Qırğızıstanda yeni seçkilər baş tutub. Keçmiş baş nazir Sooronbay Jeenbekov səslərin 54%-dən çoxunu toplayaraq, rəsmən prezident elan olunub. Bəs hakimiyyətinin açıq-aşkar Jeenbekov-un rəqibi Omurbek Babanov-u dəstəklədiyi qonşu Qazaxıstanda seçkilərin nəticələri necə qəbul edilir? İndi ən yaxın qonşuları Qırğızıstanla münasibətlərini necə bərpa edəcəklər?
Ötən həftəsonu Qırğızıstanın Almatıdakı konsulluğunda cəmi 1059 nəfər səs verib. Ancaq bu, Almatıda səs verə biləcək Qırğızıstan vətəndaşlarının real sayından qat-qat azdır. Hesablamalara görə, hazırda Almatıda qanuni-qanunsuz yaşayan və çalışan Qırğızıstan vətəndaşlarının sayı 10 mini keçir. Qırğızıstan siyasi partiyalarının müşahidəçiləri bu məntəqədə xüsusi bir pozuntu aşkarlamayıblar.
MARAQLAR BALANSINI QORUMAQ
Seçkilərdən az öncə Qırğızıstanla Qazaxıstan arasında münasibətlər kəskin pozulub. Hər şey namizədlərdən biri O.Babanov-un Qazaxıstan prezidenti Nursultan Nazarbaev-lə görüşündən başlayıb. Bu görüşü Bişkek Babanov-un Qazaxıstanın hakim elitası tərəfindən dəstəklənməsi kimi qəbul edib. Qırğızıstan prezidenti Almazbek Atambaev də görüşə sərt yanaşıb.
Ancaq Qazaxıstan hökuməti daha sərt cavab verərək, sərhəddə nəzarəti gücləndirib, Qırğızıstandan Qazaxıstana keçməyə çalışan minlərlə insan sutkalarla sərhəd-keçid məntəqəsində gözləməli olub. Nəticədə azı bir bədbəxt hadisə baş verib – Qazaxıstan vətəndaşı olan 70 yaşlı qadın beşsaatlıq gözləmədən sonra dünyasını dəyişib.
Qonşu ölkədə seçkilərin nəticələrini səbirsizliklə gözləyən qazaxıstanlı ekspertlər nəticələr bilinən kimi öz fikirlərini bildiriblər. Ekspert Erlan Karin öz Facebook səhifəsində yazıb ki, Qırğızıstanın yeni seçilmiş prezidenti ilə bağlı xüsusi gözləntilər yoxdur və o, «hansısa gələcək islahatların rəmzi deyil».
«Ondan gözlənilən... maraqlar balansının qorunub saxlanmasıdır... O, belə gözləntiləri doğrultmağa qadirdir», – o yazıb.
QIRĞIZ VARİANTI NƏ QƏDƏR DAVAM EDƏCƏK
Müşahidəçilərin bir qismi hesab edir ki, Qazaxıstan özünün sərhəddəki davranışı ilə müxalifətin yox, hakim partiyanın namizədinə kömək edib:
«Jeenbekov sərhəddəki hərəkətləri ilə onun xeyrinə səslərin sayını artırmış Astanaya təşəkkür etməlidir. Ancaq hətta real seçkilər gedişində toplanmış 55% də Orta Asiyanın digər ölkələrinə xas... ənənəvi 80-90%-dən inandırıcı görünür. Digər tərəfdənsə, hakimiyyətin ötürülməsinin qırğız variantının nə qədər davam edəcəyi aydın deyil», – Risklərin Dəyərləndirilməsi Qrupunun direktoru Dosym Satpaev deyir.
Digərləri isə məsələyə daha tənqidi yanaşır.
«Bizi burada iki şey narahat etməlidir:
– bu ölkədə vəziyyətin daha da pisləşməsi, çünki Jeenbekov ölkəni daha altı il idarə edəcək Atambaev deməkdir;
– bu ölkədə artmaqda olan qazaxofobiya. Kim unudubsa, deyim: Qazaxıstan ABŞ və Özbəkistanla birlikdə qırğızların düşmən saydığı üç ölkədən biridir», – Altınbek Sarsenbeyev adına Fondun rəhbəri Aydos Sarym deyir.
Bir çoxlarını isə həm də bu sual maraqlandırır: Atambaev həqiqətənmi, bir il öncə elan etdiyi kimi, böyük siyasətdən uzaqlaşmağa hazırlaşır, yoxsa o, yenidən hakimiyyətə qayıdacaq?
YENİ PREZİDENTİN MESAJI
Qırğızıstanın yeni seçilmiş prezidenti S.Jeenbekov-un ilk çıxışında da qonşulara bir neçə mesaj sezilib.
«Dövlətlər bir-birinə hörmətlə yanaşmalıdırlar və bütün məsələlər həll olunacaq», – o deyib.
S.Jeenbekov sələfindən fərqli olaraq, Qazaxıstan prezidenti N.Nazarbaev haqda daha diplomatik danışıb.
«O, qonşu qardaş dövlətin prezidentidir. Biz əməkdaşlıq etdiyimiz bütün dövlətlərə və prezidentlərə hörmətlə yanaşırıq və bunu davam etdirəcəyik», – deyə o vurğulayıb.
Hələlik, qazax-qırğız sərhədində vəziyyət gərgin olaraq qalır. Qırğızıstan sərhədçiləri bildirirlər ki, keçid məntəqələrində 600 yük və minik maşını toplaşıb. Ancaq Qazaxıstanın İnformasiya və Kommunikasiyalar Nazirliyi vəziyyətin sabit olduğunu iddia edir və sərhəd nəzarətinin gücləndirilməsi nəticəsində saxlanılan onlarla qanun pozucusu haqda məlumat yayır. Nazirlik bundan başqa, Qırğızıstanın beş ağartı istehsalçısının mallarında pozuntu aşkarlandığını, onların məhsullarının Qazaxıstana idxalının müvəqqəti yasaqlandığını bildirib.
Görünür, sərhədlər açılanda qonşular aralarındakı münasibəti yenidən başlamalı olacaqlar. Astana və Bişkek bunu edə biləcəkmi, yoxsa üçüncü ölkənin müdaxiləsi tələb olunacaq?