Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 14:05

Qarabağ əlili maşınını yandırdı [video] [yenilənib]


Bəxtiyar Bayramov

Dekabrın 14-ü səhər Qax rayonunda birinci qrup əlil Bəxtiyar Bayramov öz avtomobilini yandırıb.

Bu barədə Azadlıq Radiosuna Bəxtiyar Bayramov özü məlumat verib.

O, maşınını yandırmasını cəriməsinin olması və bunu ödəyə bilmədiyi ilə izah edib:

«Yol polisi maşınımı 400 manat cərimə etmişdi. Mən də bu pulu ödəyə bilmirdim. Qarabağ əliliyəm, heç yerdə işləmirəm, gözümü yalnız bu maşına dikmişdim. Nəhayət, iş gedib çıxdı Qax Rayon Məhkəməsinə. Orada bəlli oldu ki, həmin cərimənin üstünə 240 manat da gəlib. Məhkəmə noyabrın 8-də cərimənin ictimai işlə əvəz edilməsi haqqında qərar verdi. Ancaq qərar yerinə yetirilməmiş qaldı».

Buna da bax:​ Gəncədə Qarabağ əlillərinin narazılığı

B.Bayramov deyir ki, nəticədə bütün bunlara cavab olaraq maşınını yandırıb.

Maşınını yandıran əlili polisə çağırıblar

Qax rayonunda avtomobilinə od vuran Qarabağ əlili dekabrın 14-də polis şöbəsinə çağırılıb. Onunla hazırda fərdi söhbət aparılır.

Bu haqda “Turan” Agentliyinə Qax Rayon Polis Şöbəsinin növbətçi hissəsindən bildiriblər.

“Hər şey yoluna qoyulacaq”, deyə şöbədən əlavə bilgi verməyiblər.

Ancaq axşam saat 19-da belə Bəxtiyar Bayramov şöbədən çıxmayıb.

Buna da bax: Müharibə veteranının dərmanpulu sərgüzəştləri

BDYP: Bəxtiyar Bayramovun sürücülük vəsiqəsi olmayıb

Qarabağ əlilinin avtomobilini yandırmasını Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev şərh edib.

Şöbə rəisi olayın detallarının araşdırıldığını deyib. Ancaq o, detallı bilgi almaqdan ötrü yazılı rəsmi sorğu təqdim olunmasını istəyib.

K.Əliyevin sözlərinə görə, B.Bayramovun sürücülük vəsiqəsi olmayıb.

“B.Bayramovun sürücülük vəsiqəsi də olmayıb. 5 ay əvvəl sürücülük vəsiqəsi olmadan yol-nəqliyyat hadisəsi törədib. Buna görə, Qax Rayon Məhkəməsinin qərarı ilə 400 manat cərimə edilib. Cərimə vaxtında ödənilmədiyindən dəbbə pulu hesablanıb və cərimə 640 manat təşkil edib”, deyən şöbə rəisi B.Bayramovun avtomobilini nədən yandırmasından xəbərsiz olduğunu ifadə edib.

Buna da bax:​ İntihara cəhd göstərən: 'Çevik polisi əraziyə tökdülər, 20 nəfər olardı...'

“Bizim Qarabağ müharibəsi iştirakçılarına, özəlliklə də əlillərə sayğımız var. Ancaq B.Bayramov düzgün hərəkət etməyib. Yol kənarında avtomobilə od vurmaqla digər hərəkət iştirakçılarının da həyatını təhlükədə qoyub”, K.Əliyev qeyd edib.

Maşınını yandıran əlil polisdən qayıdıb

“Polis şöbəsində mənimlə hörmətlə rəftar olundu. Mən haqlarımın pozulduğunu, mənə dəyən ziyanın ödənilməsini, barəmdə çıxarılan məhkəmə qərarının icra edilməsini istədim”.

Dekabrın 14-də səhər saatlarında Qax rayonunda avtomobilini yandıran Qarabağ əlili Bəxtiyar Bayramov polis şöbəsindən çıxdıqdan sonra Azadlıq Radiosuna belə deyib.

Onu olaydan sonra Qax Rayon Polis Şöbəsinə fərdi söhbətə dəvət etmişdilər.

B.Bayramov bildirib ki, polis şöbəsində söhbət zamanı avtomobilini üzləşdiyi haqsızlığa görə, yandırdığını deyib.

“Mənimlə bağlı məhkəmə qərarı var. Həmin qərarın icra edilməsini, habelə maşının yararsız hala düşməsinə görə, mənə dəyən ziyanın ödənilməsini istədim. Mən dəfələrlə “kontuziya almış döyüş əliliyəm, özümə də qəsd edə bilərəm”, deyən B.Bayramov polis şöbəsindən yaxşı əhvalla ayrıldığını bildirib.

B.Bayramovun deməsində görə, şöbədə onun istəklərinə əməl olunacağını bildiriblər.

Qarabağ əlili həmçinin, sabah, dekabrın 15-i səhər yenidən polis şöbəsində olacağını deyib.

Xatırlatma

Dekabrın 14-də Qax rayonunda birinci qrup əlil Bəxtiyar Bayramov öz avtomobilini yandırıb. O, maşınını yandırmasını cəriməsinin olması və bunu ödəyə bilməməsi ilə izah edib.

Buna da bax: Qarabağ əlili özünü yandırmaq istəməsinin səbəbindən danışdı

“Yol polisi maşınımı 400 manat cərimə etmişdi. Mən də bu pulu ödəyə bilmirdim. Qarabağ əliliyəm, heç yerdə işləmirəm, gözümü yalnız bu maşına dikmişdim. Nəhayət, iş gedib çıxdı Qax Rayon Məhkəməsinə. Orada bəlli oldu ki, həmin cərimənin üstünə 240 manat da gəlib. Məhkəmə noyabrın 8-də cərimənin ictimai işlə əvəz edilməsi haqqında qərar verdi. Ancaq qərar yerinə yetirilməmiş qaldı”, B.Bayramov Azadlıq Radiosuna açıqlamasında bildirmişdi.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG