Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:49

Qırğızıstanda müstəqil telekanala polis reydi olub


NTS telekanalında reyd zamanı
NTS telekanalında reyd zamanı

Qırğızıstanda məhkəmə rəsmiləri müstəqil NTS telekanalına reyd keçiriblər. Bu telekanalın sahibi müxalifət siyasətçisi Omurbek Babanovdur.

NTS bildirir ki, məhkəmə icraçıları və polis telekanalın binasına dekabrın 19-da gəliblər. Onlar bildiriblər ki, məhkəmə qərarının əsasında telekanalın əmlakını müsadirə etməlidirlər.

Mərkəzi Bişkəkdə yerləşən telekanalın binası polis tərəfindən mühasirəyə alınıb. Onlar binaya girişi və oradan çıxışı bağlayıblar.

Telekanalın Facebook səhifəsinə qoyulmuş videoda işçilərlə söhbət edən polis zabitləri görünür. Bəziləri polislə mübahisəyə girişiblər.

NTS TV-nin baş direktoru Jaynak Usen mətbuat konfransında deyib ki, “biz hələlik Bişkək rayonlararası məhkəməsinin bizim bütün əmlakımızın, avadanlığımızın və hər şeyimizin müsadirəsinə dair qərarını öyrənirik”.

Usen bildirib ki, telekanal polisdən dekabrın 20-si səhər saat 11-dək vaxt istəyib. Onun sözlərinə görə elə indidən bu hadisəni mətbuat azadlığı üzərinə hücum adlandırmaq olar.

Bütün ölkədə yayınlanan NTS TV ölkənin ən böyük müstəqil telekanalıdır. Xəbər verilir ki, polisin binaya reyd keçirdiyi vaxt telekanal hələ efirdə idi. Polis yayına mane olmadığını bildirib.

Maraqlıdır ki, Qırğızıstan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Milli Təhlükəsizlik Komitəsindən AzadlıqRadiosuna telekanalın əmlakının müsadirə olunduğu barədə məlumata malik olmadıqlaırnı bildiriblər.

Ali Məhkəmədən AzadlıqRadiosuna deyiblər ki, hazırda telekanalda baş vermiş hadisələrin səbəbi araşdırılır.

Usen bildirib ki, müsadirə üçün iddia ərizəsini Grexton Capital Ltd və Ayant LLC şirkətləri veriblər və bu barədə kanala dekabrın 19-dək heç bir məlumat verilməyib. Telekanal sözü gedən şirkətlərdən də heç bir xəbərdarlıq almadığını bildirir.

Usen bildirib ki, bütün hallarda məqsəd NTS-in bağlanması olub. O qeyd edib ki, telekanal bu qərardan məhkəmə şikayəti verəcək.

Grexton Capital şirkətinin nümayəndəsi müxbirlərə deyib ki, NTS-in əmlakının “inventarizasiyasından” məqsəd teleyayınların qarşısının alınması olmayıb.

Sözçü deyib: “Məhkəmə icraçıları NTS-in əmlakının inventarlaşdırılmasını həyata keçirəcəklər və yayınlar davam edəcək”.

Sözçü əlavə edib ki, NTS özü yayınlarını dayandırmaqla sensasiya yaratmağa çalışıb.

NTS-in sahibi Babanov uğurlu biznesmen sayılır və oktyabrın 15-də keçirilmiş prezident seçkisində ikinci olub. Lakin onun barəsində cinayət təhqiqatına başlanan kimi biznesmen xaricə qaçıb.

Babanovun harada olması hələlik məlum deyil.

NTS-in radio stansiyası Sanjıra yayınlarını noyabr ayında dayandırıb. Buna səbəb hökumətin radionun lisenziyasını uzatmaqdan imtina etməsi olub.

Bundan dörd ay əvvəl Bişkəkin rayon məhkəmələrindən biri rəqəmsal özəl “Sentyabr” telekanalının yayınlarının dayandırılması barədə qərar qəbul etmişdi. Məhkəmə prezident Almazbek Atabayevin kəskin tənqidçisi olan telekanalı “ekstremizmdə” ittiham edib.

Atambayev prezident seçkisində özünün baş naziri Sooranbay Jeyenbekovun namizədliyini dəstəkləyirdi. Həmin seçkidə qalib gələn Jeyenbekov Qırğızıstanın yeni prezidenti oldu.

Telekanal hazırda efirdə deyil, lakin onun əməkdaşları Jalbırak adlı yeni internet kanalı açıblar.

Bundan başqa dekabrın 19-da Avropa İttifaqı və Qırğızıstan arasında yeni ikitərəfli saziş barəsində danışıqlara başlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG