Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:50

ATƏT-in Qarabağ təklifləri: "Mərhələli həll" variantı


Arxiv fotosu: ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan prezidenti Serzh Sakisian-la görüşdə. 26 oktyabr 2015

Arxiv fotosu: ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan prezidenti Serzh Sakisian-la görüşdə. 26 oktyabr 2015

.

2001-ci ilin fevralında prezident Heydər Əliyevin təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun münaqişənin həlliylə bağlı təklif etdiyi üç saziş layihəsi -"Paket Həll", "Mərhələli Həll" və "Ümumi Dövlət Prinsipləri" mətbuatda çap olunub. Həmin sənədləri təqdim edirik.

Həmçinin oxuyun:

MİNSK QRUPUNUN TƏKLİF ETDİYİ SÜLH SAZİŞLƏRİ
(«Mərhələli həll» variantı)

Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında saziş

Preambula:
Mövcud atəşkəsi davamlı sülhə çevirməklə uzun sürən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını həyata keçirməkdə tam qətiyyətli olaraq; xalqlarının inkişafı və rifahı üçün regionda sülh və əməkdaşlığın üstünlüklərini tam anlayaraq; bu regionun xalqlarına firavan və parlaq gələcəkdə inkişaf edəcək demokratik təsisatlar şəraitində normal və səmərəli həyat sürməyə imkan verən Qafqazın müştərək iqtisadi inkişafı üçün zəmin yaratmaq arzusunda olaraq;

bu Saziş əsasında həyata keçirilən əməkdaşlığın bütün regionda ticarət, nəqliyyat və rabitə sahəsində normal münasibətlərə səbəb olacağını və insanlara beynəlxalq təşkilatların köməyi ilə öz şəhər və kəndlərini bərpa etməyə, regiona xarici sərmayə axınının artırılmasına lazım olan sabitliyi yaratmağa və əhalinin çiçəklənməsinə gətirib çıxaracaq faydalı ticarətə yol açmağa imkan verəcəyini və bu inkişaf üçün Qafqaz bölgəsində artıq zəminin olduğunu və qonşularının və dünya xalqlarının rifahı naminə əhali arasında barışıq və əməkdaşlıq vasitəsilə onların böyük potensialını üzə çıxaracağını anlayaraq;

BMT Nizamnaməsinin müddəalarına, ATƏT-in başlıca prinsip və qərarlarına və beynəlxalq hüququn hamı tərəfindən qəbul edilən normalarına və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884-cü Qətnamələrinin tam həyata keçməsinə sadiq qalaraq;

1994-cü ildə Budapeşt Sammitində münaqişənin sülh yolu ilə nizamlanmasında ATƏT-in səyləri və yardımını genişləndirməyə ATƏT-in üzv dövlətləri tərəfindən götürülən öhdəçiliyini, silahlı münaqişənin dayandırılması haqqında Tərəflər arasında Sazişin əldə olunmasından sonra sülhün dəstəklənməsi üzrə ATƏT-in çoxmillətli qüvvələri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə öz siyasi hazırlığı barədə məlumatın təqdimi və operativ danışıqlar aparmaq üçün ATƏT-in Minsk qrupu həmsədrlərinə verdikləri tapşırığı ATƏT-in üzv dövlətlərinə xatırladaraq;

və Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hərtərəfli nizamlanmanın təxirsiz əldə edilməsi məqsədilə sülh prosesini vicdanla davam etdirməkdə qətiyyətli olan Tərəflər aşağıda göstərilmiş işlərlə bağlı öhdəlikləri öz üzərilərinə götürürlər:

I. Tərəflər öz aralarında mübahisələrin nizamlanması üçün zor hədələrindən və ya zor tətbiqindən çəkinirlər və bundan imtina edirlər. Onlar bütün bu cür mübahisələri, o cümlədən bu Sazişin həyata keçirilməsi ilə bağlı yarana biləcək istənilən mübahisələri sülh yolu ilə və ilk növbədə danışıqlar yolu ilə, o cümlədən ATƏT-in Minsk prosesi çərçivəsində həll edirlər.

II. Tərəflər öz silahlı qüvvələrini aşağıdakı müddəalara və Əlavə 1-də verilmiş təfsilatlara əsasən çıxarırlar:

A. Çoxmillətli ATƏT qüvvələrinin ön dəstəsinin hərbi nöqteyi-nəzərdən təyin olunmuş bufer zonasında ilkin yerləşdirilməsi imkanını yaratmaq, tərəfləri bu xətt boyunca aralamaq və qoşunların çıxarılmasının ikinci mərhələsi zamanı təhlükəsizliyi təmin etmək məqsədilə, birinci mərhələdə hazırkı təmas xətti boyunca Dağlıq Qarabağdan şərq və cənub istiqamətlərində yerləşən qüvvələr Yüksək Səviyyəli Planlama Qrupunun (YSPQ) tövsiyələrini nəzərə alınmaqla əlavə 1-də verilmiş qrafik üzrə eyni əlavədə təyin olunmuş xətlərə çəkilirlər.

B. İkinci mərhələdə qüvvələr Əlavə 1-də verilmiş qrafika uyğun aşağıdakı qaydada çıxarılırlar:

(1) Ermənistan Respublikasının sərhədlərindən kənarda yerləşən istənilən Ermənistan qoşunları bu sərhədlərin daxilinə çəkilirlər.

(2) Dağlıq Qarabağ qoşunları Laçın rayonu istisna olmaqla, Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ilin hüdudları daxilinə çıxarılır.

(3) Azərbaycan qoşunları YSPQ tövsiyələri əsasında Əlavə 1-də razılaşdırılmış xətlərdən kənara və Ermənistanın istənilən ərazisindən çıxarılır.

(4) Ağır silahlar ATƏT-in sülhün qorunması üzrə əməliyyat bölmələrinin nəzarəti altında Əlavə 1-də ifadə edilmiş şəffaflıq və cavabdehlik tələblərinə riayət etməklə YSPQ tövsiyələri əsasında bu əlavədə göstərilmiş yerlərə aparılır.

III. Qoşunların bu cür çıxarılması nəticəsində boşalmış ərazilər Əlavə 2-də təfsilatı ilə göstərilən buffer zonasını və ayırıcı zonanı təşkil edirlər:

A. Qoşunlar çıxarıldıqdan sonar bufer zonası Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ilin hüdudları və Laçın rayonunun şimal və cənub hüdudları boyunca yerləşəcək. Bufer zonası məskunlaşmamış qalır və ATƏT-in sülhün qorunması üzrə əməliyyat bölmələrindən başqa bu zona tamamilə hərbsizləşdirilir.

B. Əlavə 2-də təfsilatı ilə verildiyi kimi, ayırıcı zona Daimi Müştərək Komissiya ilə birgə fəaliyyətinə icazə verilmiş qüvvələr istisna olmaqla hərbsizləşdirilir. Bu qüvvələrə daxildir:

(1) - sülhün qorunması üzrə əməliyyat bölmələri;

(2) - sərhəd patrulu və mina təmizləyən bölmələr;

(3) - sayı və silahı Əlavə 2-də təyin olunmaqla mülki polis.

C. Əlavə 2-də göstərildiyi kimi, bufer və ayırıcı zonalarda ATƏT-in sülhün qorunması üzrə əməliyyat bölmələrinin nəzarəti altında uçuşsuz zona yaradılır və Tərəflər bu zonalarda hərbi uçuşlar həyata keçirmirlər.

D. Maddə II-yə müvafiq olaraq, qoşunların çıxarılmasından sonar Dağlıq Qarabağ rəhbərliyinin nəzarət etdiyi bütün ərazilərin təhlükəsizliyi Dağlıq Qarabağın mövcud hərbi və təhlükəsizlik strukturları tərəfindən təmin olunur.

IV. 1994-cü il ATƏT-in Budapeşt Sammitinin qərarlarına uyğun olaraq, Maddə 7-də müəyyən edildiyi kimi, Tərəflər Daimi Müştərək Komissiya (DMK) və Ermənistan-Azərbaycan Hökumətlərarası Komissiya (EAHK) ilə birgə fəaliyyət göstərəcək sülhün qorunması üzrə ATƏT-in çoxmillətli əməliyyatını (SQƏ) dəvət edir və onun yerləşdirilməsində köməklik göstərirlər.

Əlavə 2-də göstərildiyi kimi, SQƏ qoşunların və ağır silahların çıxarılmasına, hərbi uçuşların qarşısının alınmasına, hərbsizləşdirmə rejiminə əməl edilməsinə və Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edir. Tərəflər bu məqsədlə ilkin müddəti bir ildən çox olmayan müvafiq qətnamə qəbul etmək və ATƏT-in fəaliyyətdə olan sədrinin məsləhəti ilə lazım gəldikdə bu qətnamənin müddəalarını yeniləşdirmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət edirlər.

Tərəflər razılaşırlar ki, sülhün qorunması üzrə çoxmillətli əməliyyat regiondakı vəziyyətdən və münaqişənin hərtərəfli tənzimləmə sürətindən asılı olaraq minimal müddətdə davam edəcək. Tərəflər bu Sazişin həyata keçirilməsini təmin etmək və sülhün qorunması üzrə əməliyyatın pozulmasının və dayandırılmasının qarısını almaq məqsədilə bütünlüklə SQƏ ilə əməkdaşlıq edirlər.

