Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:32

Heykələ şüar yazan gənc fəal yeni ittihamla məhkəmə qarşısında


Qiyas İbrahimov

Keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqdan sonra narkotik satışı suçlaması ilə 10 il həbs cəzası alan Qiyas İbrahimov oktyabrın 31-də yeni ittihamla məhkəmə qarşısına çıxarılıb. 23 yaşlı fəal bu dəfə atası Həsən İbrahimovla birlikdə mühakimə olunur. Onların hər ikisinə CM-nin 289.2 (məhkəməyə hörmətsizlik etmə) maddəsiylə ittiham verilib.

Qiyas və atasının işinə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov baxır.

GƏNC FƏAL ŞÜŞƏ KABİNƏDƏN ÇIXARILIB VƏ... ORA QAYTARILIB

Oktyabrın 31-də məhkəmənin hazırlıq iclası keçirilib. İbrahimovların vəkili Elçin Sadıqov müdafiənin qurulması, vəsatətlər və başqa məsələlərin müzakirəsi üçün Qiyasın şüşə kabinədən çıxarılıb onun yanında əyləşməsini istəyib. Hakim bu şifahi vəsatəti təmin edib – gənc fəal öz vəkilinin yanında əyləşib.

Ardınca vəkil bu işə Yasamal Rayon Məhkəməsində baxılmasına etiraz edib. E.Sadıqov yazılı şəkildə verdiyi etirazını belə əsaslandırıb:

***Buna da bax-Qiyas İbrahimov ona verilən işgəncələri danışır (Video)

«Qiyas və Həsən İbrahimovlardan Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramov şikayət edib. Onların üçünün də bu iş üzrə istintaqa ifadələri eynidir. Üçü də bəri başdan Qiyas və atasının cinayət törətdiyini iddia edir. Yasamal Rayon Məhkəməsi də Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxildir. Bu məhkəmənin çıxardığı hökm və qərarlardan verilən şikayətlərə onlar baxıb qiymət verir. Bu baxımdan, sizin hökm və qərarlarınızı sorğulamaq səlahiyyəti olan adamlarla bağlı işə obyektiv baxıb, ədalətli hökm çıxarmağınız şübhəlidir. Ona görə də, biz bu işə Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olmayan məhkəmədə baxılmasını xahiş edirik».

Hakim vəsatəti baxılmamış saxlayıb. Məsələ ilə əlaqədar qərar vermək üçün müşavirədə olanda, Q.İbrahimovla bağlı da fikrini dəyişib. Müşavirə otağından göstəriş verib ki, o, yenidən şüşə kabinəyə qaytarılsın. Hakimin bu məsələ ilə bağlı fikrini dəyişməsinin səbəbi isə naməlum qalıb.

VƏSATƏTLƏR BAXILMAMIŞ SAXLANIB

Vəkilin daha iki vəsatəti isə ata və oğul İbrahimovlar haqqında cinayət işinə xitam verilməsi, onlara münasibətdə təqsirsizlik prezumpsiyası hüququnun pozulması haqda olub. Müdafiəçi vəsatətini əsaslandırarkən qeyd edib ki, Q.İbrahimov Heydər Əliyevin heykəlinə şüar yazdığına görə narkotiklə şərlənib, məhkəmədə prokuror ona 9 il həbs cəzası istədiyi halda, hakim 10 il verib. Həmin hökmdən verilmiş apellyasiya şikayətinə baxılarkən məhkəmə ədalətsiz keçirilib, müdafiə tərəfinin verdiyi 23 vəsatətin heç biri təmin olunmayıb:

«Vüqar Məmmədovun sədrliyi ilə, Əflatun Qasımov və Əmir Bayramovdan ibarət hakimlər heyəti bununla da kifayətlənmədi, Qiyas İbrahimov çıxış edərkən ona imkan vermədi. Şüşə kabinədə olan mikrofonu söndürdü, onun səsi eşidilmədi. Halbuki, həmin vaxt Qiyasın etiraz etməsi üçün kifayət qədər əsaslar vardı. Hakimlər ədalətli olsaydı, vəsatətləri təmin etsəydi, onlara kim nə deyəcəkdi?».

Qiyas və atasından şikayətçi olan hakimlər ifadələrində deyib ki, gənc fəal onları «marionet» adlandırmaqla təhqir edib. Vəkil isə deyir ki, Azərbaycan məhkəmələrinin müstəqil olmadığı, icra hakimiyyətindən asılılığı, sifarişlər əsasında qərarlar çıxarılmasını təkcə Qiyas söyləmir, bu məsələlər çoxsaylı yerli və beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb.

***Buna da bax-Qiyas İbrahimov: 'Hamınız saxtakar, mantiya geyinmiş marionetlərsiz'

E.Sadıqovun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimləri ifadələrində İbrahimovlar haqda bəri başdan hökm verərək, Qiyasın şüşə kabinədəki mikrofonu qəsdən qopardığını, onların məhkəməyə hörmətsizlik etdiyini deməsi gənc fəal və atasının təqsirsizlik prezumpsiyası hüququnu pozmaqdır.

Hakim H.Səfərov bu vəsatətlərin də baxılmamış saxlanması haqda qərar verib.

Bundan sonra iş üzrə məhkəmə istintaqının başlanması məsələsi müzakirəyə çıxarılıb. Dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev cinayət işinin məhkəmə baxışına verilməsi məsələsinə fikir bildirmək üçün bir həftə vaxt istəyib. Bu səbəbdən də məhkəmə noyabrın 7-nə qalıb.

XATIRLATMA

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıblar . Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs ediliblər.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bu il iyulun 13-də Q.İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək «Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz...» deyib.

Bu, hakimə hörmətsizlik kimi qəbul edilir. İttiham təsdiq olunarsa, onu 6 aya kimi həbs gözləyir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov bir sıra siyasi işlərdə mübahisəli qərarlar verib. O, bu yaxınlarda səhhətində yaranan problemə görə xəstəxanaya düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG