AzadlıqRadiosunun Qazax xidməti – Azattık 2022-ci ilin faciəli hadisələrinə həsr olunmuş yeni layihəsini təqdim edib.
Beləliklə jurnalistlər ilk dəfə olaraq Qazaxıstanda işğtişaşlar və güc strukturlarının hərəkətləri nəticəsində həlak olanlar barədə məlumatları dərc ediblər.
“Qanlı yanvarın qurbanları” adlı layihədə hadisələr nəticəsində həlak olmuş 188 nəfər haqqında məlumatlar var.
Xəbər verilir ki, məlumat bazası ilk növbədə həlak olanların qohumlarının şahidliyi əsasında tərtib edilib. Burada həlak olmuş qazaxıstanlıların həyat hekayətləri var.
Qeyd olunur ki, sözü gedən 188 nəfərin ölümünə səbəb olaraq güllə yaraları və dindirmə zamanı tətbiq olunan işgəncələr göstərilir.
Hakimiyyət orqanları iddia edir ki, bu adamların böyük əksəriyyətinin qətli üçün məsuliyyət daşıyanların adları məlum deyil. Hökumət bildirir ki, hətta ehtimal olunan qatilləri müəyyənləşdirmək də mümkün olmur.
CurrentTime yazır ki, bu qətllərin təhqiqatı artıq aylardır davam edir. Həlak olmuş qazaxıstanlıların doğmaları deyirlər ki, ədalətin bərpa olunmasını özlərinə borc bilirlər.
Yanvar hadisələri zamanı xəsarət alanlardan biri də Sayat Adilbekdir:
"Bu adamların heç biri öz əcəli ilə ölməyib. Onlar indi sağ olmalı, arzularının arxasınca getməli, yaxşı işlər görməli, uğur qazanmalı idilər. Heç kəs yaşamaq haqqını ləğv etməyib. Hətta Fövqəladə Vəziyyət vaxtlarında da. Odur ki, kiməsə onu öldürmək üçün atəş açmaq və ya belə bir əmri vermək həmin adamın statusuna baxmayaraq qanunsuz idi”.
Prezidentin “vur öldür” əmri
Qazaxıstanda iğtişaşlar baş verən zaman prezident Kasım-Jomart Tokayev iğtişaşçılara atəş açmaq əmri vermişdi.
Sayat güllə yarası aldıqdan və polisdə işgəncələrdən sonra salamat qalıb. Amma üç yaşlı Aykorkemin bəxti gətriməyib. Onun böyük bacısı və qardaşları ilə birlikdə getdiyi avtomobil yanvarın 7-də atəşə tutulub. Maşın yerli hakimiyyət binasına yaxınlaşanda ona naməlum şəxslər tərəfindən atəş açılıb.
Atası Aydos Medelxanulu deyir ki, güllələrdən biri qızın başına dəyib:
"Biz qızın bədənindən çıxarılmış güllələri ballistik ekspertizaya göndərmişdik. Ekspertlər müəyyən etmişdilər ki, belə güllələrdən yalnız hərbçilər istifadə edirlər. Lakin polislər dərhal dedilər ki, kimin atəş açdığını sübut edə bilməyəcəksiniz. Çünki o vaxt artıq “öldürmək üçün atəş açmaq” əmri verilmişdi. Buna görə də bu ölümlə bağlı heç kimi mühakimə etməyəcəkdilər. Dedilər ki, özümüzü yormayaq”.
Layihənin müəllifləri deyirlər ki, məlumat bazası bir neçə kateqoriyaya bölünüb: Ölənin yaşına, həlak olduğu yerə və vaxta görə.
Məlumat bazasında qohumnların şahid ifadələri də var.
Polis hələ də susur
Yanvarın 7-si Kuat Bitkenbayevin və Qulfiza Kulsultunovanın da həyatlarının son günü olub. Ər-arvad pensiyaçılar güllələndikdən sonra öz avtomobillərində küçənin ortasında diri-diri yanıblar.
Övladları valideynlərinin öldürülməsindən bir neçə gün sonra xəbər tutublar.
Mərhumların oğlu Maulen Keritbayev deyir:
"Biz gələndə gördük ki, bütün maşın güllələrdən deşik-deşikdir və tamamilə yanıb. Atamın sümükləri maşının içindəydi. Mən qardaşım və bacımla sümükləri və kəllələri torbalara yığdıq. Bütün bunları görmək çox ağır idi”.
Azattık yazır ki, həlak olanların qohumları hələ də ədalət axtarırlar.
Onlar istəyirlər ki, hətta əmrlə atəş açanlar da bu əməllərinə görə cavab versinlər.
Rəsmi məlumata görə yanvar hadisələri zamanı 238 nəfər həlak olub. Polis onların adlarını açıqlamır.
Prezident Tokayev hadisələr zamanı ölkəyə guya 20 min muzdlu terrorçunun hücum etdiyini iddia etmişdi. Sonradan bu iddiaların heç biri təsdiqini tapmadı.