Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:04

Hava qaralan kimi “yoxa çıxan” kəndlər


Qaz olmayanda Qızıldaş qəsəbəsində evlərdə odun yandırılır.
Qaz olmayanda Qızıldaş qəsəbəsində evlərdə odun yandırılır.

Qəsəbələrin yolları elə acınacaqlıdır ki, buralardan yolu düşən fikirləşir, geri qayıda bilməyəcək. Bir az yağış yağanda torpaq yollar palçığa dönür.

Gözlə

No media source currently available

0:00 0:01:21 0:00
Direct-ə keçid

Boz, qəhvəyi dağların, təpələrin arasına sığınmış evlər uzaqdan görünmür. Hər tərəf düzənlikdir. Palçıqlı yollarla yaxınlaşdıqca qaraltılar evlərə çevrilir. Küçələrdə tək-tük adam da gözə dəyir.

Bura Qaradağın ucqar yaşayış yerlərindən olan Qızıldaş və Buta qəsəbələridir. Taksi sürücüsü Valeh Bağlrov deyir ki, keçən ilin mayında Bakıda Tour De Azerbaijan beynəlxalq velosiped yarışları keçiriləndə buranın yolları adam görmüşdü. Qəsəbələrdən xeyli uzaq olsa da, veloyürüşçülər buralardan keçmişdi:

Qızıldaşa gedən yollar
Qızıldaşa gedən yollar

“Yoxsa, bu yerlərə kənar adam gəlmir. Gözdən-könüldən uzaq yerlərdir”.

Sürücü özü Lökbatan qəsəbəsində yaşasa da, buralara ara-sıra müştəri gətirir. Deyir, bu ərazilərin camaatı kasıb olduğundan taksiyə minən tək-tük olur:

“Müştəri hərdənbir olur. Bizim işimiz iş deyil ki. Adam düşəndə hərdən bu yaxınlıqdakı həbsxanalara gedirik. Camaat çox kasıbdır. Başqa iş olsaydı, işləyərdim. Benzin də od qiymətinədir...”

Buna da bax: Çörəyi daşdan çıxanlar (Fotoqalereya)

Palçıqlı yollarla...

Qəsəbələrin yolları elə acınacaqlıdır ki, buralardan yolu düşən fikirləşir, geri qayıda bilməyəcək. Bir az yağış yağanda torpaq yollar palçığa dönür. Kanalizasiya sistemi olmadığından çirkab gölməçələri addımbaşı rastına çıxır:

“Kanalizasiya yoxdur. Guya özümüz nəsə düzəltməyə çalışırıq. Ancaq bizim gücümüzdə olan şey deyil axı,” deyən cavan oğlan yaşadığı küçəni təmizləməyə çalışır.

Buna da bax:3 həbsxanaya gedən əzablı yollar...

Kanalizasiyasız Qızıldaş qəsəbəsindən görüntü.
Kanalizasiyasız Qızıldaş qəsəbəsindən görüntü.

“Qaz yoxdur, taxta yandırırıq”

Qəsəbənin kənar hissələrində havalar soyuyandan işıq-qaz problemi də artıb. Əlində taxta parçaları daşıyan qadın deyir ki, başqa əlacı qalmayıb. Yoxsa yemək bişirə bilməz:

“Qaz yoxdur. Dünən axşam işıq da yox idi. Bir stəkan çay da içə bilməmişik”.

İşıq, qaz, yol problemləri kimi əhalinin ən yaralı yerlərindən biri də işsizlikdir. Yaxınlıqdakı daş karxalanalarında işləyənlər bu mənada xoşbəxt sayılır. Heç olmasa, işləri var deyə. Qalanlar isə işsizdir. Karxanadan işdən qayıdan Məhərrəm Vəliyev deyir ki, son vaxtlar daşdan da çörək çıxmır:

“Camaatda pul yoxdur. Ancaq birtəhər çörəkpulu qazanmaq üçün işləyirik”.

Buna da bax:Banka borcu olub həbsdən qorxanlara «yol xəritəsi»

Qızıldaşın ara küçələri
Qızıldaşın ara küçələri

Daşların toz-dumanı hər tərəfə çöküb

Daş karxanaları qəsəbələrin kənarında yerləşdiyindən küləkli hava toz-torpağı buraya gətirir. Camaat danşır ki, yay-qış nəfəs ala bilmirlər. Ancaq neçə illərdir bu vəziyyətdə yaşadıqlarından toz-torpağa çoxdan alışıblar. Qızıldaş sakini Familə Zeynalova deyir, ağır yaşayış şəraiti onlara o qədər üstün gəlib ki, toz-duman yadlarına da düşmür:

“Bütün günü öskürürəm. Hamısı o karxanaların tozudur. Çiyərlərim ağrayır. Ancaq başqa yerə köçməyəcəyəm ki. Bir də biz öyrəşmişik. Gündəlik qayğılarımız o qədər çoxdur ki, heç toz-duman vecimizə deyil”.

Qaradağ rayonunun Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi İlham Yusifov deyir ki, çətinlikləri işsizlik, bir də yolla bağlıdır:

“İşsizlik çoxdur. Buranın camaatı əsas daş karxanalarında işləyir. Onların da çoxu bağlanıb. İşıqda-qazda problem yoxdur. Yollarımızın problemi var. Ancaq yəqin onu da yaxın vaxtlarda proqrama salıb təmir edərlər”.

Hava qaraldıqca qəsəbənin kiçik, kasıb evləri qaranlıq təpələrin içində itib-batır. Taksi sürücüsü burdan tez getməyə çalışır. Tez-tez də xəbərdarlıq edir: “Gec qalsaq, qaranlıqda palçıqdan çıxa bilmərəm”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG