Bu gün, martın 26-da “Qarabağ qaziləri” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Bu barədə Birliyin İdarə Heyətinin üzvü, jurnalist Rey Kərimoğlu məlumat verib.
Onun sözlərinə görə, ümumi yığıncaqda “Qarabağ qaziləri” İctimai Birliyinin idarə heyəti (Asəf Əliyev, Firidun Məmmədov, Bəhruz Camalov, Rey Kərimoğlu, Şamil Əbilov) və nəzarət təftiş komissiyasının üzvləri (Mirsahib Alıyev, Kavı Lələyev, Rafiq Kərimov) seçilib.
İştirakçıların yekdil səsi ilə Asəf Əliyevi təşkilatın sədri seçiblər.
Rey Kərimoğlu əlavə edib ki, yığıncaq adından, bir neçə məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət qəbul edilib.
“Müraciət həm həbsdə olan qazi və veteranların azad olunmlarını, həm də onların mövcud sosial problemlərinin həllini nəzərdə tutur”, Rey Kərimoğlu qeyd edib.
Təşkilatın ilk sədri Qarabağ müharibəsi veteranı Etimad Əsədov olub. O 2018-ci il oktyabrın 16-da vəfat edib.
Xatırlatma
“Qarabağ qaziləri” İctimai Birliyi 2002-ci ildə yaradılıb. Amma bu təşkilatın rəhbər şəxsləri əvvəlcə Qarabağ Əlilləri Cəmiyyətində (1993-cü ildə yaradılıb) fəaliyyət göstəriblər.
2001-ci il yanvarın 23-də Qarabağ Əlillər Cəmiyyətinin qərargahında ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə xəsarət alan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması, onlara ayrılan təqaüdlərin artırılması və ləğv olunmuş imtiyazlarının bərpası tələbiylə aclıq aksiyasına başlanmışdı.
Aksiyaya Bakıdakı baş qərargah da daxil olmaqla cəmiyyətin əksər rayon təşkilatlarının ümumilikdə bir neçə yüz üzvü qoşulmuşdu.
Cəmiyyət fəallarının aksiyası fevral ayının 23-nə qədər davam edib . Bu, Azərbaycan tarixində ən kütləvi və uzunmüddətli aclıq aksiyalarından biri hesab olunur. O zaman hökumətin buna reaksiya vermədiyini görən cəmiyyət fəalları sonda sudan da imtina edərək, ölüm aclığına keçdiklərini bəyan ediblər və yalnız bundan sonra rəsmilər tərəfindən hadisəyə müdaxilə olunur.
Müdaxilə nəticəsində aksiyaya qoşulan cəmiyyət fəallarından bir qrupu həbs edildi.
Sonradan mərhum Etimad Əsədov və onun tərəfdarları “Qarabağ qaziləri” İctimai Birliyini yaradıblar.