Qazaxıstanda Moskvanı və onun Ukraynaya müdaxiləsini tənqidləri ilə tanınan iki bloggerə internetdə yazdıqları postlara görə uzunmüddətli həbsxana cəzaları kəsilib.
Almatının rayon məhkəmələrindən birində martın 14-də keçirilən dinləmədə Marqulan Boranbay və Danat Namazbayev hərəsi 5 il olmaqla azadlıqdan məhrum ediliblər.
Məhkəmə onları etnik qazaxlar və ruslar arasında milli nifrətin qızışdırılmasında təqsirli bilib.
Qazaxıstanda ən yüksək vəzifəli rəsmilərin korrupsiyasını tənqid edən yazıları ilə məşhur olan Boranbay həm də “ölkədə hakimiyyətin qanunsuz yolla qəsbinə çağırışda” ittiham olunur.
Müttəhimlər ittihamları rədd ediblər və onların vəkilləri AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti veriləcəyini bildiriblər.
Facebook postlarına görə
Bloggerlər Rusiyanın siyasətini, Moskvanın Ukraynaya müdaxiləsini, Krımın ilhaqını və Donbasda separatçılığın dəstəklənməsini tənqid ediblər.
Onların məqalələrində habelə Rusiyanın Qazaxıstan və Ukrayna da daxil qonşulara münasibətdə siyasətləri kəskin tənqid olunurdu.
Bu məqalələrdə Qazaxıstan rəhbərliyinə Rusiya ilə hər hansı inteqrasiyadan çəkinmək çağırışı edilirdi.
Boranbay və Namazbayevə qarşı cinayət işi 2019-cu ildə onların Facebook postlarına görə açılıb.