Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Qırğızıstanda uşaq evində daha bir qalmaqal


Qırğızıstanda uşaq evi
Qırğızıstanda uşaq evi

Bişkekdə uşaq evlərinin birində qalmaqal baş verib. Uşaqlar tərbiyəçilərin onları xətkeşlə döydüyünü, yumruqla başlarına vurduqlarını, onlara verilən hədiyyələri əllərindən aldıqlarını deyirlər. İnternatın rəhbərliyi ailələrin övladlığa götürmək istədiyi uşaqları dilə tutaraq potensial valideynlərindən imtinaya vadar ediblər. Onların məqsədi həmin uşaqları xarici ailələrə təklif etmək olub.

Anastasiya Karamışeva həmin uşaq evində Tanya Maşa adlı iki qız uşağı ilə söhbətini videoya çəkərək, CurrentTime.TV-yə göndərib. Qızların anasını illər öncə valideyn hüquqlarından məhrum ediblər. Anastasiya isə artıq çoxdan uşaq evinə gələrək onları ziyarət edir.

«Pis ailə»

Qadın Tanya və Maşanı bir daha ziyarətə gələndə qızlar gəzinti zamanı başqa bir ailənin onları övladlığa götürmək istədiyini deyiblər. Ancaq onların sözlərinə görə, tərbiyəçilər onları yeni potensial valideynlərindən imtina etməyə inandırmağa çalışırlar.

«Baş müəllim Aygül Ömürbəkovna deyir ki, onlar pis ailədir, onların övladı olmaq olmaz. Onlar içki içir, siqaret çəkirlər», – qızlar deyiblər.

«Onlara deyiblər ki, həmin ailədən imtina edin, onlar pisdirlər, içki içirlər, siqaret çəkirlər, sizi döyəcəklər, o, çox pis evdir. «Bizim inamımızı yerə vurmayın!» – onlara məhz bu sözlər deyilib. «Sizə daha yaxşı ailə tapacağıq»», – A.Karamışevanın sözlərinə görə, tərbiyəçilər Tanya və Maşaya belə deyiblər.

Tərbiyəçilərin pislədiyi valideynlərsə Anton Ulyana adlı gənc ailə cütlüyüdür. Onların artıq bir doğma və bir neçə övladlığa götürdükləri uşağı var. Cütlüyün sözlərinə görə, övladlığa götürmə ilə bağlı bütün prosedurları əzbər bilirlər. Buna görə də, Tanya və Maşanın övladlığa götürülməsi prosesinin uşaq evinin rəhbərliyi tərəfindən «tormozlanması» onlardan ötrü xoşagəlməz sürpriz olub.

«Əvvəlcə onlar sadəcə sənədlərimizi bəyənmədilər. Hərçənd, əlimizdə artıq övladlığa götürməyə dair çıxarış var idi. Özü də onların iddiaları çox qəribə idi. Məsələn, deyirdilər ki, pasportun surəti mütləq notariusda təsdiqlənməlidir. Ya da belə bir şey deyirdilər: «Sizin arayışınız dəri-zöhrəvi həkimindəndir, bizə isə dermatoveneroloqdan arayış lazımdır» (hər iki ifadə tamamilə eyni mənanı verir - tərc.), – deyə Anton Putilin danışır.

«Yuxarı»nın əmri

Anton və Ulyananın sözlərinə görə, Tanya və Maşanın övladlığa götürülməsi üçün bütün sənədləri hazırlasalar da, onların qızlarla təkbətək görüşməsinə icazə verilməyib. Cütlük deyir ki, uşaq evinin müəllimləri «yuxarı»nın əmrinə istinad edib: guya Sosial İnkişaf Nazirliyindən uşaqların xarici ailəyə verilməsinə dair şifahi əmr gəlib.

Bundan sonra Anton və Ulyanaya deyilib ki, guya qızlar qəfildən onların ailəsində yaşamaq fikrindən daşınıblar. Bir müddətdən sonra isə Tanya və Maşa sadəcə yoxa çıxıblar. Növbəti dəfə internatda onları ziyarətə gələn Anastasiyaya isə qızların xəstəxanada olduğu deyilib. Ancaq tərbiyəçilər ona qızlarla necə əlaqə yarada biləcəyini deməkdən imtina ediblər. Amma sonradan bəlli olub ki, Tanya və Maşa həmin vaxt Bişkekdəki mehmanxanaların birində bir xarici ailə cütlüyünün yanında yaşayırmış.

«Onlar xaricdən gəliblər. Bütün sənədlərdə, hər yerdə «yalnız müşayiətlə» yazılsa da, uşaqları müşayiətsiz veriblər. Bu o deməkdir ki, uşaqlar yalnız müəllimlərin iştirakı ilə, yalnız kafedə ünsiyyətdə ola bilərlər», – Sahibsiz Uşaqların Reabilitasiyası Mərkəzinin direktoru Aleksey Petruşevski deyir. Onun sözlərinə görə, həmin amerikalı cütlük «yalnız nazirlik vasitəsilə ortaya çıxa bilərdi»:

«100% zəng olunub. Sosial inkişaf idarəsinin iştirakı olmadan heç kim uşaqları elə-belə verməzdi. Bu işlə o şöbədən başqa heç kim məşğul olmur», – Petruşevski deyir.

Uşaqlar otelə necə gediblər

A.Petruşevski qırğızıstanlı uşaqların xarici ailələr tərəfindən övladlığa götürülməsinə qarşı deyil. O, sadəcə uşaqların belə asanlıqla yad adamların oteldəki nömrəsinə düşdüyünə təəccüblənir.

Tanya və Maşa həmçinin, uşaq evində tərbiyəçilərin onları xətkeş və yumruqla vurduqlarını, onlara verilən hədiyyələri – konfet və başqa şirniyyatları əllərindən aldıqlarını deyiblər.

Hazırda internatda yoxlama aparılır: hökumət qızların bir neçə günlüyünə xarici ailə ilə birlikdə oteldə qalmasına məhz kimin icazə verdiyini üzə çıxarmağa çalışır. Qırğızıstanın Sosial İnkişaf Nazirliyi Tanya və Maşa ətrafında yaranmış qalmaqala münasibət bildirmək istəmir. Qurumun uyğun departamentinin rəhbəri qəfildən xəstəlik məzuniyyətinə çıxıb. İnternatın rəhbərliyi isə günahı adi tərbiyəçilərin boynuna qoymağa çalışır.

Son nəticədə Tanya və Maşa bacıları Anton və Ulyananın evinə köçüb. Ailə qızlar üzərində müvəqqəti qəyyumluğu təmin edə bilib.

Qırğızıstanda uşaq evlərinin şagirdlərinin zorakılığa məruz qalması hallarına tez-tez rast gəlinir. CurrentTime.TV-nin redaksiyasına bu yaxınlarda daxil olmuş videoda Çuyda bir uşaq evində şagirdlərin başlarına bayırda, şaxtada birbaşa vedrədən su tökərək yuması görüntülənmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG