Penitensiar Xidmət Qobustan həbsxanasında Nardaran məhbusları - "Müsəlman Birliyi" hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynovun təzyiqlərə etiraz olaraq, aclıq aksiyası keçirməsi barədə məlumatları təkzib edir.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, istər onların işgəncəyə məruz qalması, istərsə də aclıq aksiyası keçirmələri haqda xəbərlər doğru deyil:
"Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində hər hansı bir məhkuma qarşı işgəncə, yaxud insan ləyaqətini alçaldan hərəkətlərə yol verilmir. Hazırda cəza çəkənlər tərəfindən heç bir aclıq aksiyası da keçirilmir".
İlahiyyatçı Taleh Bağırovun xanımı Leyla İsmayılzadə isə deyir ki, onlara həbsxanadan həm həyat yoldaşının, həm də Abbas Hüseynovun aclıq etməsi barədə məlumat daxil olub.
Leyla İsmayılzadənin sözlərinə görə, Taleh Bağırovun ötən bir həftə ərzində telefon zəngi hüququndan istifadə etməməsi, evlə əlaqə saxlamaması onun aclıq etməsi haqda deyilənlərin doğru olduğunu düşünməyə əsas verir.
"Penitensiar Xidmət olan hadisələri də təkzib edir. Təzyiqlərlə əlaqədar bir müddət əvvəl Penitensiar Xidmətdə qəbulda oldum, hətta nümayəndə gedib həbsxanada özü ilə də görüşmüşdü. Amma yenə də olanları təkzib etdilər", – Leyla İsmayılzadə Penitensiar Xidmətin aclıq aksiyası barədə xəbərləri təkzib etməsinə münasibət bildirərkən deyib.
Xatırlatma
“Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib.
40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseynov birinci qrupda “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində, tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.
Polislər isə işgəncə iddialarını təkzib ediblər.