Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:46

Dağlıq Qarabağda monitorinq sistemi təklif edirlər


Azərbaycan ordusu
Azərbaycan ordusu

-

«Eurovision» Rusiyayla bağlı nələri üzə çıxardı? Media şirkətinin rəhbərliyi istefa verir – 16 may Qərb mediasının icmalı.

«Bəzən problemin həlli bir razılaşmayla deyil, hissə-hissə əldə olunur. Bu variant Dağlıq Qarabağ münaqişəsində də mümkün ola bilər. Azərbaycan və Ermənistan prezidentləri mayın 16-da Vyanada görüşürlər. Bu görüş nə qədər vacib sayılsa da, münaqişənin uzunmüddətli həllində ciddi uğur qazanılması real deyil… Məqsəd aprel döyüşlərindən sonra əldə edilmiş atəşkəsi gücləndirməkdir». «Stratfor» Araşdırmalar Mərkəzi belə yazır və yüksək gərginlik içində olan hər iki ölkə rəhbərliyinin sülh prosesinə doğru tərpənməyə meyl göstərmədiyini vurğulayır.

«Ancaq görüşdə tərəflərə təzyiq olunacaq ki, təmas xəttində pozuntuları qeydə almaqdan ötrü xüsusi avadanlıq yerləşdirməyə dair ABŞ-ın təşəbbüsünü qəbul etsinlər. Belə bir monitorinq avadanlığı atışmaların qızışmasını əngəlləyər, eləcə də artilleriya atəşlərini azaldar».

Yazıda vurğulanır ki, Ermənistan və Qarabağ bu ideyaya açıqdır, Rusiya da təklif edib ki, ATƏT-in indiki sədri Almaniya avadanlığın quraşdırılmasına cavabdeh olsun. Azərbaycan isə ideyanı qətiyyətlə rədd edir. «Stratfor» bunu Azərbaycanın sərhəd toqquşmalarında birbaşa iştirakına bağlayır və iddia edir ki, rəsmi Bakı monitorinq sistemini özünə qarşı sayır, üzərinə daha çox öhdəlik qoyacaq sistemi istəmir.

«Moskva Qərbin münaqişənin həllində iştirakını getdikcə daha çox qəbul edir. Görünür, Rusiya Qərbin rolunu saxlamağa çalışır, özü isə bütün tərəflər arasında baş vasitəçilik edir. Ancaq Moskvanın təşəbbüsüylə istənilən böyük sövdələşmə Azərbaycandan güzəştlər hesabına başa gələ bilər, Ermənistanı isə razılaşmanın qəbuluna dilə tutmaq lazım gələcək. Hələlik, bunların heç biri mümkün görünmür. Ona görə də, Moskva Qərbə göstərməyə çalışacaq ki, sülhü, azından, indilik saxlamaq gücündədir».

Jamala
Jamala

RUSİYAYA NECƏ BAXIRLAR

Bu günlərdə Ukrayna sanki dünya gündəmindən uzaq düşmüşdü, ölkənin şərqində zorakılıqlar səngimiş, Rusiyanın da başı Suriyaya qarışmışdı. Amma ötən şənbə «Eurovision» mahnı müsabiqəsində ukraynalı Jamala-nın Krım tatarları barədə oxuduğu mahnının qalib gəlməsi Kiyevi bir daha diqqət mərkəzinə gətirdi.

«The Guardian» qəzetində Mary Dejevsky yazır ki, builki «Eurovision» Avropanın Rusiya və Ukrayna məsələsində necə dərindən parçalandığını üzə çıxardı.

Ən sarsıdıcı isə milli münsiflər heyəti ilə tamaşaçıların səsverməsi arasındakı fərq idi. Münsiflər heyəti keçmişdəki kimi, siyasi instinktlərlə davranıb, əksəriyyəti Ukraynaya Rusiyadan daha çox səs verib. Amma «xalq» daha cəsur davranıb, səsvermə boyunca bu iki ölkəni bir-birinə xeyli yaxınlaşdırıb.

