Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:57

Əlil: 'Prezidenti aldadıblar'


Adamlar yumurta qutularını evdə yağış suları axan künclərə yığırlar
Adamlar yumurta qutularını evdə yağış suları axan künclərə yığırlar

«Şəkildəki yumurta qutularını görürsünüz? O qutular suyu canına yaxşı çəkir deyə, evin künclərinə yığırıq ki, yağış sularını çəksin».

Bunu AzadlıqRadiosuna Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayondakı 19-cu binada yaşayan İslam Həsənov deyir.

«QISA MÜDDƏTƏ BİNALARIN AYIBLARI ÜZƏ ÇIXDI»

İ.Həsənov 2-ci qrup Qarabağ əlili, ehtiyatda olan zabitdir. 7 ildir ki, hökumət ona həmin ünvanda mənzil verib. 2010-cu ildə yeni inşa olunmuş 4-mərtəbəli, 36-mənzilli iki bina və 9-mərtəbəli bir binada yaşayanlar illərdir ki, əziyyət çəkdiklərini deyirlər. Onların sözlərinə görə, binalar istifadəyə veriləndə yalnız şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulsa da, sonradan binalara Bakıdan da ümumi əlillər köçürülüb. Burada yaşayanlar mənzillərinə hələ də sənəd ala bilməyiblər, əvəzində bolluca problemlər yaşayırlar.

İ.Həsənov danışır:

«Qısa müddətdən sonra binaların ayıbları ortaya çıxmağa başladı. Gah kommunikasiya xətləri sıradan çıxdı, gah dəm qazından boğulmalar başladı, gah dam örtüyündən yağış suları evlərə axdı... Məlum oldu ki, bu binalar keyfiyyətsiz, ucuz materiallarla və qeyri-peşəkar işçi qüvvəsi ilə ərsəyə gəlib. Sakinlər də bu barədə yerli icra hakimiyyətinə yazdı».

Binalarda ümumi istilik sistemi ola-ola, özləri təhlükəli, qadağan olunmuş sobalar qoyublar evlərə
Binalarda ümumi istilik sistemi ola-ola, özləri təhlükəli, qadağan olunmuş sobalar qoyublar evlərə

«PREZİDENTİ ALDATMIŞDILAR Kİ...»

İ.Həsənov deyir, yaşadığı binada dəfələrlə dəm qazından boğulma halları baş verib, ona görə də ailəsini başqa yerə köçürüb:

«Mənzillərin hamamlarında dəm qazı var, həftədə birində boğulma olur. Şəxsən mən ailəmi bu evdən çıxarıb başqa yerə köçürmüşəm ki, faciə yaşamayım. Binalarda qızdırıcı olsa da, mənzillər istiliklə təmin olunmur. İmkanı olan maye qaz vurub işlədir, imkanı olmayan donur».

Digər binada yaşayan əlil Səfa Məmmədov deyir, hazırda fasiləsiz yağışın suları dam örtüyündən evin içərisinə axır:

«Yuxarı mərtəbələrdə vəziyyət daha acınacaqlıdır. Hər yerə vedrə düzürük. Dam örtüyü elə bina təhvil veriləndən az sonra sıradan çıxdı. Dam örtüyü də asfalt deyil ki, günahı adamların üzərinə yıxsınlar ki, üstündən ağırtonnajlı maşınlarla keçirlər. Yuxarıda, əlçatmaz yerdə olan bir şeydir. Sadəcə, o qədər keyfiyyətsizdir ki, ilk yağışlardan dağılıb töküldü. Halbuki, bu binaların açılışı vaxtı prezidenti aldatmışdılar ki, binaların tikintisində ən bahalı və keyfiyyətli materiallardan istifadə olunub. Bütün mənzillərin divarları yarıq-yarıqdır. Nəmişlikdən beyin çatlayır».

Bina
Bina

DAŞLAR DA QOPUR

Sakinlərin sözlərinə görə, binaya isti su verilmir. Üstəlik, binanın üzərindəki ağlay daşlar qoparaq ərazidəki maşınların üzərinə düşür.

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyindən «Qaynar xətt»ə bildirilib ki, 19 saylı binanın sakinləri icra hakimiyyətinə ərizəylə müraciət ediblər.

İcra hakimiyyəti də ərizəni İstehsalat Birliyinə göndərib. 4 saylı sahənin işçilərinin iştirakıyla dam örtüyünə baxış keçirilib. Bəlli olub ki, güclü külək nəticəsində dam örtüyünün bir hissəsi və fasada vurulmuş ağlay plitənin bir hissəsi qopub. Binanın dam örtüyünün qopmuş hissəsi təmir olunub. Qopmuş ağlay plitələrinin isə yenisi ilə əvəzlənməsi nəzərdə tutulub.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, binalarda başqa problemlər varsa, yaxın vaxtlarda nümayəndələr sakinlərlə görüşərək həmin nöqsanları qeydə alacaqlar.

XS
SM
MD
LG