımlar atmaq zamanıdır.

Qeyd edək ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. 2016-cı ildə isə təşkilatın 2019-2022-ci illər üçün sədri seçilib.

XS
SM
MD
LG