V. Əlavə 2-də göstərildiyi kimi, Tərəflər ayırıcı zonada məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə təhlükəsiz və könüllü qayıdışına yardım edirlər. Bu zonada demilitarizasiya rejiminə riayət olunmasında Tərəfləri əmin etmək üçün SQƏ Daimi Müştərək Komissiya ilə əməkdaşlıq edərək qayıdan əhalinin təhlükəsizliyinə nəzarət edir. Tərəflər 1987-ci ildən sonra Ermənistan və Azərbaycan arasındakı münaqişənin və gərginliyin nəticəsində bu Sazişlə və ya müfəssəl tənzimləmə ilə əhatə olunan şəxslərdən savayı, köçkün düşmüş digər şəxslərin təcili, təhlükəsiz və könüllü qayıdışını təmin etmək barədə danışıqlar aparırlar.

VI. Əlavə 3-də verilmiş qrafik və müəyyən olunmuş konkret müddəalara uyğun olaraq, Tərəflər qüvvələrin çıxarılması ilə eyni zamanda yolların, dəmir yolların, elektrik və kommunikasiya xətlərinin, ticarət və digər münasibətlərin bərpasını və ən qısa müddətdə bu məqsədlərə nail olmaq üçün bütün lazımi işləri nəzərdə tutan tədbirləri dərhal həyata keçirirlər. Tərəflər hamının, o cümlədən etnik azlıqların bu kommunikasiya xətlərindən istifadə etməsinə zəmanət verirlər. Etnik azlıqlara həmçinin bölgənin digər yerlərində yaşayan öz etnik qrupları ilə əlaqə yaratmaq imkanına zəmanət verilir. Hər bir Tərəf bütün blokadaların götürülməsini və maneəsiz bütün digər tərəflərə yüklərin və sərnişinlərin daşınmasını təmin etməyi öhdəsinə götürür.

Tərəflər öz aralarında sərbəst və təhlükəsiz dəmir yol əlaqəsinə zəmanət verirlər.

VII. Münaqişə nəticəsində saxlanılmış bütün şəxslərin tez və təhlükəsiz qaytarılması, itkin düşmüş şəxslərin aqibətinin araşdırılması, bütün cəsədlərin repatriasiyası və münaqişədən zərər çəkmiş rayonların bərpası məqsədi ilə bu rayonlara Tərəflərin nəzarət etdikləri ərazilərdən humanitar və digər yardımın ayrı-seçkilik olmadan çatdırılması üçün Tərəflər

Beynəlxalq Qırmızı Xaç Komitəsi, Qaçqınlar üzrə BMT Ali Komissarı və digər humanitar təşkilatlarla hərtərəfli əməkdaşlıq edirlər. Tərəflər etimadın artırılması tədbirlərinin həyata keçirilməsi sahəsində ATƏT-in SQƏ ilə Daimi Müştərək Komissiya vasitəsilə əməkdaşlıq edirlər.

VIII. Tərəflər təxirsiz Azərbaycan və Dağlıq Qarabağa aid olan problemlərə dair bu Sazişin müddəalarının yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Daimi Müştərək Komissiya (DMK) təsis edirlər. DMK-nın sədri ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsidir, iki sədr müavinindən biri Azərbaycanı, digəri isə, Dağlıq Qarabağı təmsil edir. DMK-nın əsas vəzifəsi Sazişin həyata keçirilməsinə nəzarətdən ibarətdir;

ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin vəzifələri ixtilaf hallarında vasitəçilik etmək və təbii fəlakətlər kimi fövqəladə hallarda tədbirlərə sanksiya verməkdən ibarətdir. DMK-nın hərbi, iqtisadi, humanitar, mədəniyyət və rabitə sahələri üzrə yardımçı komissiyaları var. DMK-nın strukturu, vəzifələri və digər aidiyyəti olan məsələlər Əlavə 4-də göstərilib.

IX. Tərəflər Azərbaycan və Ermənistan arasında sərhədyanı insidentlərin təxirsiz qarşısının alınmasına yardım göstərən, hər iki ölkənin sərhəd qoşunları və digər müvafiq təhlükəsizlik qüvvələri arasında əlaqə yaradan və yolların, dəmir yollarının, rabitə xətlərinin, boru kəmərlərinin, ticarət və digər əlaqələrin açılmasına nəzarət və yardım edən Erməni-Azərbaycan Parlamentlərarası Komissiya (EAPK) yaradırlar. EAPK-ya iki həmsədr rəhbərlik edir: biri - Ermənistandan, digəri - Azərbaycandan. ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin olunmuş təmsilçi bu Komissiya daxildir. EAPK-nin strukturu, vəzifələri və digər təfərrüatları Əlavə 5-də verilib. Azərbaycan Respublikası və Ermənistan Respublikası bir-birlərinin paytaxtlarında əlaqə büroları yaradırlar.

