Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:17

Qazaxıstan öz ərazisində ‘ABŞ bazaları’ məsələsinə aydınlıq gətirir


Qazaxıstanın Rusiyadakı səfirliyi Astananın Xəzər dənizindəki iki limanını ABŞ donanmasına açdığı və Qazaxıstanda ABŞ hərbi bazalarının yaradılacağı barədə Rusiya mediasında yayılan xəbərləri təkzib edib.

Səfirliyin bəyanatında bildirilir ki, belə xəbərlərin yayılmasına, Qazaxıstan və ABŞ hökumətləri arasında “xüsusi yüklərin Qazaxıstan ərazisində dəmir yolu ilə kommersiya daşınmasına dair” 20 iyun 2010-cu il tarixli sazişin protokollarına edilmiş dəyişikliklər səbəb olub.

Bəyanatda qeyd olunur ki, bu saziş Əfqanıstanda sabitləşdirmə və yenidənqurma ilə məşğul olan Birləşmiş Ştatlara dəstək məqsədilə imzalanıb.

Qazaxıstanın Rusiyadakı səfirliyinin bəyanatında Qazaxıstan-ABŞ protokollarına edilmiş dəyişiklilərin təfərrüatı da verilir.

Bu sazişin 2-ci paraqrafının 3-cü maddəsinə edilmiş dəyişikliklər xüsusi yüklərin və onları müşayiət edən heyətin aşağıdakı məntəqələrdən keçidini nəzərdə tutur: Rusiyaya və Rusiyadan – İletsk-Jaysan sərhəd-keçid məntəqəsi, Özbəkistana və oradan Sarı Ağac/Keles və ya Beyneu/Qaraqalpakstan keçid məntəqəsi, Qazaxıstana və oradan – Aktau və Kurık limanları.

Bəyanatda deyilir:“Ümumilikdə bu düzəlişlər beynəlxalq icmanın Əfqanıstana sabitlik gətirmək səylərinə dəstək verir. Rusiya Federasiyası da bundan əvvəl Birləşmiş Ştatlarla buna bənzər sazişlər imzalayıb və (silah olmayan) xüsusi yüklərin daşınmasında iştirak edib”.

Bundan əvvəl Rusiyanın Pravda.ru saytı yazmışdı ki, “Qazaxıstan özünün Xəzər portları Aktau və Kurıkı ABŞ üçün açıb və bu, Birləşmiş Ştatlara Əfqanıstana yüklərin Rusiyadan yan keçərək daşınması imkanı verəcək”.

Xəbərdə deyilir ki, razılaşma mart ayında ABŞ Senatında təsdiq edilib və tezliklə prezident Nazarbayev tərəfindən imzalanacaq.

Nursultan Nazarbayev (solda) və Donald Trump bu ilin yanvarında Ağ Evdə görüşüblər
Nursultan Nazarbayev (solda) və Donald Trump bu ilin yanvarında Ağ Evdə görüşüblər

Bu da qeyd olunur ki, ABŞ-ın təklifinə görə Əfqanıstana gedən xüsusi yüklər Gürcüstan və Azərbaycandan keçərək Xəzər dənizi üzərindən Qazaxıstana çatacaq, buradan isə dəmir yolu ilə əvvəlcə Özbəkistana, oradan isə Əfqanıstana göndəriləcək.

Pravda.ru və bəzi başqa xəbər saytları yazır ki, Qazaxıstan hökuməti bu sazişi ABŞ-ın strateji partnyoru kimi, müstəsna olaraq ölkənin maraqlarına uyğun və qonşu Əfqanıstanda sülhün dəstəklənməsi naminə imzalayıb.

Bundan əvvəl Pravda.ru yazırdı ki, Nursultan Nazarbayev bütün Mərkəzi Asiyada Rusiyanın ən etibarlı müttəfiqidir. Ölkə Avrasiya İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür.

Xəbərdə deyilir ki, buna baxmayaraq Astana Pentaqonla əlaqələrini dərinləşdirir. Bu günlərdə iki ölkənin rəsmiləri Vaşiqntonda hərbi əməkdaşlıq sahəsində 2018-2022-ci illəri əhatə edəcək beşillik əməkdaşlıq planı imzalayıblar.

Bir sıra Rusiya saytları iddia edir ki, bu razılaşmanın bəzi müddəaları ABŞ-ın Aktau limanında hərbi dəniz bazası yaratmaq planlarını nəzərdə tuta bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG