"Hakimiyyət yalnız ona tam sadiq təşkilatları saxlamaq qərarına gəlib. Bunlar SSRİ-də mövcud olmuş çoxsaylı ictimai təşkilatların rolunu oynayacaqlar. Həmin qurumların vəzifəsi hakim Kommunist Partiyasının siyasi xəttini dəstəkləmək idi". Bunu AzadlıqRadiosuna Sülh və Demokratiya İnstitutunun direktoru, Niderlandda yaşayan hüquq müdafiəçisi Leyla Yunus Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini tənzimləyən qanunvericiliyə təklif olunan dəyişikliklərlə bağlı deyib.
Noyabrın 18-də Milli Məclisdə müzakirəyə çıxarılan layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı bir sıra hallarda QHT-lərin fəaliyyətini məhkəmə qərarı olmadan bir ilədək dayandıra biləcək. Söhbət şəffaflıq, korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə, eləcə də terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı tələblərin pozulmasından gedir.
Artıq qeydiyyatdan keçmiş QHT-lər qarşısında da yeni tələblər qoyulur. Qanun qüvvəyə mindikdən sonra təşkilatlar 30 gün ərzində nizamnamələrini yeni qaydalara uyğunlaşdıraraq yenidən dövlət qeydiyyatına müraciət etməli olacaqlar. Müraciət etməyən və ya qeydiyyatından imtina olunan qurumların fəaliyyəti dayandırılacaq və onların ləğvi üçün məhkəməyə üz tutulacaq.
Bundan başqa, QHT-lərin ləğvi üçün əsaslar genişləndirilir. Üç il ərzində ümumi yığıncaq keçirməmək, üç ildən artıq fəaliyyətsiz qalmaq, nizamnamə məqsədlərinə uyğun işləməmək və müəyyən olunmuş pozuntuları aradan qaldırmamaq təşkilatın məhkəmə qərarı ilə ləğvinə səbəb ola biləcək.
Dəyişikliklər fondların yaradılması şərtlərinə də toxunur. Belə ki, fond təsis etmək üçün tələb olunan minimum nizamnamə kapitalının 10 min manatdan 100 min manata qaldırılması təklif olunur.
Leyla Yunus: "Əvvəllər heç olmasa qanunun rolunu imitasiya edirdilər"
1995-ci ildə Sülh və Demokratiya İnstitutunu təsis etmiş L.Yunusun sözlərinə görə, Azərbaycanda müstəqil QHT-lərin sayı əvvəllər də çox az olub, onların inkişafı üçün isə heç vaxt əlverişli şərait yaradılmayıb. O, qonşu Gürcüstan və Ermənistanda vətəndaş cəmiyyəti institutlarının inkişafının daha çox təşviq edildiyini, Azərbaycanda isə hakimiyyətin müstəqil təşkilatların fəaliyyətinə mənfi yanaşdığını bildirir: "Əvvəlcə öz QHT-lərini yaratmağa çalışdılar, hətta vətəndaş sektorunu nəzarətdə saxlamaq üçün QHT Forumu da qurdular. Amma bu da kömək etmədi, müstəqil QHT-lər yenə də cəmiyyətin həyatında daha fəal idilər".
Onun sözlərinə görə, 2014–2015-ci illərdə qanunvericiliyə edilən çoxsaylı dəyişikliklərdən sonra müstəqil QHT-lərin fəaliyyət imkanları daha da məhdudlaşdırılıb, həmin dövrdə başlanan proses sonrakı illərdə də səngiməyib və yeni layihə bu siyasətin növbəti mərhələsidir.
L.Yunus xüsusilə QHT-lərin fəaliyyətinin məhkəmə qərarı olmadan dayandırılması imkanını tənqid edir: "Əvvəllər hakimiyyət heç olmasa ölkədə qanunun rolunu imitasiya edir, QHT-ləri məhkəmə qərarı əsasında bağlayırdı. İndi isə demokratiya oyununun bu son görüntüsünü də kənara atıblar".
Hüquq müdafiəçisinin fikrincə, yeni layihə QHT-lərin taleyini icra qurumlarının özbaşına qərarlarından asılı vəziyyətə salacaq.