X. Regionda təhlükəsizliyin artırılmasını, o cümlədən hərbi şəffaflığı və ATƏT sazişinin tam şəkildə icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası və Ermənistan Respublikası müvafiq beynəlxalq və regional forumlarda ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak edirlər.

XI. Bu Sazişin üç Tərəfi bununla münaqişənin hərbi aspektinə son qoyaraq, münaqişənin digər aspektlərinin, o cümlədən Dağlıq Qarabağın statusunun müəyyən edilməsi və Laçın, Şuşa və Şaumyan probleminin həll edilməsi daxil olmaqla münaqişənin siyasi aspektinin hərtərəfli və təxirsiz tənzimlənməsi üçün ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən müvafiq qaydada dəvət olunmuş digər Tərəflərlə Minsk Konfransı həmsədrlərinin köməyi ilə könüllü danışıqlar aparmağa razılaşırlar;

danışıqlar yolu ilə əldə ediləcək bu nizamlama yuxarıda göstərilən üçüncü Tərəflərin imzalamasından sonra mümkün qədər tez çağırılan Minsk Konfransında beynəlxalq toplum tərəfindən tanınacaqdır.

XII. Hər bir Tərəf digər Tərəflərin və onların əhalisinin təhlükəsizliyinə tam hörmət edir. Tərəflər ticarətə və normal münasibətlərə yardım göstərərək öz xalqları arasında mehriban qonşuluq əlaqələrinin inkişafını öhdələrinə götürürlər və bu Sazişi və ya mehriban münasibətləri poza bilən bəyanat və ya əməllərdən çəkinirlər.

XIII. Sülhün qorunması və qoşunların çıxarılmasına nəzarətə aid olan yuxarıda göstərilmiş konkret müddəalara əlavə olaraq, və 1992-ci il Helsinki sənədində və 1994-cü il Budapeşt sənədində öz əksini tapmış ATƏT-in müvafiq prinsip və öhdəçiliklərini xatırladaraq, ATƏT müvafiq mexanizmlər vasitəsilə bu Sazişin tam həyata keçirilməsinə nəzarət edir və bu prinsip və qərarlara əsasən bu Sazişin şərtlərinin pozulmasına qarşı müvafiq addımlar atır.

ATƏT-in Daimi Şurası və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası vasitəsilə fəaliyyət göstərən bu Sazişin şahidləri onu tam həyata keçirilməsinə yardım göstərirlər. Bu Sazişin ciddi pozulması halında onlar lazımi addımlar barəsində öz aralarında məsləhətləşir, ATƏT-in fəaliyyətdə olan sədrini, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədrini və Birləşmiş Millətlər Təşkilatının baş katibini dərhal məlumatlandırır və ATƏT-in Daimi Şurası və BMT Təhlükəsizlik Şurasından bununla əlaqəli müvafiq tədbirlərin nəzərə alınmasını xahiş edirlər.

XIV. Tərəflər bu Sazişin müddəalarına, o cümlədən Dağlıq Qarabağ, onun əhalisi və qayıdan məcburi köçkünlərin təhlükəsizlik zəmanətlərinə əməl olunmasını təmin etmək və bu Sazişdən irəli gələn bütün öhdəliklərin yerinə yetirilməsi üçün lazımi tədbirlər görmək üçün öz üzərilərinə qarşılıqlı öhdəliklər götürürlər.

XV. Bu Saziş imzalandığı və ratifikasiya edildiyi tarixdən qüvvəyə minir və Maddə XI-də qeyd edilmiş hərtərəfli nizamlamadan irəli gələn istisnalarla qüvvədə qalır. Bütün Tərəflərin razılığına əsasən bu Sazişə dəyişikliklər və əlavələr edilə bilər və həmçinin xitam verilə bilər.

ƏLAVƏLƏR

Əlavə 1. Qoşunların çıxarılması və məcburi köçkünlərin qayıdışının həyata keçirilməsi.

Əlavə 2. Ayırıcı zonada təhlükəsizlik rejimi.

Əlavə 3. Nəqliyyat və rabitə xətlərinin bərpası.

Əlavə 4. Daimi Müştərək Komissiya.

Əlavə 5. Ermənistan-Azərbaycan Parlamentlərarası Komissiyası.

Günün bütün mövzuları

XS
SM
MD
LG