Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:28

Qəbələ meşələrində nə baş verir?


Qəbələnin Çuxur Qəbələ kəndinin meşələrində ağac kəsimi
Qəbələnin Çuxur Qəbələ kəndinin meşələrində ağac kəsimi

Kənd sakinləri iddia edirlər ki, kənddəki Qızıl Balıqartırma Zavodunun müdiri zavodun ərazisinin genişləndirilməsi adı altında torpaq sahələrini zəbt, fındıq bağlarını məhv edir. Zavod Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır

Qəbələnin Çuxur Qəbələ kəndinin bir qrup sakini AzadlıqRadiosu-na danışırlar ki, 1975-ci ildən istifadələrində olan və abadlaşdırdıqları fındıq bağları əllərindən alınır. Sakinlər deyirlər ki, müdiri zavodun ərazisinin genişləndirilməsi adı altında torpaq sahələrini zəbt, fındıq bağlarını məhv edir.

XƏRİTƏNİ DƏ DƏYİŞDİRİB?

Kənd sakini Mərdan Məmmədovun sözlərinə görə, rəsmi qurumlara müraciətlərinə baxmayaraq, proses davam edir, heç bir qurum, o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunun qarşısı almaq üçün addım atmır:

«Vaxtilə bu zavodda indi ahıl yaşlarında olan insanlar işləyiblər. Orada işləyə-işləyə zavodun aşağı hissəsində - meşəlik ərazisindəki kolluqları açıb fındıq bağları salıblar. İndiyədək də həmin bağlara qulluq edirlər. Ancaq Oqtay Məmmədov adlı şəxs zavoda direktor təyin olunandan sonra bizə o bağlara yaxın düşmək əngəllənib. Üstəlik də, zavodun müdiri ətrafdakı qoz-fındıq bağlarını məhv etməkdədir. Xəritəyə qədər dəyişdirib, təzə və saxta bir xəritə çıxartdırıb, zavodun ətrafındakı əraziləri də xəritəyə saldırıb, deyir, “mənim xəritəm, ərazim budur, gedin, hara gücünüz çatır, şikayət edin”».

«QIZILAĞACLIĞI DA KƏSDİRDİ»

Zavodun ətrafında evlər var. Burada təqribən 10 ailə yaşayır. Elə vaxtilə ərazidə qoz-fındıq bağlarını salanlar da bu ailələrdir. Mərdan Məmmədovun sözlərinə görə, zavod müdiri hətta qırmızı kitaba düşən təxminən 50 sot ərazidəki qızılağacları da kəsdirib:

«Zavodun sağ tərəfində meşə idarəsinin balansında olan sahə vardı. Ora da kolluq idi. O vaxtkı zavod müdiri meşə idarəsindən icarəyə götürüb kolluqları açdırmışdı, qoz bağı yaratmışdı. Bu adam gələn kimi həmin qoz bağını, zavodun aşağı tərəfindəki alma, şaftalı bağlarını, qırmızı kitaba düşən qızılağaclığı kəsdirdi, yerində hovuzlar tikdirdi. 80 hovuzu, 20 kanalı olan zavoda əlavə hovuzlar tikdirmək nəyə lazım idi ki? Həmin kanallar, hovuzlar dağılıb. Guya həmin hovuzlarda balıq yetişdirəcəkdi. Əslində isə zavodda, ümumiyyətlə, qızıl balıq əvəzinə forel balıqları yetişdirilir. Bu hovuzların dövlətə heç bir xeyri yoxdur. Heç istifadə də olunmur».

Mərdan Məmmədova görə, azı 6 hektar bağ sahəsinin ağaclarını qırıb sahələri zavodun ərazisinə qatmaqda məqsəd balıq yetişdirmək yox, gələcəkdə mənimsəməkdir.

«DEYİR, TORPAQLAR MƏNİMDİR»

Qəbələ, Çuxur kəndi meşələrində kəslmiş ağacların yeri
Qəbələ, Çuxur kəndi meşələrində kəslmiş ağacların yeri

Namizəd Cavadov deyir, 40 ildir ki, meşə idarəsi 2 hektar sahədə qoz, fındıq ağacları əkib ona təhvil verib ki, qulluq etsin. O da indiyədək ağacları çoxaldıb, qulluq edib, məhsul götürüb. Bundan sonra da həmin torpaq sahəsinə yaxın düşə biləcəkmi? Deyir, belə getsə, yox:

«Deyir, torpaqlar mənimdir. Bələdiyyənin də torpağını ələ keçirib. Bu adam torpaqları ələ keçirə-keçirə gedir».

Əvəz Yusifov:

«Zavodun balansında ta əvvəldən 30,5 hektar yeri olub. İndi deyir, «yox, zavodun 400 hektar yeri var, sizin bağlarınız da zavodun ərazisidir». Meşədə saldığımız bağları qırır tökür. Halbuki, bu torpaqların o zavoda aidiyyəti yoxdur. Meşə idarəsinin rəisini də dəyişib öz adamlarını qoyublar, o da onların mənafelərini qoruyur».

«İLLƏRLƏ QULLUQ ETMİŞİK»

80 yaşlı Məmməd Məmmədov:

Gözlə

No media source currently available

0:00 0:01:22 0:00
Direct-ə keçid

«Gecəni gündüzə qatıb əlimizin zəhmətilə kol- kosdan təmizləyib bu sahələrdə ağaclar əkmişik, illərlə qulluq eləmişik, çoxaltmışıq. Dolanışığımıza da köməyi dəyib. İndi bu peyda olub, deyir «hamısı mənimdir»«.

Zavod Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin balansındadır.

Sakinlər iddia edirlər ki, Oqtay Məmmədovu zavoda bir nazir təyin etdirib. Bu üzdən də qurumlar məsələyə qarışa bilmirlər. Onların sözlərinə görə, zavod müdiri ağac kəsiminə qarşı çıxanı təhqir edir, ərazidən qovur.

«TORPAQLARI ZƏBT EDİBLƏR»

Qəbələ, Çuxur kəndi meşəsində balıq zavodu ərazisi
Qəbələ, Çuxur kəndi meşəsində balıq zavodu ərazisi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev AzadlıqRadiosuna bildirib ki, deyilənlər həqiqətə uyğun deyil:

«O adamlar vaxtilə balıq zavodunda işləyiblər, həmin torpaqları zəbt ediblər. Onların həmin torpaqlardan çıxarılmaları ilə bağlı Qəbələ rayon Məhkəməsi tərəfindən qətnamə də çıxarılıb. Yaxın vaxtlarda qətnamənin icrası baş tutacaq».

Sektor müdiri ağacların kəsilməsinə gəlincə, bildirib ki, cəmi dörd ağac kəsilib: «Həmin ağaclar elektrik xətlərinə mane olduğundan kəsilib, kəsilmələri də aktlaşdırılıb».

XS
SM
MD
LG