Azərbaycanda pambıqçılıq, qaz təchizatından şikayətlər, kanalizasiyasız kəndlər və başqa məsələlər medianın toxunduğu mövzularındandır...
“Azəriqaz”a şübhə
“Yeni Musavat ” qəzeti-ndə "Redaktorlardan “Azəriqaz”a təklif: “Qəza baş verən yerləri bizə göstərin”"sərlövhəli yazını oxumaq olar.
Yazıda bildirilir ki, son vaxtlar ayrı-ayrı qəsəbələrdə əhaliyə təbii qazın verilməsində fasilələrin sayı artıb və bu insanlarda yetərincə qıcıq doğurub. Müəllifin qeyd etməsinə görə, “Azəriqaz” İstehsalat Birliyi-ndən (İB) bu fasilələrin payız-qış mövsümünə hazırlıqla bağlı aparılan təmir işləri ilə əlaqədar olduğu bildirilir. Amma yazıda vurğulandığına görə, 9-10 saatlıq fasilələr və daha sonra təbii qaz əvəzinə bir neçə dəqiqə xətdən hava gəlməsi abonentlərin etirazına səbəb olub:
“ Qaz xəttindən 15 dəqiqədən artıq bir müddətdə davam edən hava axını həm də sayğacdan müvafiq məbləğdə pulun silinməsi ilə nəticələnir ki, bu da vətəndaşları ziyana salır. Digər tərəfdən bəzi ekspertlər bu fasilələrin məhz “Azəriqaz” İB-nin apardığı təmir işləri ilə bağlı olduğuna şübhə ilə yanaşır, bunun qurumun yol verdiyi itkilərin gizlədilməsi üçün atılan addım olduğunu qeyd edirlər”
Yazıda ardinca da belə bir sual verilir :
“Bəs nə üçün qurum jurnalistlərin iştirakı ilə mediatur keçirmir?”
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Səfərov bildirib ki, təmsil etdiyi qurumda jurnalistlər üçün infotur təşkil edilməsi ilə bağlı hər hansı problem yoxdur:
“Qarşıdakı bayram günlərində “Azəriqaz” tərəfindən heç bir təmir işi aparılmayacaq. Əhali fasiləsiz olaraq təbii qazla təmin olunacaq. Bayram günlərindən sonra isə jurnalistlərin iştirakı ilə birgə infotur təşkil etməyə hazırıq, təmir aparılan yerlərə gedək, çəkiliş edək, işlərin gedib-getməməsi ilə tanış olaq…”
“Teleqraf” holdinqin rəhbəri Aynur Camal isə qəzetə deyib ki, bu infoturlar medianın gözündən pərdə asmaq üçün olmamalıdır:
“Biz demək olar ki, hər gün əhalidən, ayrı-ayrı insanlardan təbii qazla bağlı şikayətlər eşidirik. İnsanları boş yerə bu qədər incitmək, dövlətdən, iqtidardan narazı salmaq yolverilməzdir. Biz təbii qazı istehsal edən ölkəyik, qonşu ölkələrə qaz satırıq, ancaq öz vətəndaşlarımız bununla bağlı problemlər yaşayır…”
“Çirkabdan boğulan kənd”
"Bakupost.az" saytı-nda "Yaşmanın “kanalizasiya yaşmağı” – Üfunətdən, çirkabdan boğulan kənd" sərlövhəli yazı yer alıb.
Yazıda qeyd edilir ki, Xızı rayonunun Yeni Yaşma kənd sakinləri dözülməz vəziyyətdə yaşayır. Sakinlərdən sayta bildirilib ki, 30 ildir, kəndin kanalizasiya xətti yoxdur:
“ Bakıdan 50 km məsafədə yerləşən bu kənddə 300 ev var, 500-dən çox ailə yaşayır, amma bir dənə də olsun kanalizasiya borusu yoxdur. Kənd demək olar ki, çirkab suların içində üzür, antisanitariya baş alıb gedir. Kənd sakinləri üfunətdən yaşaya bilmədiklərini, uşaqların tez-tez müxtəlif vuruşlara yoluxduğunu deyirlər”.
