Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 03:35

Qırğız tarixçisi Osmonakun Ibraimov Qazaxıstan prezidentinin latın əlifbasına keçidlə bağlı qərarı və bu qərarın Qırğızıstana təsiri haqda məqalə yazıb. Tarixçi yazır ki, Qazaxıstan prezidenti Nursultan Nazarbaev-in latın əlifbasına keçilməsi ilə bağlı siyasi qərarı İsa Məsihin quruda gəzdiyi kimi, suyun üzərində gəzməsi haqda İncil əfsanəsi ilə assosiasiya olunmağa başlayıb.

LATIN ƏLİFBASI VƏ «RUS DÜNYASI»

«Əfsanəyə görə, Məsih öz həvarilərinə qayıqla Təbəriyyə gölünün qarşı sahilinə yollanmağı tapşırır, özü isə dua etməyə dağa qalxır. Gecə külək qalxır, qasırğa qopur. İsanın şagirdləri su ilə yol getməyə qorxurlar. Onda Məsihin özü qayığa tərəf gəlir. Qorxmuş həvarilərə elə görünür ki, o üzmür, dalğalı suyun üzərində gəzir. Bir anlıq onun özü də güclü küləkdən qorxur, suda batdığını zənn edir. Ancaq ruhun gücü onu irəli aparır. O öz həvarilərinə deyir: «Qorxmayın!». Onun bu hərəkəti digərlərinə də inam aşılayır...

Həqiqətən də, elə işlər var ki, insan onları nə qədər sonraya saxlasa da, şübhələrə və qaçılmaz çətinliklərə baxmayaraq, gec-tez onlarla məşğul olmalıdır. Özəlliklə də söhbət öz gələcəyini və müstəqil dövlətçiliyini quran ölkədən, bütöv bir xalqdan gedirsə.

Beləliklə, Qazaxıstan özünün mədəni kimliyinin təsbiti baxımından ən mühüm addımı atmağa qərar verib: ölkə yaxın illərdə latın əlifbasına keçir. Bu məsələ Qazaxıstanda dəfələrlə qaldırılsa da, onun gerçəkləşməsi hər dəfə qeyri-müəyyən müddətə ertələnib. Hesab edilirdi ki, hələ tezdir və cəmiyyət hələ buna görə yetişməyib. Ehtiyatlılığı ilə seçilən, yerli-yersiz hay-küyü sevməyən Qazaxıstan prezidenti dilçi alimlərə latın əlifbasına keçid məsələsinin dil, iqtisadçılara isə maliyyə tərəfini hesablamağı tapşırıb.

Bu məsələnin həlli özü-özlüyündə asan deyil. Bütün səbəblərlə yanaşı, hamının anladığı qorxu da var: bu addım ölkənin özündə, yaxın və uzaq xaricdə, xüsusən Rusiya və «rus dünyası»nda hansı əks-sədanı doğuracaq?», – müəllif yazır.

2025-Cİ İL HƏDƏF QOYULUB

Nəhayət ki, Qazaxıstan prezidenti tədricən, mərhələli və tam keçid haqqında yekun qərar qəbul etdi. Latın əlifbasına keçid 2025-ci ilədək baş tutmalıdır.

Osmonakun Ibraimov
Osmonakun Ibraimov

Müəllifin fikrincə, Nursultan Nazarbaev-in qərarı mübahisə və müzakirələrə yol açacaq, özü də təkcə Qazaxıstanda yox. Bu qərar artıq Qırğızıstanda da müzakirələr yaradıb. Artıq ölkədə latın əlifbasının tətbiqi, hərflərin səsləri dəqiq ifadə etməsi, fonem və başqa qrammatik məqamlar müzakirə olunmaqdadır. Yeri gəlmişkən, qırğız və qazax dillərində ötən əsrin 20-30-cu illərində latın qrafikasından istifadə olunub. Tarixçi yazır ki, bu təcrübə uğurlu olub və indi bu praktika bərpa edilməlidir.

«BU, YENİLİK DEYİL»

«Özbəkistanla Türkmənistan da latın əlifbasına keçib. Azərbaycansa hamıdan əvvəl keçib. İndi də Qazaxıstan. Əminliklə demək olar ki, Qırğızıstan regionda kiril qrafikasından istifadə edən yeganə ölkə kimi qalmaq istəməyəcək.

Bundan başqa, latın əlifbasına keçidin türk dünyası istiqamətində seçim edilməsi olduğunu düşünənlər az deyil. Müəyyən mənada belədir. Ancaq bu, ilk növbədə, dövlət müstəqilliyi yönündə seçimdir.

Latın əlifbasına keçid rus dilindən imtina deməkdirmi? Əlbəttə, yox. Bu dil bizim üçün milli intellektual resurs olub və indi də belədir.

Bəs qazaxlar və qırğızlardan ötrü latın əlifbası nə deməkdir? Bu, qətiyyən yenilik deyil, Orta Asiya xalqlarının başdan-ayağa savadsız olduğu dövrdə, ötən əsrin 20-30-cu illərində mövcud olmuş haldır. Ərəb qrafikası latın əlifbasına dəyişdirildi, sonra isə ümumilikdə kiril qrafikasına keçid əmri verildi. Heç kim də ağlını itirmədi və «qeyri-adekvat» adlandırılmadı. Üstəlik, region ölkələrində ən ciddi mədəni-təhsil sıçrayışı məhz bu illər ərzində baş verdi», – məqalədə deyilir.

«OLACAĞA ÇARƏ YOXDUR»

Müəllif yazır ki, Qazaxıstan prezidenti prezidentliyi dövründə, az qala, ən vacib qərarını verib: «Bu qərar mübahisəsiz olmasa da, sayqı doğurur... Prezidentə asan olmayacaq, xüsusən də qazax xalqı qərarı dəstəkləməsə. ...Ancaq olacağa çarə yoxdur - bunu hamı anlamalıdır.

Bərpa olunan latın qrafikasının unifikasiyası məsələsinə toxunmaq istərdim: Türklər, özbəklər və türkmənlər latın qrafikasını öz tərz və baxışlarına görə dəyişdiriblər. Latın əlifbasının qazax dilinə adaptasiyası zamanı qırğız qrafikasının da nəzərə alınması son dərəcə vacibdir. Buna görə də, biz bir yerdə işləməliyik. Və bir yerdə olmalıyıq. Sadə dildə desək, dillərimizin faktiki ...eyni sistemlər olmasını nəzərə alsaq, qazax-qırğız latın qrafikası identik olmalıdır, ciddi fərq olmamalıdır.

Bəli, Nursultan Nazarbaev suyun üzərində gəzməyə qərar verib və düşünürəm ki, qazax qardaşlarımız onu bu yolda dəstəkləyəcəklər. Qoy qazaxlar suyun üzərində quruda gəzdikləri kimi gəzsinlər. Uğur olsun!».

Günün bütün mövzuları

XS
SM
MD
LG