Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:57

Prezidentlərə müraciət: 'Xalqlar münaqişədən yorulub'


Şuşa məcburi köçkünləri

“Erməni və Azərbaycan xalqları bu münaqişədən çoxdan yorulub, yeni-yeni itkilər istəmir. Bu münaqişəni ermənilər və azərbaycanlılardan başqa kiminsə həll etməyə qadir olduğunu düşünmək sadəlövhlük olardı”.

Azərbaycan və Ermənistan bəzi hüquq müdafiəçilərinin iki ölkənin prezidentlərinə və xalqlarına müraciətində belə deyilir.

APA-nın xəbərinə görə, müraciətdə vurğulanır ki, aprel hadisələri müharibənin bərpasının fəlakətli nəticələrə səbəb ola biləcəyini isbatlayıb.

Buna da bax:​ 'Sülh şəraitində ermənilərin Azərbaycanda yaşamasına heç bir maneə yoxdur'

Müraciətdə hərbi məqsədlərə sərf olunan vəsaitlərin xalqların rifahı və inkişafına xidmət edə biləcəyi vurğulanır.

Müəlliflər xalqları, prezidentləri mərdlik və müdriklik göstərməyə, keçmişin girovuna çevrilməməyə, müharibənin faciəvi nəticələrindən dərs çıxarmağa çağırıblar. Onlar hesab edir ki, münaqişənin tezliklə sülh yolu ilə həllindən ötrü substantiv və nəticəyə yönəlmiş danışıqlar sürətləndirilməli, imitasiyaya son qoyulmalıdır.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə qəbuledilməz və dayanıqsız elan etdiyi status-kvo yaxın vaxtlarda dəyişdirilməlidir. Hazırkı status-kvonun təməlini təşkil edən işğal faktı aradan qaldırılmalı, qoşunların çıxarılması təmin edilməlidir. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin olunmalıdır”, müraciətdə bildirilir.

Buna da bax:​ ATƏT-in Qarabağ təklifləri: "Mərhələli həll" variantı

Sənəddə həmçinin, Azərbaycanda erməni mənşəli 30 min vətəndaşın sərbəst yaşadığı, onların hüquqlarının diskriminasiyaya məruz qalmadığı bildirilir.

Sənədi Ermənistan tərəfdən Vahe Avetyan, Vaan Martirosyan, Syuzan Caqinyan, Azərbaycan tərəfdən isə Rövşən Rzayev, Kamil Səlimov, Şəlalə Həsənova imzalayıb.

Həm V.Avetyana, həm V.Martirosyana, həm də Syuzan Caqinyana Ermənistanda münasibət əsasən mənfidir. Ermənistan mediası onların heç də təqdim edildikləri kimi tanınmış ictimai xadim olmadıqlarını iddia edir. Ermənistanda iddialar var ki, bu iki şəxs münasibətlərinin pozulduğu Ermənistan hökumətindən Bakıya səfərləri, azərbaycanlılarla görüşləri vasitəsilə "qisas alırlar". Amma onlar bu iddiaları rədd edirlər.

Buna da bax:​ Vahe Avetian: 'Özümüz öz problemlərimizi həll edə bilərik'

Sözü gedən hüquq müdafiəçiləri bu ilin noyabrında da Azərbaycanda olmuşdular.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupda həmsədr ölkələrdir.

Multimedia

XS
SM
MD
LG