Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:29

Kəndli: 'Hərəni bir bəhanə ilə torpaqdan məhrum ediblər'


Arxiv fotosu
Arxiv fotosu

"Kənddə hərəni bir bəhanəylə torpaqsız qoyurlar. Kimisinə torpaq vermirlər, kimisinin də olan torpağını əlindən alırlar. Halbuki, torpaqsız kəndli ölü kimi şeydir. Bizi yaşadan, ayaqda saxlayan əkindir, heyvandarlıqdır".

Bunu "Qaynar xətt"ə Göyçayın Cəyirli kənd sakini, 1-ci qrup əlil Gülağa Quliyev deyir.

Əlilin iddiasına görə, yerli icra hakimiyyəti ilə yerli bələdiyyələr əlbir olaraq kəndlilərə məxsus torpaq sahələrini satırlar:

"Torpaqlar saxta yollarla satılır. Kənd adamları çıxılmaz durumda qalıb. Kəndlilər kənd təsərrüfatı ilə məşğul ola bilmirlər. Səsimizi eşidən yoxdur. Bu gün torpağın, əkinin, dolanışığın var, səhər eşidirsən ki, torpaq başqasındadır. Bu alverdən kəndli itirir, rayon məmurları qazanır".

Buna da bax: Əlil: 'Prezidenti aldadıblar'

“MƏNƏ ÇATASI TORPAQ BAŞQASINA SATILIB”

Əlil deyir, Cəyirlidə doğulub, orada yaşayır. 1998-ci ildə aparılan aqrar islahatlar vaxtı ona pay torpağı verilməyib:

"Mən bu barədə yerli məmurlara və bələdiyyəyə müraciət edəndə, deyirlər, həmin illərdə kənddə olmamısan. Halbuki, mən həmin illərdə Gəncə Kənd Təsərrüfatı Texnikumunda təhsil alırdım. Tələbəlik həyatıyla əlaqədar müvəqqəti Gəncədə yaşasam da, yaşayış qeydiyyatım kənddəki evimizə olub və mütəmadi ailəmin yanına gəlib getmişəm, qalmışam. Məgər təhsil almağa ölkədaxili başqa şəhərə gedən kəndliyə torpaq verilmir? Bu, tam əsassız bəhanədir".

Əlilin deməsinə görə, aqrar islahatlardan kənarda qalması onun və dörd nəfərlik ailəsinin işsiz, səfalət içərisində yaşamasına səbəb olub:

Buna da bax: QMİ: 'Uşaq Aşura günü məscidə gedirsə, bu, çox gözəl haldır'

"Hamı taxıl əkir, məhsul götürür, satır, qışı dolanır. Mənim ailəm acından köpük qusur. Araşdırmışam, mənə çatası torpaq başqasına satılıb. Özlərinə də bildirmişəm, deyirlər, xoşun gəlmir, köç get kənddən, harda torpaq versələr, orda həyatını yaşa... Kəndi əməlli-başlı özəlləşdiriblər. Sahibsiz qalmışıq".

“FAKTLA DANIŞSIN”

Kəndli iddia edir ki, kənd bələdiyyəsi hektarlarla torpaq sahəsini yaxınlarının adına sənədləşdirərək satıb.

Göyçay rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, kəndlinin qurumla bağlı dedikləri həqiqətə uyğun deyil: "Bu məsələlərin icra hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur, islahatların üstündən 20 il ötüb, o kəndli niyə 20 ildə səsini çıxarmayıb, maraqlıdır... Hazırda torpaq məsələsi ilə bələdiyyələr məşğul olur. İcra hakimiyyətlərinin bələdiyyələrin işinə qarışması qanunla yolverilməzdir. O sakin problemini bələdiyyəylə həll etməlidir".

Buna da bax: Qarabaqqal kənd sakini: 'Yağıntı davam etsə, çörəksiz qalacağıq'

Cəyirli kənd bələdiyyəsindən isə bildirilib ki, Gülağa Quliyev dəfələrlə Bələdiyyələrlə İş Mərkəzinə və başqa qurumlara şikayət edib. Şikayətləri araşdırılıb və təsdiqini tapmayıb: "20 il əvvəlki islahatların hazırkı bələdiyyə ilə nə əlaqəsi var?.. Bu işlə vaxtilə müvafiq komissiya məşğul olub. İslahatlar başa çatdıqdan sonra o komissiya da dağılıb. O kəndli vaxtında bircə dəfə o komissiyaya müraciət etməyib. Ona bəhanə gətirib islahatdan kənarda saxlayanları məhkəməyə veribmi vaxtilə? Torpaqların bələdiyyə tərəfindən satılmasına gəlincə, faktla danışsın".

Gülağa Quliyev hələ bundan sonra məhkəməyə müraciət etməyi düşünür.

XS
SM
MD
LG