Ölkədə balıqçılığın inkişafı, bahalaşma, bank sistemində xoş olmayan tendensiyalar və başqa məsələlər medianın toxunduğu mövzulardandır...
“Subyektiv səbəbdən vətəndaşın cibinə girmək ...”
“Modern.az” saytı-nda “Süni qiymət artımı - Deputat narazıdır, Dövlət Xidməti araşdırır ” sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirilir ki, ölkədə əməkhaqlarının artırılması ilə bağlı son sərəncamlardan sonra istehlak mallarının da qiymətlərində artım müşahidə edilir. Müəllifin qeyd etməsinə görə, istehlakçılar bahalaşmanı bir çox çeşiddə məhsullar alarkən daha “yaxşı” hiss edirlər:
“ Təkcə iyul-avqust aylarının müqayisəsində iri mağazalarda, supermarketlərdə ərzaq və qeyri-ərzaq məhsullarının 10-15 qəpik bahalaşdığı aydın görünür...”
Deputat Vahid Əhmədov isə sayta deyib ki, sünü qiymət artımı gözlənən idi:
“... Sentyabrın 1-dən etibarən maliyyə bazarlarına təxminən 2,5 milyard manata yaxın vəsait buraxılıb. Bildiyiniz kimi, maaş artımı olmamışdan sahibkarlar qiymətləri bahalaşdırmağa başlayırlar. Bunların da hamısı obyektiv deyil, subyektiv qiymət artımıdır. Bu gün də elə bir vəziyət yaranıb. Biz də, ailə üzvlərimiz də, vətəndaşlar da bu bahalaşmanı hiss edir. Ona görə də süni qiymət artımına qarşı ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir”.
V.Əhmədov sual edir: “Qiymətlər şişirdiləcəkdisə, əməkhaqları niyə artırılırdı?! Vətəndaş artımı hiss etməyəndən sonra bunun əhəmiyyəti olmaz axı! Ona görə də İqtisadiyyat Nazirliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər aparmalıdır. Mən həmişə demişəm bahalaşma obyektiv və subyektiv ola bilər. Əgər mal-məhsul xaricdən dollarla alınıb gətirilirsə, milli valyutada dəyişiklik olursa, bu, obyektiv bahalaşmaya səbəb olur. Biri də var, subyektiv səbəbdən vətəndaşın cibinə girmək...”
Məsələ ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən saytın sorğusuna cavab olaraq bildirilib ki, istehlak bazarında baş verə biləcək süni qiymət artımının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlər həyata keçirilir.
“Real sektorda risk çox böyükdür”
“Yeni Müsavat” qəzeti-ndə ““Bank sektorunda yeni böhran yetişir” iddiası” sərlövhəli yazı yer alır.
Yazıda qeyd edilib ki, Azərbaycanın bank sektorunda müşahidə olunan bəzi tendensiyaları müstəqil ekspertlər növbəti böhranın əlamətləri kimi qiymətləndirirlər:
“ Bu tendensiyalardan birincisi, banklarda izafi likvid vəsaitlərin həcminin getdikcə artması fonunda biznes kreditlərinin azalmasıdır”.
Müəllifin fikrincə, bank sistemində böhran əlaməti hesab edilən digər məsələ problemli kreditlərin azalma sürətinin kifayət qədər aşağı olmasıdır:
“Mərkəzi Bankın hesablamalarına görə, bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 487,4 milyon manat təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 0,1faiz çoxdur. Lakin ilin əvvəlinə nisbətən problemli kreditlər 6,2 faiz, son bir ildə isə 16,5 faiz azalıb”.
İqtisadçı-ekspert Pərviz Heydərov qəzetə deyib ki, hazırda bankların çoxu əsl bank fəaliyyətini tam yerinə yetirmir:
“Bankların öz likvid vəsaitlərini səmərəli yerləşdirib gəlir əldə etmək imkanları yoxdur. Fiziki şəxslərin kreditləri ilə bağlı fərmandan sonra yenidən ölkədə istehlak kreditləşməsinin həcmində kəskin artım müşahidə olunmaqdadır. Bu, 2014-cü il ərəfəsindəki vəziyyəti xatırladır. İstehlak kreditləşməsinin yüksək olması problemli kreditləri artıran səbəblərdən biridir. Biznes kreditləşməsi isə getdikcə azalır. Bunun da əsas səbəblərindən biri kredit almaq istəyən biznes subyektlərinin az olmasıdır”.
İqtisadçının vurğulamasına görə, ölkədə sahibkarlığın inkişafı istiqamətində böyük tədbirlər həyata keçirilsə də, biznes kreditləşməsi ilə bağlı vəziyyət ürəkaçan deyil:
“ Real sektorda risk çox böyükdür deyə banklar da orada uzunmüddətli kreditləşmədən qaçırlar. Belə vəziyyət davam etdiyi müddətdə bank sisteminin tam sağlamlaşması çətin olacaq. Buna görə də hesab edirəm ki, bank sisteminin böhrandan tam çıxması üçün iqtisadiyyatın real sektorunda islahatlar dərinləşdirilməli, sahibkarlığın inkişafı üçün kompleks addımlar atılmalıdır”.
Balıqçılıq
“Azərbaycan” qəzeti-ndə isə “Xəzəri əvəzsiz edən yalnız nefti deyil” sərlövhəli yazı dərc edilib.Yazıda Azərbaycan iqtisadiyyatının inkişafında Xəzər dənizinin bioloji resurslarının əhəmiyyəti dəyərləndirilir.
Müəllif yazıb ki, Azərbaycanda xüsusi diqqət ayrılan sahələrdən biri də balıqçılıqdır. Yazıda xatırladılmasına görə, "Balıqçılıq haqqında” qanun hələ 1998-ci ildə qəbul olunub:
“ Qanunda ölkədə balıqçılığın təşkili, idarə edilməsi, balıq resurslarının artırılması, istifadəsi və mühafizəsinin hüquqi əsasları müəyyən edilmişdir. 2014-cü ildə isə qanuna müəyyən dəyişikliklər olunmuşdur. Bu qanun çərçivəsində Azərbaycanda akvakulturaların yaradılmasına ildən-ilə diqqət artır və dövlət tərəfindən bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir”.
Yazıda qeyd edilib ki, 1954-cü ildə nərəkimilərin süni artırılması üçün dünyada ilk nərəbalıqartırma zavodu Azərbaycanda tikilib istifadəyə verilib. Müəllifin xatırlamasına görə, artıq ötən əsrin ortalarında iki belə balıqartırma zavodu qurulub:
“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ölkədə balıqartırma zavodları istifadəyə verilmişdir. 2000-ci ildə ölkədə belə müəssisələrin sayı 12-yə çatmışdır. Eyni zamanda, özəl sektorun təmsilçiləri kiçik göllər yaradaraq balıq yetişdirməyə başlamışlar”.
Müəllif daha sonra da yazıb ki, əgər təbii su hövzələrinə və anbarlarına buraxılan bu növ balıqların ( vətəgə əhəmiyyətli balıq növlərinə nərəkimilər, qızıl balıq, çəkikimilər və bitki ilə qidalanan balıqlar aiddir) ümumi sayı 2010-cu ildə 427 milyon idisə, 2017-ci ildə həmin rəqəm 10 milyon ədəd artaraq 437 milyona çatıb.
Yazı bu cumlələrlə də başa çatır:
“...Mütəxəssislərin hesablamalarına görə, akvakultura və marikultura fəaliyyətinin genişləndirilməsi balıq məhsullarına olan daxili tələbatı tam ödəməkdən başqa, yeni ixrac imkanları da yarada bilər”.