L.Yunus 30 günlük təkrar qeydiyyat müddətini də qeyri-real sayır. O bildirir ki, təşkilatların nizamnamələrini dəyişməsi və bununla bağlı təşkilati məsələləri həll etməsi üçün bu vaxt kifayət deyil. Hüquq müdafiəçisi fondların minimum nizamnamə kapitalının 100 min manata yüksəldilməsini də xüsusilə müstəqil təşkilatlar üçün əlavə maliyyə maneəsi hesab edir.
Deputat: "Şəffaflıq və səmərəlilik artacaq"
AzadlıqRadiosu bu tənqidlərə QHT-lərə Dövlət Dəstəyi Agentliyindən, digər QHT təmsilçilərindən və deputatlardan münasibət ala bilməyib.
Qanun layihəsinin Milli Məclisdəki müzakirəsində deputat Azay Quliyev dəyişiklikləri zəruri saydığını deyib. O, rəsmi YouTube kanalında paylaşdığı çıxışında mövcud qanunvericilikdə QHT-lərin növlərinin konkret təsnifatının aparılmadığını bildirib. Deputatın fikrincə, yeni qaydalar təşkilatların ixtisaslaşmasını gücləndirəcək, şəffaflığı və hesabatlılığı artıracaq. O, dəyişikliklərin "QHT-nin mahiyyətini bilməyən", yalnız qrant almaq məqsədilə ictimai birlik və ya fond yaradan şəxslərin qarşısını alacağını, eləcə də "adı olub, özü olmayan" qurumların reyestrdə qalmasına aydınlıq gətirəcəyini vurğulayıb.
Quliyevin açıqladığı rəqəmlərə görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyi ölkədə qeydiyyatdan keçmiş 3829 QHT-dən yalnız 1005-i haqqında məlumat toplaya bilib, ötən il isə cəmi 603 təşkilat illik maliyyə hesabatı təqdim edib. Xarici QHT-lərin 98 filial və nümayəndəliyindən yalnız 15-i müvafiq saziş əsasında fəaliyyət göstərir. Deputat bu göstəriciləri sektorda məsuliyyətin artırılması və hüquqi tənzimləmənin gücləndirilməsi üçün əsas sayıb. Onun fikrincə, "dəyişikliklər real vətəndaş cəmiyyəti institutlarının güclənməsinə və inkişafına əlavə stimul verəcək".
Hüquqşünas: "Yeni qaydalar dövlətə bağlı QHT-ləri də hədəf alacaq"
Hüquqşünas Emin Abbasov isə bildirir ki, Azərbaycanda QHT-lərin qeydiyyatı və fəaliyyətini tənzimləyən qanunvericilik onsuz da ciddi məhdudiyyətlər nəzərdə tutur. Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin ictimai birliklərin qeydiyyatı ilə bağlı qərarlarında göstərilən problemlər hələ də aradan qaldırılmayıb, təklif olunan dəyişikliklər isə mövcud çətinlikləri həll etmək əvəzinə onların vəziyyətini daha da ağırlaşdırır.
E.Abbasov xüsusilə təşkilatların "dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid" yaratması kimi geniş şərh oluna bilən əsasla ləğvinin mümkünlüyünü problemli sayır: "Buna görə də sözügedən dəyişiklik açıq-aşkar Konstitusiyaya və beynəlxalq hüquqa ziddir. Onun qəbulunun tək məqsədi Azərbaycanda ictimai birliklərin qeydiyyatına uzun illərdir yaradılan maneələrin növbəti mərhələsinə keçmək – mövcud təşkilatların qeydiyyatını ləğv etmək və onların sayını kəskin şəkildə azaltmaqdır".
Hüquqşünasın fikrincə, Azərbaycanda müstəqil ictimai birliklərin dövlət qeydiyyatından keçməsi faktiki mümkünsüzdür, qeydiyyatda olan təşkilatların böyük əksəriyyəti isə dövlət siyasətinə uyğun fəaliyyət göstərir. Bununla belə, Abbasov hesab edir ki, yeni qaydalar həmin təşkilatları da hədəf alacaq: "Çünki yeni qaydaların məqsədi həm də hakimiyyətə bağlı ictimai birliklər üzərindəki nəzarət yükünü azaltmaq və onların "effektivliyini" artırmaqdır".
