Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:21

Qaçan dustaqlara yardımda suçlanan müğənni həbsdə qaldı


Fədayə Laçın qaçan dustaqlardan biri, münasibəti olduğu bildirilən «Qoca» ləqəbli Etibar Məmmədova yardım etməkdə suçlanır.
Fədayə Laçın qaçan dustaqlardan biri, münasibəti olduğu bildirilən «Qoca» ləqəbli Etibar Məmmədova yardım etməkdə suçlanır.

Həbsdə olan müğənni Fədayə Məmmədova (Laçın) dekabrın 13-də məhkəmə önünə çıxarılıb. Nəsimi Rayon Məhkəməsində onun ev dustaqlığına buraxılması haqda vəsatətə baxılıb. Qapalı keçirilən məhkəmədə müğənninin özü də iştirak edib.

Məhkəmə haqda AzadlıqRadiosuna müğənninin vəkili Türkel Süleymanlı məlumat verərək bildirib ki, vəsatətə hakim Babək Pənahov baxıb. Müdafiəçinin sözlərinə görə, müğənni özü də məhkəmədə deyib ki, istintaqdan yayınmaq, qaçıb gizlənmək niyyətində deyil. Onun sözlərinə görə, istintaqa dəvət olunanda da özü gedib, zorla kimsə gəlib aparmayıb.

***Buna da bax-'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

Fədayə Laçın eyni zamanda, himayəsində xəstə anası və övladının olduğunu söyləyib, ev dustaqlığına buraxılması haqda vəsatətin təmin olunmasını istəyib.

Amma hakim müğənnini ev dustaqlığına buraxmaqdan imtina edib – vəsatət təmin olunmayıb.

T.Süleymanlı deyir ki, bu qərardan apellyasiya şikayəti veriləcək. Vəkilin sözlərinə görə, F.Laçın ciddi xəstəlikdən əziyyət çəkir.

«Ümid edirik ki, apellyasiya şikayətimiz təmin olunar. Yox, əgər təmin olunmasa, o zaman müvəkkilimin saxlanıldığı istintaq təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi üçün müraciət edəcəyik», – müdafiəçi bildirib.

Xatırlatma

F.Məmmədova 2017-ci il oktyabrın 23-də iki dustağın Lənkəran Ağır Cinayətlər Məhkəməsindən gətirilərkən qatardan qaçmasına görə başlanmış cinayət işi üzrə həbs olunub. Ona CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və ilkin istintaq dövrü üçün barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

***Buna da bax-'Lotu Quli'nin cəzalandırılan qohumu: 'Belə ölkə olar?!'

Müğənni qaçan dustaqlardan biri, münasibəti olduğu bildirilən «Qoca» ləqəbli Etibar Məmmədova yardım etməkdə suçlanır.

37 yaşlı E.Məmmədov noyabrın 2-nə keçən gecə onun tutulması üçün keçirilən əməliyyat zamanı öldürülüb. 1989-cu il təvəllüdlü digər dustaq Əli Ağami isə hadisədən üç gün sonra - oktyabrın 26-da Şirvanda həbs edilib.

Onların hər ikisi qətl törətməkdə təqsirləndirilirdi. Noyabrın 14-də qətl hadisəsinə görə Əli Ağamiyə hökm oxunub - 19 il azadlıqdan məhrum edilib.

Ə.Ağami eyni zamanda, vaqondan qaçma ilə bağlı cinayət işi üzrə də təqsirləndirilir. Bu cinayət işində Ə.Ağami, F.Laçınla yanaşı, Penitensiar Xidmətin vəzifəli şəxsləri də təqsirləndirilir, onlar da həbs olunub.

XS
SM
MD
LG