Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 03:34

Qız uşaqlarının abortunu tələb edən namus?


8 Martda xanımlar arasında qarşıdurmanı kim yaratdı?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

8 Martda xanımlar arasında qarşıdurmanı kim yaratdı?

Bəzi beynəlxalq təhlillərə görə Azərbaycan cinsi selektiv abortların faizində yalnız Çindən geridə qalır.

Guardian hələ 2016-cı ildə yazırdı ki, Azərbaycandan sonra bu sahədə üçüncü yeri Ermənistan tutur.

“Cinsi selektiv abort” ifadəsinin adi dildə təfsiri qız uşağı döllərinin məqsədli şəkildə abortudur.

Bu o deməkdir ki, Azərbaycanda qız uşaqları kütləvi şəkildə abort edilir. Əsas səbəb ailələrin, əsasən də ailə başçısının və onun qohumlarının oğlan övladı istəməsidir.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova martin 7-də ONA agentliyinə deyib ki, son zamanlar qız uşaqlarının sayı azalır və bu təbii hal deyil.

Hicran Hüseynova
Hicran Hüseynova

Hicran Hüseynova deyib ki, bir çox ailə qız uşaqlarının dünyaya gələcəyini biləndə, hamiləliyi dayandırır:

"Bunun mənfi tərəfləri var. Biz bu məsələni müvafiq qurumlar qarşısında qaldırdıq, lakin bu, qanunla tənzimlənən məsələ deyil. Maarifləndirmə işi aparılmalıdır. Biz komitə olaraq bunu edir və əhalinin bu məsələdə diqqətini cəlb edirik".

"Belimə belimə döyürdülər ki, uşaq açılsın, düşsün..."

Dünya Bankının 2017-ci il hesabatına görə, Azərbaycan qız uşaqlarının oğlan uşağından az doğulmasına görə dünyada lider ölkələrdəndir. Azərbaycan və Ermənistanın bu hesabatda əmsalı eynidir. Bu iki ölkədən sonra qızların az doğulduğu ölkə Hindistandır.

Mütəxəssislər inanırlar ki, qızların az doğulmasına səbəb onların cinsinə görə abort olunmasıdır.

Keçən ilin fevralında AzadlıqRadiosuna danışan Elnaz Cavadova deyir ki, əri və qaynanası biləndə ki, ikinci qıza hamilədir, onu abort etməyə məcbur ediblər:

“Döymək də sözdürmü? Hətta qarnıma təpiklə o qədər vurdular ki… Stolun ayağını qırıb belimə belimə döyürdülər ki, uşaq açılsın, düşsün. Amma şükür ki, Allah bu uşağı saxladı”.

Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, onların təşkilatına müraciət edən qadınlar arasında qıza hamilə olduğuna görə, təzyiqlərə məruz qalan qadınlar var. Mehriban Zeynalova deyir ki, təzyiq edən kişilərin və başqa ailə üzvlərinin əsas göstərdiyi səbəblər bunlardır:

“Kimsə bunu iqtisadi amil kimi qiymətləndirir, kimsə bunu evdə sadəcə olaraq uşağın çoxluğu kimi qiymətləndirir. Kimisi deyir ki, qız uşağı nəzarət baxımından çətindir. Kimisi köhnə adətlərə qayıdıb deyir ki, qız uşağı onun namus məsələsidir və bu dəqiqə o namusu qorumaq çətindir. Hərədə bir əsas olacaq”.

Selektiv abort cinayət sayılmalıdır

Feminist fəal, hüquqşünas Zaur Qurbanlı deyir ki, Azərbaycanda dölün cinsinin açıqlanması qanunla qadağan deyil, ona görə də valideynlər üç aya qədər dölü abort etdirirlər.

Zaur Qurbanlı deyir ki, qanun dəyişməli, ultrasəs müayinə otaqları nəzarətdə saxlanmalı, abortların səbəbi, motivi müəyyən edilməli, selektiv abortlar, həm valideyn, həm də həkimlər üçün cinayət sayılmalıdır.

Mehriban Zeynalova
Mehriban Zeynalova

Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deyir ki, selektiv abort cinayət hesab olunsa, o zaman evlərdə, qanunsuz abortların sayı arta bilər. Onun sözlərinə görə, həll yollarından biri də qadına münasibətin dəyişməsidir:

“Bu gün qadın çətinlik çəkirsə, öz potensialını reallaşdıra bilmirsə, o zaman əlbəttə ki, selektiv abort da olacaq. Məsələn, bu gün qadının irəli getməsinə törədilən əngəllər nədir?! İstənilən qadını beş dəqiqədə namus məsələsi ilə bağlı ləkələmək olar. Məsələn, iş yerində seksual qısnamalar baş verir, kimlərsə təzyiqlərə məruz qalır. Bəzi stereotiplər imkan vermir ki, qadın bu barədə şikayət etsin, bunu gizli saxlayırlar və ya iş yerini tərk edib gedirlər”.

Mütəxəssislər həm də deyirlər ki, qızların abortunun qarşısı alınmasa, bu problem daha da aktuallaşa, qızların sayı kişilərə nisbətən daha da azala,demoqrafik balans pozula bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG