Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:43

Hökumət yenə süni qiymət artıranlardan danışır [video]


Azərbaycanda qiymətləri süni şəkildə qaldıranlar varmı? Varsa, bunu edən kimlərdir?

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, süni qiymət artımına imkan verməyəcəklər və bu işə prezidentin sonuncu müşavirəsindən sonra daha çox diqqət artırılacaq.

Amma təhlilçilər deyirlər ki, hökumətin bu mübarizəsi faydalı olmayacaq.

Buna da bax:​ Qubad İbadoğlu: 'Qiymət artımı sürətlənəcək'

ReAl-ın icra katibi, iqtisadi təhlilçi Natiq Cəfərli deyir ki, bazar iqtisadiyyatına meydan verən, rəqabət mühiti olan, iqtisadi qanunları normal işləyən ölkələrdə süni qiymət artımı olmur, bu mümkün deyil:

Natiq Cəfərli
Natiq Cəfərli

"Məsələn, mən alma satıram, öz bağımdan yığdığım almanın kilosunu istəsəm lap 100 manata satışa çıxara bilərəm. Amma kimsə məndən bunu almaz, ya da, mən insanları inandırmalıyam ki, bu “cavanlıq almasıdır”, kim yesə cavanlaşacaq. Öz bağımdan, öz ağacımdan yığdığım almanı neçəyə sata biləcəyimi nazirlik necə müəyyən edə bilər?!"

Buna da bax:​ Fermer: 'Qəbələdə sırf monopoliyadır, polis yolda fındığı...' [video]

Keçmiş deputat, sahibkar Nazim Baydəmirli deyir ki, hökumət qiymət artımının əsl səbəblərini müəyyən etmək əvəzinə kiçik bizneslərə qanunsuz reydlər edir.

Nazim Baydəmirli
Nazim Baydəmirli

Mərdan Mehdili deyir ki, 14 ildir Siyəzəndə quş təsərrüfatı ilə məşğul idi. Devalvasiyadan sonra artıq bu iş sərfəli olmayıb deyə, məcbur olub işini dayandırıb. Mehdili deyir ki, sahibkarın əlacı yoxdur deyə qiyməti qaldırır. Belə ki, quşun hər birinin qiymətində maya dəyəri bir manata yaxın qalxıb:

"Təbii ki, ətin qiyməti qalxmalıdır. Quş komponentləri, dərmanlar, yem qatqılarının hamısı xaricdən alınır. Konsentrat da, buğda da. Qiymət artımına səbəb olan başqa bir amil qazın qiymətinin artmasıdır. Artım beş qəpik deyil, üç qəpik deyil. Yəni, bu gəlir onun üstünə, işığın qiyməti gəlir onun üstünə. Bütün bu müxtəlif xərclər üst-üstə yığılır, qiymət təbii ki, belə olmalıdır”.

Buna da bax:​ Ərzaq məhsulları 16 faiz bahalaşıb

Quş əti istehsalı
Quş əti istehsalı

Quş ətinin 1 kilosu devalvasiyadan əvvəl 2 manat idi, indi isə 4 manat 50 qəpiyə qədər yüksəlib.

Satıcılar deyirlər ki, bu artım idxal edilən quş ətinə vergi tətbiq ediləndən sonra baş verib. Yerli toyuq əti daxili tələbatı ödəyə bilmir.

Nazim Baydəmirli deyir ki, qiymətin qalxmasına həm də dövlətin öz qərarı səbəb oldu. Onun fikrincə, maya dəyəri 3.7 qəpik elektriki 11 qəpiyə, maya dəyəri 20 dollar olan 1000 kubmetr qazı 200 manata satmaq elə süni qiymət artımıdır.

Buna da bax: Balıq əhalinin cibinə görə deyil

İdxaldan asılı olan mallar üzrə bir disproporsiya görürük. Dolların manata olan nisbəti 5 faiz artırsa, idxal olunan malların qiyməti 25-30 faiz artır. Başqa ölkələrdə həmin mal ucuzlaşırsa belə, Azərbaycanda bahalaşır.

Nazim Bəydəmirli deyir ki, bahalığın əsas səbəblərindən biri də arxasında məmurların dayandığı inhisarlardır.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə mətbuata müsahibəsində deyib ki, idxalda inhisar yoxdur.

Buna da bax:​ Deputat: 'Bahalanmaya göz yummaq olmaz'

Qeyri rəsmi məlumata görə, Azərbaycanda istehlak malları son bir ildə 2 dəfəyə qədər, Dövlət Statistika Komitəsinin məlumatına görə isə 20 faizə qədər bahalaşıb.

Buna da bax:

Sizcə, qiymətlər niyə qalxır?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG