"Abşeronun qaz idarəsinin otaqlarında gurhagurla "ceyran peçi" yanır. Otaqlar o qədər istidir ki, soyuq havada da pəncərələri açırlar. Ancaq Masazırda qaz yoxdur deyə, evləri elektrik cihazlarıyla qızdırırıq, ayın sonunda 150 manatadək işıqpulu gəlir. Belə getsə, 9 aylıq körpəmi də götürüb gedib oturacam qaz idarəsindəki "ceyran peçləri"nin böyründə..."
Masazır sakini İmdad Şıxəliyev deyir, yağışlar düşəni qəsəbənin köhnə ənənələri baş qaldırıb. Masazırın alnına sanki əbədi yazılan əsas iki problemi var - yollardakı selləmələr və mavi yanacağın qeybə çəkilməsi... Hazırda sakinlər hər iki problemdən əziyyət çəkir.
Buna da bax: Sürüşmə ərazilərindəki yeni tikililər təhlükədə
“CEYRAN PEÇLƏRİ GURULDAYIR”
İmdad Şıxəliyevin sözlərinə görə, bir neçə gün əvvəl qaz kəsildiyi üçün sakinlərlə toplaşıb yerli qaz idarəsinə gediblər. İdarədə gördüklərindən heyrətə gəliblər:
"İdarəyə girəndə gördük otaqlarda "ceyran peçləri" guruldayır. Otaqlar o qədər istidir ki, adamın ürəyi sıxılır. Pəncərələri də açıblar. Dedim, qazı kəsmisiz, mənim 9 aylıq xəstə körpəm evdə soyuqdan donur..."
Sakinlərin deməsinə görə, mavi yanacaq qəsəbədəki şirniyyat sexlərinə və başqa müəssisələrə verilir. Qaz bölgüsü bərabər aparılmadığından fərdi yaşayış evlərinə mavi yanacaq gəlib çatmır.
Buna da bax: Kəndli: 'Hərəni bir bəhanə ilə torpaqdan məhrum ediblər'
Masazır sakini İsgəndər Quliyev:
"Gəlin, aparım sizi tanıdığım sexlərə, görün necə qaz verilir oralara... Qazı sümürüb sexlərə ötürürlər, bir də öz oturduqları yerləri qızdırırlar, bununla da vəzifələrini bitmiş hesab edirlər".
AYA 120-130 MANAT İŞIQPULU
Daha bir qaz şikayəti Rəsulzadə qəsəbəsindən gəlib. Sakinlər AzadlıqRadiosu-na yazırlar ki, 4 gündür qəsəbənin bəzi hissələrində qaz yerli-dibli kəsilib, bəzi hissələrinə isə o qədər zəif təzyiqlə ötürülür ki, heç çaydan da qaynamır. Qəsəbə sakini Sənubər Vəliyeva yazır:
"Havalar soyuyur. Son bir neçə gün davamlı soyuqları, yağışı gördünüz. Hələ oktyabr indi gəlib, gör bunun ardı necə olacaq. Qışın sərt keçəcəyini proqnozlaşdırırlar. Ancaq qəsəbəmiz qışa qətiyyən hazır deyil. Nə yol, nə qaz baxımından... Bir az işıq məsələsi qaydasındadır. Qaz demək olar ki, yoxdur. Yenə hər ay üstümüzə 120-130 manat işıqpulu gələcək. Qara günlərimizi indidən qablaşdırmaqdayıq".
Buna da bax: Qarabaqqal kənd sakini: 'Yağıntı davam etsə, çörəksiz qalacağıq'
“MAVİ YANACAQ PROBLEMİ GÖZLƏNİLMİR”
AzadlıqRadiosu-na Sabunçu, Suraxanı, Abşeron rayonlarından xeyli belə şikayətlər daxil olub. Şikayətlərdə mavi yanacağın yoxluğu, ya da təzyiqinin azlığı qeyd olunur. Sakinlər yazır ki, “Azəriqaz”ın "qaynar xətt"i də cavab vermir.
Abşeron rayon qaz idarəsindən AzadlıqRadiosu-nun "Qaynar xətt"inə bildirilib ki, havalar soyuduğundan hamı əsas istilik mənbəyi kimi qazdan istifadə etdiyi üçün sərfiyyat artıb. Qış qazı verilənədək belə problemlər olacaq: "Mavi yanacağa tələbat yüksəldiyindən sərfiyyat iki dəfədən çox artıb. Ancaq qəsəbədə qışboyu mavi yanacaq problemi gözlənilmir".
Buna da bax: Köçkün: 'Sən demə, torpağı mənə satan yazılmamış qaydaları pozub...'
"Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsi də mavi yanacaqla bağlı problemlərə aydınlıq gətirib. Qurumdan xəbər saytlarına bildirilib ki, qazın verilişindəki problemlər soyuqlarla bağlı qəflətən sərfiyyatın artmasıyla əlaqədardır.