Müəllifin fikrincə, «Eurovision» səsverməsində elitayla xalq arasındakı bu uçurum elə Rusiya barədə fikirlərdə də əksini tapır. Məsələn, Qərb Rusiyanı Ukraynaya görə pisləyəndə, çoxları sosial mediada bu arqumentləri balanslaşdırmağa çalışırdı. Rəsmi təmaslar dayananda, sosial media istifadəçiləri dialoqun açıq qalmasına çağırırdılar. Həm də bunlar Kremlin trolları deyildi, fərqli fikirli qeyri-mütəxəssislər idi.

«Hətta gələn il bu vaxtadək Minsk-2 sazişi yerinə yetirilsə belə, Jamala və rusiyalı təmsilçi Sergei Lazarev-in Kiyevdə eyni səhnəni paylaşacağını təsəvvürə gətirmək çətindir. Ancaq peşəkarlar artıq xalqdan bəzi şeyləri öyrənməlidirlər, qəbul etməlidirlər ki, Ukraynada diplomatik qarşıdurmanı bitirməyin vaxtı çatıb».

Rusiyalı siyasətçilər Jamala-nın qələbəsini «siyasi» adlandırır, müsabiqənin qeyri-siyasi yarışma öhdəliyini sorğu-sual edirlər. Bunu «Newsweek» dərgisində Damien Sharkov yazır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova Facebook-da qeyd edib ki, gələn il Ukrayna Rusiyanın müttəfiqi, Suriya prezidenti Bashar al-Assad-ı tənqid edən mahnı göndərməlidir.

Prezident Vladimir Putin-in tərəfdarı, parlament üzvü Alexei Pushkov Jamala-nın qələbəsini «Eurovision»un sonunun başlanğıcı adlandırıb. Onun sözlərincə, Avropada tarixən çox faciələr baş verib, onda gərək onlar barədə də yarışmada mahnı səslənsin.

Digər deputat Franz Klintsevich siyasətin incəsənəti üstələdiyini bildirib: «Gələn il «Eurovision» Kiyevdə olacaq və təşkilatçılar yollarından çıxıb onu mümkün qədər siyasiləşdirəcək, bunu Ukrayna demokratiyasının qələbəsi kimi tərənnüm edəcəklər».

Ukrayna rəsmiləri, prezident, baş nazir sosial mediada Jamala-nı təbrik edib.

RBC
RBC

MEDİA ŞİRKƏTİNİN RƏHBƏRLİYİ İSTEFA VERİR

«Foreign Policy» dərgisində Reid Standish Rusiyada müstəqil media orqanlarının durumunun heç də asan olmamasından söz açır. Son 10 ildə hökumətin bir sıra media şirkətlərinin redaksiya azadlığını məhdudlaşdırması bir çoxlarını Kremlin rəsmi xəttini dəstəkləməyə məcbur edib. Lakin Rusiyanın ən böyük media holdinqlərindən olan RBC fərqli davranıb, Kremli qıcıqlandıran yazılar dərc edib.

«Bu azadlıq cümə günü bitdi deyəsən. Şirkət üç aparıcı redaktorun işdən getdiyini elan edib. Həmin redaktorlar əsasən pul və siyasət məsələləri ilə bağlı araşdırmalara nəzarət edirdilər».

Elizaveta Osetinskaya media qrupunun baş redaktoru, Maxim Solyus RBC qəzetinin, Roman Badanin isə RBC xəbər agentliyinin redaktorları idi. Holdinqin açıqlamasında deyilir ki, menecment və redaktorlar «bir sıra vacib məsələlərdə razılığa gələ bilməyiblər».

Məlumatlara görə, bu qərar RBC-nin apardığı araşdırıcı jurnalistikaya görədir. Badanin «The Associated Press» agentliyinə deyib ki, hakimiyyətin təzyiqləri istefalarla sonuclanıb. «Novaya Gazeta»nın yazdığına görə, şirkət səhmdarları Solyus-un istefasını istəyiblər, Osetinskaya və Badanin buna etiraz olaraq istefa veriblər.

RBC «Panama Sənədləri» barədə məlumat verən azsaylı media orqanlarından idi. Bu sənədlər bir sıra tanınmış şəxslərin ofşor sərvətlərini üzə çıxardı.

Kreml isə RBC holdinqə heç bir təzyiq göstərmədiyini bildirir.

XS
SM
MD
LG