Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 22:58

Qazaxıstanda neftçilər tətil edirlər


Mangistauda "Emir Oil" şirkətinin neftçiləri tələbnaməni oxuyurlar
Mangistauda "Emir Oil" şirkətinin neftçiləri tələbnaməni oxuyurlar

Etirazçıların hakimiyyətdən tələblərindən biri də yanvar etirazları zamanı saxlananlara işgəncə verilməsinin dayandırılması və onların azad edilməsidir

Fevralın 15-də Qazaxıstanın Janaozen şəhərində Ozenmunayqaz neft şirkətinin fəhlələri tətilə başlayıblar.

Yanvar ayında bütün ölkəni bürümüş etirazlar da məhz burada başlanmışdı.

AzadlıqRadiosunun Qazax xidmətinin müxbirləri bildirirlər ki, tətilçilər həm siyasi, həm də sosial tələblərlə çıxış edirlər.

Xəbər verilir ki, etirazçılar şəhər avtovağzalının yaxınlığında toplaşmışdılar.

Adi günlərdə onları avtobuslarla mədənlərə buradan aparırlar.

Neftçilər iş şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edirlər.

Etirazçıların hakimiyyətdən tələblərindən biri də yanvar etirazları zamanı saxlananlara işgəncə verilməsinin dayandırılması və onların azad edilməsidir.

“Bizə yenə də köhnəni sırıyıblar”

2011-ci ildə neftçi tətilinin lideri olmuş Orazbay Tursınbay deyib:

“Bizi kədərləndirir ki, Janaozendə başlanmış dinc etiraz Qazaxıstanın bir sıra başqa regionlarında faciə ilə nəticələnib. Biz həlak olanların yaxınlarına başsağlığı veririk. Hazırda saxlananlar terrorçu deyillər, biz onlara qarşı işgəncələrə son qoyulmasını və onların azad olunmasını tələb edirik. Biz hakimiyytədən siyasi islahatların keçirilməsini tələb etmişdik. Amma bizə yenə də köhnəlmişi, çürümüşü sırıyıblar. Bizə yeni dəyişikliklər lazımdır”.

Qazaxıstanın Mangistau vilayətində fevralın əvvəlindən bəri işsizliyə, maaş azlığına qarşı etiraz aksiyaları keçirilir.

Bu da xəbər verilir ki, tələbləri qismən və tam təmin edilmiş fəhlələrin bəziləri iş yerlərinə qayıdıblar.

Hələ də minlərlə saxlanan var

Ötən yanvarda Mangistau regionunda maye qaz yanacağın qiymətlərinin qəfil və kəskin qaldırılmasına görə etiraz aksiyaları başlanmışdı.

Lakin bu etirazlarda siyasi tələblər də irəli sürülürdü. Etirazçılar Nazarbayevə xitabən “qoca, çıx get” şüarı səsləndirirdilər.

Etirazların gedişində bir sıra yerlərdə, o cümlədən ölkənin ən böyük şəhəri Almatıda iğtişaşlar, odlu silahdan istifadə edilməklə talanlar baş vermişdi.

Hakimiyyət etirazların və iğtişaşların xaricdən gətirilmiş terrorçular tərəfindən törədildiyini bildirirdi.

Lakin onların bu iddiaları sonradan heç bir dəlillə sübut olunmadı.

Rəsmi məlumatlara görə yanvar etirazları zamanı ümumilikdə 227 nəfər həlak olub.

Hakimiyyət insan haqları müdafiəçilərinin tələblərinə baxmayaraq qurbanların adlarını dərc etməkdən imtina edir.

Yanvar hadisələri və ondan sonra minlərlə insan saxlanıb. Onlardan bəziləri terrorçuluqda şübhəli bilinir.

Saxlananlardan bir çoxu onlara işgəncələrin tətbiq olunduğunu iddia edir.

XS
SM
MD
LG