Qırğızıstanın şimalındakı Çuy vilayətində terrorda şübhəli bilinən silahlı polis və təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Bunu ölkənin Daxili İşlər Nazirliyi mayın 17-də açıqlayıb.
Nazirliyin məlumatına görə, adı açıqlanmayan şəxs xüsusi təyinatlılar tərəfindən İssık-Ata rayonunun Dmitriyevka kəndində, Qırğızıstan-Qazaxıstan sərhədinə yaxın ərazidə əməliyyat zamanı qətlə yetirilib.
Ətraflı bilgi verilməyib. Hadisənin araşdırıldığı bildirilir. Qısa məlumatda deyilir ki, "şübhəli şəxs saxlanılan zaman fəal müqavimət göstərib. O, Daxili İşlər Nazirliyinin və Dövlət Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilib”.
Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov AzadlıqRadiosuna əməliyyatla bağlı əlavə məlumat vermədən insidentdən sonra kənddə vəziyyətin "sabit" olduğunu deyib.
Səhiyyə Nazirliyi xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşının yaralandığını, onlardan birinin çanaq nahiyəsindən güllə yarası ilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Qırğızıstan Müsəlmanları Ruhani İdarəsi xüsusi əməliyyatın yerli qızlar üçün mədrəsə və kənd administrasiyasının binaları yaxınlığında baş verdiyini, bütün tələbələrin təhlükəsiz vəziyyətdə olduğunu bildirib.
Nadir hadisə
Təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı xüsusi əməliyyatları bu keçmiş sovet respublikasında çox nadir görünən hadisədir.
Bu arada, son illərdə yüzlərlə Qırğızıstan vətəndaşının Suriya ilə İraqda İslam Dövləti və digər terror təşkilatlarına qoşulduğu bildirilir.
2016-cı ildə Qırğızıstan vətəndaşlarının Yaxın Şərqdəki terror qruplaşmalarına qoşulması xəbərindən sonra ölkə deputatları, terrorçuluqda təqsirli bilinən şəxslərin vətəndaşlıqdan çıxarılmasına icazə verən qanunu təsdiqləyiblər.
Qırğız Respublikası kimi tanınan Qırğızıstanda əsasən müsəlmanlar olmaqla 7 milyon əhali yaşayır.