Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:27

Qiyas İbrahimovun anası: 'Oğluma təzyiqlər var'


Q.İbrahimov

«Cəzaçəkmə müəssisəsində oğluma münasibət yaxşı deyil. Təzyiqlər çoxdur».

Bunu hazırda həbsdə olan gənc fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova deyib. O, yanvarın 27-də oğlu ilə 2 Saylı Cəzaçəkmə Müəssisəsində görüşüb.

Ş.Əmiraslanovanın sözlərinə görə, Q.İbrahimova aclıq aksiyası keçirdiyi vaxt güclü təzyiqlər olub.

«Məktubu məndən aldılar»

«Bu barədə əvvəllər yazmışam. Amma dünən (yanvarın 27-də) bir daha təzyiqin şahidi oldum. Qiyas mənim vasitəmlə məktub göndərirdi. Məktubu məndən aldılar. Məktub yazmaq Qiyasın haqqıdır və bu hüququndan istifadə edərək məktub yazmışdı».

Ş.Əmiraslanova cəzaçəkmə müəssisəsinin rəhbərinin onunla görüşdüyünü bildirib: «O mənə dedi ki, Qiyasa telefonla danışmağa imkan verirlər. Mən bildirdim ki, telefonla danışmaq Qiyasın hüququdur. O, aclıq edəndə telefonla danışığına imkan verməyiblər».

Anası iddia edir ki, aclıq aksiyasından sonra oğlunun bütün hərəkətləri nəzarətə götürülüb, izlənib.

«Mən Penitensiar Xidmətə müraciət etməyəcəm. Çünki onlar mənim bildiyim həqiqətləri belə yalanlayır», - o qeyd edib.

Ş.Əmiraslanova oğluna baş çəkmələrindən ötrü Qırmızı Xaç Komitəsinə və digər beynəlxalq təşkilatlara müraciət edəcəyini bildirib. Onun sözlərinə görə, Q.İbrahimovun məktubunda son zamanlar baş verənlərə münasibəti əks olunub.

«Bir də, Mehman Hüseynovun Penitensiar Xidmətin əməkdaşı ilə barışmasını müsbət qarşıladığını bildirmişdi», - o qeyd edib.

Gənclər bir günün içində necə "narkoman" oldu?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Penitensiar Xidmətdən nə deyirlər?

Penitensiar Xidmət isə məhbuslara qarşı işgəncələrin və ya qeyri-insani rəftarın olması ilə bağlı şikayətləri təkzib edir.

«Məhbuslara qarşı hər hansı işgəncədən, qeyri-insani rəftardan və təzyiqdən, qərəzdən söhbət gedə bilməz. Cəzaçəkmə müəssisələrində bütün məhbuslardan yeganə tələb daxili intizam qaydalarına ciddi riayət olunmasıdır», - Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Ancaq Penitensiar Xidmətdən Ş.Əmiraslanovanın konkret məktubla bağlı dediklərinə münasibət bildirməyiblər.

Xatırlatma

Gənc fəallar Qiyas İbrahimovBayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıb. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların hazırkı dövlət başçısı İlham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs edildikləri iddia olunur.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Ancaq hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir.

2017-ci il iyulun 13-də Q.İbrahimov və atası Həsən İbrahimova Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə əlavə ittiham elan olunub. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb. Həmin il dekabrın 18-də Yasamal Rayon Məhkəməsi H.İbrahimovu aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edib. Q.İbrahimovun cəzası isə daha 3 ay artırılıb.

Bir müddət öncə Q.İbrahimov və bəzi fəallar həbsdə bloqer Mehman Hüseynovu müdafiə məqsədilə aclıq aksiyasına başladıqlarını açıqlamışdılar. Hərçənd, Penitensiar Xidmət bunu təsdiq etmirdi.

Polisə böhtan (işgəncə şikayətinə görə-r) atmaqda günahlandırılan bloqer M.Hüseynov 2017-ci ildə tutularaq 2 il həbs cəzası alıb. Ötən ilin sonunda o, həbsxana zabitinin tələblərinə tabe olmamaqda və ona zor tətbiq etməkdə ittiham olunurdu. Bloqer ittihami qurama sayırdı. Nəhayət, bu günlərdə Baş Prokurorluq bildirdi ki, M.Hüseynov haqqında yeni cinayət işi dayandırılıb.

XS
SM
MD
LG