Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:09

Qarabağda döyüşlər qızışarsa...


Talış kəndində erməni tankı. 6 aprel 2016
Talış kəndində erməni tankı. 6 aprel 2016

Dağlıq Qarabağdakı aprel toqquşmalarından bir il keçir, amma daha riskli döyüşlərin qayıtma təhlükəsi qalır. Əməliyyatlar qızışarsa, bu, böyük humanitar fəsadlar törədəcək regional müharibəylə sonuclanar. Beynəlxalq Böhran Qrupunun Avropa və Orta Asiya Proqramının direktoru Magdalena Grono regiondakı riskləri dəyərləndirir.

«ZƏRBƏYƏ HAZIRIQ»

Müəllif Bakıda 1988-1994-cü illər müharibəsinin veteran Bayramla görüşüb. O, 25 il öncə müharibədə itirdiyi qıçına, qaçqın kimi sığındıqları sanatoriyadakı duruma işarə edərək, «müharibənin nə olduğunu yaxşı bilirəm» deyir. Amma dərhal da əlavə edir ki, böyük oğlunu orduya göndərib, ona savaşmağı, vətəni uğrunda savaşmağı söyləyib.

Ötən il aprel toqquşmalarında 200-dək hərbçi həlak olub. Ancaq Bayram kimi məcburi köçkünlərdə vətənpərvərlik hissi həyatlarını itirmək əndişəsini üstələyib. Bayram ümid edirmiş ki, döyüşlər Bakının Dağlıq Qarabağda nəzarəti ələ almasıyla sonuclanar və o da evinə qayıda bilər.

«Amma Ermənistanın paytaxtı Yerevanda fərqli söhbətlər gedir. «Bakı apreldə uduzdu, bunu anlamırsınız?» – tanınmış ermənistanlı ekspert belə deyir. O, Bakıda iki strateji yüksəkliyin ələ keçirilməsiylə bağlı deyilənlərin əksini söyləyir. «İndi azərbaycanlılar hücum edərsə, onlara böyük zərbə endirməyə hazırıq», – başqa bir təhlilçi əlavə edir. Əhalisinin təhlükəsizlik sarıdan narahat olduğu Dağlıq Qarabağda isə belə fikirlər daha kəskin səslənir», – müəllif yazır.

Azərbaycan hərbi texnikası Tərtərdə. 4 aprel 2016
Azərbaycan hərbi texnikası Tərtərdə. 4 aprel 2016

DAHA GÜCLÜ SİLAHLANMA

Məqalədə vurğulanır ki, hər iki tərəfin yanaşması yeni və təhlükəli bir durumu üzə çıxarmış olur. Vaxtilə donmuş hesab olunan münaqişəylə bağlı yeni qarşıdurma iştahası hər iki ölkənin daha çox silahlanmasına gətirib. 2015-ci ildə Azərbaycan orduya 3 milyard dollar xərcləyib ki, bu məbləğ də Ermənistanın illik büdcəsindən böyükdür. Amma Yerevan da geri qalmamağa çalışır, Rusiyanın təklif etdiyi üstün tariflərdən, kreditdən yararlanır.

«Ermənistan və Azərbaycan hazırkı status-kvonu qəbuledilməz sayır və hərənin öz arqumentləri var. Yerevan danışıqlardan öncə təhlükəsizliyin gücləndirilməsini istəyir, təmas xəttindəki gərginlikdən əziyyət çəkən insanlara təminat tələb edir. Bakı isə sülh danışıqlarında irəliləyişə zəmanət, ilkin addım olaraq Dağlıq Qarabağa bitişik ərazilərin qaytarılmasını istəyir. Tərəflər arasında, yaxud sülh prosesində inamsızlıq mühiti yerli və regional səviyyədə risklər doğuracaq zorakılığa yol aça bilər», – məqalədə deyilir.

Abxaziyada Rusiya sülhməramlıları.
Abxaziyada Rusiya sülhməramlıları.

BAKIYLA YEREVANI BİRLƏŞDİRƏN SÜLHMƏRAMLILAR

Moskvanın sülh danışıqlarında təşəbbüsü əlində saxlamağa çalışdığını qeyd edən müəllif Bakıyla Yerevanın Qarabağda Rusiya sülhməramlılarını görmək istəmədiyini yazır. Çünki hər iki tərəf bununla suverenliyini itirəcəyini, sovet imperiyası dövründə olduğu kimi, müti roluna dönəcəyini anlayır.

«Rusiyanı ölkəiçi siyasətimizdən kənar tuta bilmişik. Qarabağa ayaq basmaları o deməkdir ki, daxili işlərimizə də qarışacaqlar», – keçmiş azərbaycanlı siyasətçi vurğulayır. Amma Yerevanda bir müxalifətçi hesab edir ki, Ermənistanda Rusiya hərbi bazası olduğu halda, heç kəsin Qarabağda Rusiya sülhməramlılarını görmək istəməməsi paradoksaldır.

Müəllif qeyd edir ki, ortada ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll mexanizmi var. Amma həmsədr ölkələr – Rusiya, Birləşmiş Ştatlar və Fransadan yüksək səviyyədə dəstək göstərmədən bu münaqişə Cənubi Qafqazın ürəyində, Rusiya, Türkiyə və İran arasında, Avropa Birliyinin Şərq qonşuluğunda təhlükəli barıtqabı (çaxmaqdaşı) kimi qalacaq.

XS
SM
MD
LG