Keçid linkləri

2026, 30 Yanvar, Cümə, Bakı vaxtı 02:05

Moskvanın tələb etdiyi rusiyalılarla Astana belə davranır

Mənsur Mövlayev
Mənsur Mövlayev

Rusiya hökumətinin iki tanınmış tənqidçisi hazırda Almatı ətrafında təcridxanadadır. Çeçen fəal Mənsur Mövlayev və Navalnı kampaniyasının keçmiş iştirakçısı Yuliya Yemelyanova ötən ildən həbsdədir. Moskva onların ekstradisiyasını tələb edir. AzadlıqRadiosunun qazax xidməti yazır ki, hüquq müdafiəçiləri, vəkillər onların Rusiyaya verilməsinə mane olmağa çalışır, onları vətəndə ciddi təhlükə gözlədiyini deyirlər.

"Qazaxıstan xalqına müraciət etmək istəyirəm ki, babalarımı ölümdən qurtarmış Qazaxıstan bu gün mənim qətlimə bais olmasın", –Mövlayev ötən ilin mayında dərc olunmuş açıq məktubunda yazıb.

O, Qazaxıstanda Rusiyanın sorğusu əsasında həbs olunub, ekstremizmdə ittiham olunur.

"Deyir ki, onu Rusiyaya versələr, orada onu öldürərlər. Burada qalmaq istəyir", – vəkili Rəna Kərimova AzadlıqRadiosuna müsahibəsində deyib.

Siyasi sığınacaq ala bilməyib

Mövlayev 2020-ci ildə Çeçenistanda narkotik ittihamı ilə həbs olunub. Özü isə Qroznı hakimiyyətini tənqid etdiyi üçün ittihamın saxtalaşdırıldığını deyir. 2022-ci ildə şərti azadlığa buraxılıb. Həmin ilin avqustunda Çeçenistanın hüquq-mühafizə orqanları onu oğurlayıb, gizli həbsxanada saxlayıb, bu haqda "Kavkaz.Realii" yazıb. Hüquq müdafiəçiləri o zaman regionda adam oğurluğunun adi hal kimi yayıldığını, onların Ukraynada müharibəyə göndərməklə təhdid olunduğunu deyirlər.

Mövlayev qaça bilib, sənədsiz halda Qırğızıstana gedib. 2023-cü ildə Bişkek məhkəməsi onu sərhədi qanunsuz keçdiyinə görə altı ay həbsə məhkum edib, cəzasını çəkəndən sonra deportasiyası haqda qərar çıxarıb.

Qırğızıstanda azadlığa çıxandan sonra Qazaxıstana qaçıb. 2025-ci ilin mayında Astanada həbs olunub. Əvvəlcə 40 sutkalıq həbs olunub, sonra bu müddət bir neçə dəfə uzadılıb.

Vəkillərin köməyi ilə o, Qazaxıstanda qaçqın statusu alsa da, dekabrda rəsmi qurumlar ona siyasi sığınacaq verməkdən imtina ediblər. Bundan sonra təcridxanadan məktubu yayılıb, Rusiyaya ekstradisiya olunarsa, öləcəyini yazıb.

2022-ci ildə Rusiyada qismən səfərbərlik başlayanda 200 min rusiyalının Qazaxıstana gəldiyi bildirilirdi
2022-ci ildə Rusiyada qismən səfərbərlik başlayanda 200 min rusiyalının Qazaxıstana gəldiyi bildirilirdi

Yemelyanova da ekstradisiyasını gözləyir

Fəal Yuliya Yemelyanova müxalifət lideri Aleksey Navalnı ilə işləyib. Onun vəkilləri də ekstraterritorial yurisdiksiya haqda vəsatət veriblər, hələ baxılmayıb.

Yemelyanova ötən il avqustun 31-də Almatı aeroportunda saxlanıb. Rusiya onun barəsində cinayətdə şübhəli kimi axtarış elan edibmiş.

2021-xi ilin sentyabrında Rusiyada Yemelyanova barəsində taksi sürücüsünün telefonunu oğurlamaq şübhəsi ilə iş açılıb.

Hazırda Yemelyanova da, Mövlayev kimi, Almatı təcridxanasında ekstradisiyasını gözləyir. O da Qazaxıstanda sığınacaq istəyib, ona imtina olunub.

Üçüncü ölkəyə keçənlər olub

Qazaxıstan İnsan Haqları Bürosunun direktoru Denis Jivaqa Qazaxıstana qaçan rusiyalılara hüquqi yardım göstərir. Deyir, ekstradisiya müddəti bitəndən sonra Qazaxıstan hakimiyyəti mane olmasa, Yemelyanova ölkəni tərk edib üçüncü ölkəyə gedə bilər.

Hüquq müdafiəçisi Qazaxıstanın indiyədək heç bir rusiyalıya qaçqın statusu vermədiyini bildirir. Onun fikrincə, Astana əsas siyasi və iqtisadi tərəfdaşlarından olan Moskva ilə münasibətləri kəskinləşdirmək istəmir.

Jivaqa deyir ki, Qazaxıstandan sığınacaq istəyən rusiyalıların çoxu vətəndaş fəalları, müharibəyə getməkdən imtina edən hərbçilərdir. 2025-ci ildə hüquq müdafiəçiləri altı rusiyalı hərbçiyə kömək ediblər. Onlar Rusiyadan səfərbərlikdən qaçıblar, Avropa vizası alaraq Fransaya gedib, orada siyasi sığınacaq üçün müraciət ediblər.

Qazaxıstan vasitəsilə Fransaya gedənlər arasında Buryatiyadan jurnalist Yevgeniya Baltatarova, Yakutiyadan fəal Ayxal Ammosov olub.

Dörd nəfər isə siyasi sığınacaq ala bilməyərək Rusiyaya qaytarılıb.

Bəzi qaçqınlar Qazaxıstandan Rusiyaya zorla qaytarılıb.

Federal Təhlükəsizlik Xidmətinin (FSB) Mixail Jilin adlı zabiti ailəsi ilə birlikdə Qazaxıstana gedib, orada siyasi sığınacaq üçün müraciət edib. Onu Rusiyaya deportasiya ediblər, ailəsi isə Fransaya qaça bilib.

XS
SM
MD
LG