Yazıda vurğulandığına görə, mövcud vəziyyətlə bağlı sakinlər dəfələrlə aidiyyəti qurumlar qarşısında məsələ qaldırıblar, hətta icra nümayəndəliyinin qarşısında piket keçiriblər, amma nəticə yoxdur. Müəllifin bildirməsinə görə, sakinlər habelə iddia ediblər ki, icra hakimiyyəti rəhbərliyi bu acınacaqlı vəziyyətin həll olunmasına çalışmaq əvəzində problemi qaldıran şəxslərə təzyiqlər edir:
"… Bir səlahiyyətli adam çıxıb demir ki, bu iyrənclik nə vaxt aradan qaldırılacaq”.
Yazıda qeyd edildiyinə görə, "Azərsu” Açıq Səhimdar Cəmiyyəti-ndən sayta bildirilib ki, kəndin su problemi ötən il həllini tapıb, kanalizasiya məsələsi isə hələlik gündəmdə deyil. Sakinlərin dediklərinə, rayon icra hakimiyyətindən isə münasibət almaq mümkün olmayıb.
"Qabaqcıllıq ”
“Azərbaycan” qəzeti-ndə isə “Qabaqcıllıq nümunəsi” sərlövhəli yazı dərc edilib.
Yazıda pambıqçılıqdan bəhs edilir. Müəllif yazır ki, pambığı təsadüfən "ağ qızıl” adlandırmayıblar. Yazıda vurğulandığına görə, taleyini torpağa, halal zəhmətə bağlayan kəndli üçün pambıq yaxşı dolanışıq, xoş güzəran mənbəyi olub:
“ Təəssüf ki, bu gəlirli sahə 1990-cı illərin əvvəllərindən başlayaraq unudulmuş, sovet dövrünün qalığı kimi ona arxa çevrilmişdi. Kənd təsərrüfatında bu strateji sahəni inkişaf etdirməyə dövlət səviyyəsində uzun illər boyu maraq göstərilməmiş, zaman-zaman formalaşmış pambıqçılıq mədəniyyəti tənəzzülə uğramışdı”.
Yazıda qeyd edilir ki, Prezident İlham Əliyev kənd təsərrüfatında ənənəvi sahələri, xüsusilə pambıqçılığı dirçəltmək, inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə çağırış edib:
“ Bu, ölkənin aqrar sektorunda inqilaba bərabər dönüş oldu. Sanki kəndlərin üstünə gün doğdu, kənd camaatının qırışığı açıldı”
Müəllif daha sonra ölkədə pambıqçılığın inkişafını Tərtər rayonunun nümunəsində dəyərləndirir:
“2015-ci ildə rayonun təsərrüfatlarında 550 hektar sahədə pambıq əkilmiş, 893 ton məhsul istehsal edilmiş, hər hektarın orta məhsuldarlığı 16 sentner olmuşdur. 2018-ci ildə pambıq əkini sahələri artırılaraq 3300 hektara, məhsul istehsalı 8196,5 tona, məhsuldarlıq isə 25 sentnerə çatmışdır. Müqayisə edilən dövr ərzində rayonda pambıq əkini sahələri 6,2 dəfə genişlənmiş, məhsul istehsalı 9,2 dəfə artmış, məhsuldarlıq 1,5 dəfə yüksəlmişdir”.
Yazı bu cümlələrlə də sona çatır:
“Tərtərlilər Qarabağ savaşında olduğu kimi, əmək meydanında da qəhrəmandırlar. Yəni hədəflərə çatmaq, pambıqçılıqda daha yüksək zirvələr fəth etmək üçün rayonun əmək qabiliyyətli hər bir sakini öz qüvvə və bacarığını əsirgəmir. Halallıq sevən torpaq isə heç zaman borclu qalmır”.