Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Qobustan həbsxanasından ‘aclıq aksiyası’ xəbəri var


Qobustan həbsxanası
Qobustan həbsxanası

Qobustan həbsxanasında saxlanılan Nardaran məhbusları – “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynovun orada təzyiqlərə etiraz olaraq, aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə AzadlıqRadiosu-na adları çəkilən məhbusların ailələri məlumat verib.

İlahiyyatçı Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə deyir ki, sonuncu dəfə onunla yanvarın 28-də danışıb. Həmin vaxt Taleh Bağırov ona qarşı təzyiqlərin davam etdiyini, bunlara son qoyulmasa, aclığa başlayacağını deyib:

“Həftənin cümə axşamı (yanvarın 31-də-red.) onun telefon zəngi günü idi, amma zəng eləmədi. Onda ehtimal elədim ki, ya aclığa başlayıb, ya da onu “karsa” salıblar. Fevralın 1-də vəkil onunla görüşə gedib, orderin müddətinin bitdiyini bəhanə edib, buraxmayıblar. Amma vəkilə deyiblər ki, yox, aclıq eləmir. Amma fevralın 4-də Abbas evlərinə zəng edəndə həm özünün, həm də onun aclıq aksiyası keçirdiyini bildirib”.

Abbas Hüseynov yaxınlarına deyib ki, Taleh Bağırov artıq beş gündür aclıq edir, özü də iki gündür aksiyaya başlayıb.

Həyat yoldaşının durumundan narahat olan Leyla İsmayılzadə fevralın 4-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə də müraciət edib.

Abbas Hüseynovun yaxınları da onun telefonla aclıq xəbərini çatdırdığını təsdiqləyiblər. Bildiriblər ki, Abbas bu barədə danışarkən yanında olan həbsxana nəzarətçiləri ona fikrini başa çatdırmağa imkan verməyiblər.

Penitensiar Xidmət isə Qobustanda aclıq aksiyası barədə xəbəri nə təsdiq, nə də təkzib edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosu-na deyib ki, iş günü başa çatdığından xəbəri dəqiqləşdirmək mümkün deyil. Fevralın 5-də məsələni araşdırıb bu haqda məlumat verəcək.

Xatırlatma

“Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunublar. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseynov birinci qrupda “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Taleh Bağırov və Abbas Hüseynov hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə işgəncə iddialarını təkzib ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG