Dekabrın 15-də dövlət ittihamçısı gənc fəal Qiyas İbrahimov və atasının hərəsinə 6 ay həbs istəyib. Qiyas və atası Həsən İbrahimov məhkəməyə hörmətsizlikdə ittiham olunur.
Hökm dekabrın 18-də elan olunacaq.
Mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" şüarı yazandan sonra narkotik ittihamı ilə on il azadlıqdan məhrum edilən Qiyas İbrahimovun cəzası daha altı ay artırıla bilər. Dekabrın 15-də Yasamal Rayon Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Dövlət ittihamçısı həmçinin Qiyasın atası Həsən İbrahimovun da altı ay azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını istəyib.
Ata və oğul İbrahimovlar Qiyas haqqında 10 illik hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin üç hakimini - Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramovu təhqir etməkdə suçlanır. Onlara CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham verilib.
“MƏN İNDİ MÖHKƏM OTURSAM...”
Prokuror çıxışında deyib ki, İbrahimovlar özlərini təqsirli bilməsələr də, onlara qarşı ittiham başqa sübutlarla təsdiqini tapıb. Dövlət ittihamçısının sözlərinə görə, Qiyas çıxışının kəsilməsinə etiraz olaraq, zaldakı kabinədə olan mikrofonu sındırmaqla, atası da hakimlərin ünvanına şərəf və ləyaqəti alçaldan ifadələr işlətməklə məhkəməyə hörmətsizlik edib.
Prokuror çıxışının sonunda Qiyas və atasının hər birinə 6 ay həbs cəzası istəməklə yanaşı, həm də gənc fəalın cəzasını ciddi, atasının isə ümumi rejimli müəssisədə çəkməsini təklif edib.
Vəkil Elçin Sadıqov da çıxış edib. O isə hüquqlarını müdafiə etdiyi şəxslərin hər ikisinə bəraət verilməsini istəyib. Qiyas haqqında narkotiklə bağlı cinayət işinin saxta olduğunu deyən vəkilin sözlərinə görə, həmin işə istər Bakı Ağır Cinayətlər Məhkəməsində, istərsə də apellyasiya instansiyasındakı iclaslarda baxılanda məhkəməyə heç bir hörmətsizlik olunmayıb. Bakı Apellyasiya Məhkəməsindəki son iclasda hakimin müdafiə tərəfinin 22 vəsatətinin heç birini təmin etməməsi, Qiyasın son sözünü də kəsməsi onun etirazına səbəb olub: "Qiyasın hakimlərə "mantiya geyinmiş marionetlər" deməsi təhqir kimi qiymətləndirilib. "Marionet" kənardan idarə olunan deməkdir. Azərbaycan məhkəmələrinin müstəqil olmaması, icra hakimiyyətindən asılılığı əksər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb. Qiyas mikrofonu sındırmayıb. Həmin mikrofon sonradan sındırılaraq, iş materiallarına əlavə olunub. Belə çıxır ki, mən indi möhkəm otursam, stul sınsa, mən məhkəməyə hörmətsizlik eləyirəm? Həsən İbrahimova gəlincə, onun davranışı emosional halda edilən etiraz formasıdır. Qarğış təhqir kimi qiymətləndirilə bilməz".
Ardınca Qiyas İbrahimov son sözünü deyib. Bildirib ki, o, kimsəni nə təhqir edib, nə də hörmətsizlik edib. Sadəcə, həqiqəti müdafiə edib.
“İSTƏYİRDİLƏR Kİ, ÖZÜM ÖZÜMÜ ŞƏRLƏYİM”
"Həqiqət isə mənim dediyim kimidir, onların yazdığı kimi yox. Məni şərləyib, haqqımda hökm çıxarıblar. Onlar istəyirdilər ki, mən özüm də özümü şərləyim. Mən Heydər Əliyevin heykəlinə şüar yazdığıma görə həbs olunmuşam. Ona görə məhkəmədə də bu haqda danışmalıydım, saxta narkotik ittihamı barədə yox. Mən yaxşı başa düşürəm ki, onlara elə göstəriş verilmişdi, ona görə də hərəkətlərimi belə qələmə verib, daha bir iş düzüb-qoşublar", - Qiyas İbrahimovun son sözündə söylədikləridir.
Gənc fəal deyir ki, həqiqət yüksək səslə müdafiə olunmalıdır, amma həqiqəti eşitmək istəməyənlər, hətta asta səsi də kəsməyə hazırdırlar: "O mikrofondan həqiqətin səslənməsini istəməyəndə o, yalan simvolundan başqa bir şey olmur, orada asılmasının da faydası yoxdur. İstər cismani, istərsə də mənəvi baxımdan qoparılıb atılmalıdır".
Qiyas İbrahimov cəzasının artırılması təklifinə isə belə reaksiya verib: "Quldarlıqdan geri qalmayan bir quruluşda, qanun adı altında hər cür iyrəncliklərə yol verildiyi şəraitdə əxlaqlı, vicdanlı insanlar üçün ən yaxşı yer həbsxanadır".
Həsən İbrahimovun son sözü isə qısa olub – özünə və oğluna bəraət istəyib.
Hakim Hüseyn Səfərov hökmü dekabrın 18-də elan edəcək.
XATIRLATMA
Gənc fəallar Q.İbrahimov və Bayram Məmmədov ötən il mayın 10-da saxlanıblar. Onlar qanunsuz narkotik maddə dövriyyəsində suçlanaraq, 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunublar.
«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu «vicdan məhbusu» elan edib. Təşkilatın fikrincə, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.
Hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.
Bu il iyulun 13-də Q.İbrahimovun atası H.İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək, «Balalarınızdan görəsiniz...» deyib. Bu, hakimə hörmətsizlik sayıla bilər.