Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 03:55

Qiyas İbrahimov polis idarəsindən çıxıb


Qiyas İbrahimov:"Məndən artıq əziyyət çəkmiş dostlardan əfv istəyirəm"
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

Qiyas İbrahimov:"Məndən artıq əziyyət çəkmiş dostlardan əfv istəyirəm"

Qiyas İbrahimov saat 17:45 radələrində Bakı Şəhər Baş Polis İdarəsindən çıxıb.

O deyib ki, idarəyə çağırılmağı gənc fəal Bayram Məmmədovun həbsi ilə bağlı status yazmasına görə olub:

"Mənə dedilər ki, sən həmin statusda prezidenti təhqir etmisən, ona diktator demisən. Mən də dedim ki, subut edin ki, mən onu təhqir etmişəm. O qədər Əliyev var ki…”

Qiyas İbrahimovun deməsinə görə, prezidenti təhqir etməsi subut edilsəydi, ona cəza verilə bilərdi.

Gənc fəalın vurğulamasına görə, onunla bir növ proflaktik söhbət aparılıb. Qiyas İbrahimovun bildirməsinə görə, idarədə ona habelə bildiriblər ki, prezidentin çoxlu sevənləri var:

“Yəni sabah küçədə kimsə məndən yazdıqlarıma görə, hesabat tələb etsə, gərək bunu polisdən görməyəm”

Gənc fəalın sözlərinə görə, ona ağıllı olmağı tövsiyə edilib.

Amma gənc fəalın bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

Bayram Məmmədov da 3 il əvvəl Qiyas İbrahimovla eyni gündə narkotik ittihamı ilə 10 il həbs alıb. Bu il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Bayram Məmmədov azadlığa çıxdıqdan 13 gün sonra polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.

Qiyas İbrahimov polis idarəsində

Qiyas İbrahimov saat 16:40 radələrində anası və vəkili Zibeydə Sadıqova ilə birgə Bakı Şəhər Baş Polis İdarəsinə daxil olub.

O, idarəyə daxil olmazdan əvvəl ciblərini təmiz boşaldaraq jurnalistlərə göstərib. Gənc fəal bundan sonra ciblərindən nəsə tapılmasının absurd olduğunu söyləyib. O sonra da əlavə edib ki, Azərbaycanda hər şey mümkündür.

Gənc fəalın anasının da idarəyə gəlməsini polis istəyib.

+++

Qiyas İbrahimov hazırda Bakı Baş Polis İdarəsinin qarşısındadır. O, vəkilini gözləyir. Vəkil gəldikdən sonra idarəyə getməlidir. Q.İbrahimov deyib ki, çağırış sənədində də polisə dəvət edilməsinin səbəbi göstərilməyib.

+++

Aprelin 3-ü günün ikinci yarısı polislərin yenidən Qiyas İbrahimovun yaşadığı mənzilə gəldiyi bildirilir. Bu dəqiqələrdə Q.İbrahimov polisə gedir. Verilən məlumata görə, bu dəfə ona çağırış vərəqəsi təqdim edilib.

+++

Q.İbrahimovun deməsinə görə, evlərinə gələn polislərlə də eyni söhbəti davam etdiriblər.

«Evə girmək istəmədilər. Dedilər ki, general səninlə söhbət etmək istəyir. Xahiş, minnət…Mən də dedim ki, hara deyirsiz gəlim, nə qədər istəyirsiniz saxlayın. Amma qanuni order göndərin. Bayram Məmmədov məsələsində gördük da neylədiniz… Atasının yanında saxlamışdınız... Bizim qulağımız artıq belə sözlərə toxdur. Xahiş, minnət qapıdan içəri girənə kimdir. Qapıdan girdik, biz ancaq yumruq görərik, dəyənək görərik, qandal görərik. Polisə çağırırsınız, qanuni order göndərin», - deyə gənc fəal vurğulayıb.

Qiyas İbrahimov polisə çağrıldığını deyir

«Əvvəlcə Bakı Şəhər Baş Polis İdarəsindən zəng vurub idarəyə gəlməyimi istədilər. Daha sonra Nizami rayonunda yaşadığım ərazinin sahə müvəkkili zəng vurdu. İndi də Nizami Rayon Polis İdarəsindən zəng vurub gəlməyimi tələb edirlər».

Bunu prezidentin əfv sərəncamı ilə martın 17-də azadlığa çıxan gənc fəal Qiyas İbrahimov bildirib. Onun sözlərinə görə, çağırmalarının səbəbini öyrənə bilməyib: «Rəsmi çağırış sənədi göndərmələrini istəyirəm, bunu da etmirlər. Mənə deyirlər ki, profilaktik söhbətə çağırırlar».

Q.İbrahimov müəyyən ehtimallarını dilə gətirir: «Amma ehtimallarım var. Ola bilər ki, müəyyən statuslarıma görə çağırırlar. Ya da Bayram Məmmədov variantı ola bilər, başqa bir məsələ düşünmürəm».

Gənc fəalın bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi və sözügedən polis qurumlarından münasibət almaq mümkün olmayıb.

Xəbər sayta hazırlanarkən Q.İbrahimovun ailəsi yeni açıqlama yaydı. Ailədən bildirildiyinə görə, bir polis və bir neçə mülkü paltarlı şəxs artıq evə də gəlib.

Xatırlatma

Q.İbrahimov digər gənc fəal B.Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum edib.

Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.

Onların hər ikisi bu il martın 16-da imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb.

B.Məmmədov isə əfvlə azadlığa çıxdıqdan 13 gün sonra polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka inzibati həbs cəzası alıb. Sabunçu Rayon Məhkəməsinin bu qərarından verilmiş şikayətə aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədov baxıb. Şikayət təmin edilməyib. Bu ittihamı da qəbul etməyən B.Məmmədov məhkəmədə saxlandıqdan sonra işgəncə ilə üzləşdiyini, döyüldüyün açıqlayıb. Hakim işgəncə şikayətinin araşdırılmasından ötrü prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Amma rəsmi qurumlar, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində işgəncə şikayətlərini qəbul etmirlər. Onlar belə şikayətləri əsasən əsassız hesab edirlər.

XS
SM
MD
LG