Abbasov bunu ölkədə ictimai məkanın daha da qapadılması prosesinin növbəti mərhələsi kimi qiymətləndirir. O, dəyişiklikləri siyasi partiyalar və media haqqında qanunların qəbulundan sonrakı vəziyyətlə də müqayisə edir. Həmin qanunlardan sonra ən azı 32 siyasi partiyanın qeydiyyatı ləğv edilib və yüzlərlə onlayn media qurumunun fəaliyyəti dayandırılıb. Hüquqşünas oxşar prosesin QHT sektorunda da təkrarlana biləcəyini, 2027-ci ildə təşkilatların ləğvi ilə bağlı çoxsaylı məhkəmə işlərinin başlanacağını proqnozlaşdırır.
QHT-lərə qarşı təzyiqlər və həbslər
Azərbaycanda müstəqil QHT-lərə qarşı təzyiqlər yeni deyil. 2013–2014-cü illərdə qanunvericiliyin sərtləşdirilməsindən sonra təşkilatların xarici maliyyələşməyə çıxışı məhdudlaşdırılıb, bank hesabları dondurulub, ofislərində axtarışlar aparılıb. Leyla Yunus, İntiqam Əliyev, Anar Məmmədli və Bəşir Süleymanlı da daxil olmaqla, bir sıra hüquq müdafiəçiləri həbs olunub. Avropa Şurasının Venesiya Komissiyası 2014-cü ildə QHT-lərin qeydiyyatı, maliyyələşməsi və dövlət nəzarəti ilə bağlı məhdudiyyətləri tənqid edib.
QHT-lərin maliyyələşdirilməsi ilə bağlı 2014-cü ildə başlanmış və 2022-ci ildə dayandırılmış cinayət işi üzrə istintaq 2025-ci ilin fevralında yenidən bərpa olunub. Bundan sonra beynəlxalq donorlarla əməkdaşlıq edən bir sıra vətəndaş cəmiyyəti nümayəndələri saxlanılıb, artıq bəzilərinə həbs cəzası da kəsilib. Onların arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, "Ubuntu" Sosial İş Assosiasiyasının təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və Seçkilərin Müşahidəsi Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) da var.
Azərbaycanın hüquq-mühafizə orqanları QHT-lərlə bağlı cinayət işlərini qanun pozuntularının araşdırılması ilə əsaslandırırlar. "Amnesty International"ın 2025-ci il üzrə hesabatına görə isə, istintaq çərçivəsində ən azı 50 vətəndaş cəmiyyəti nümayəndəsi dindirilib. Təşkilat bunun cəmiyyətdə qorxu və özünüsenzura mühitini gücləndirdiyini bildirib. Avropa Şurası Parlament Assambleyası da 2026-cı ilin iyununda qəbul etdiyi qətnamədə QHT-lərin xarici maliyyələşməsinə qoyulan məhdudiyyətləri və hüquq müdafiəçilərinin cinayət təqibini tənqid edib.
"Human Rights Watch" insan haqları təşkilatı isə noyabrın 23-də Azərbaycan hakimiyyətini təklif olunan dəyişiklikləri geri götürməyə, qanuni fəaliyyətlərinə görə həbs edilən vətəndaş cəmiyyəti fəallarını azadlığa buraxmağa və müstəqil təşkilatlara qarşı cinayət qanunvericiliyindən təzyiq vasitəsi kimi istifadəyə son qoymağa çağırıb.
2015-ci ildə həbsdən buraxıldıqdan sonra Niderlandda siyasi sığınacaq almış L.Yunus hesab edir ki, beynəlxalq tənqid kifayət deyil; real nəticə qazanmaq üçün Azərbaycan hakimiyyətinə təzyiq gücləndirilməli, rejimə investisiya və qrantların verilməsi dayandırılmalı, sanksiyalar tətbiq olunmalıdır.
"Yeni qanun layihəsi Azərbaycanda müstəqil QHT-lərin son qalıqlarına vurulan, sadəcə, sonuncu güllədir. Bu, faktiki olaraq ölkədə vətəndaş cəmiyyətinin məhv edildiyinin təsdiqidir", – o deyir.