Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 01:28

ABŞ Rusiyanın ‘qanuni oğrularına’ sanksiyalar qoyur


Bütün keçmiş SSRİ-də məşhur "Tayvançik" - Alimjan Toxtaxunov

ABŞ Maliyyə Nazirliyi böyük cinayətkar kartellə əlaqəsi olan 10 rusiyalıya və başqalarına qarşı maliyyə sanksiyaları elan edib. Bu, son üç gündə ABŞ-dan gələn üçüncü sanksiyalar dalğasıdır.

AzadlıqRadiosu yazır ki, nazirliyin Maliyyə Aktivlərinə Nəzarət departamentinin dekabrın 22-də dərc etdiyi siyahıya salınan fərdlərin biznes və maliyyə tranşlarının sözü gedən sanksiyalardan ciddi şəkildə zərər çəkəcəyi düşünülmür. Bununla belə, bu hadisə ABŞ-ın maliyyə sanksiyalarından siyasi alət kimi bundan sonra da istifadə edəcəyini nümayiş etdirir.

Sanksiyaların hədəflədiyi kartel rus terminologiyası ilə “qanuni oğrulardan” ibarətdir. Kriminalların bu zümrəsi Sovet həbsxanalar şəbəkəsi olan QuLaq-ın “məhsulu” sayılır.

Maliyyə Nazirliyinin məlumatında deyilir ki, qanuni oğrular illər ərzində Rusiya, Avropa və Birləşmiş Ştatlarda çirkli pulların yuyulması, reket, rüşvət və qarət kimi əməllərlə məşğul olublar.

Siyahıdakılardan biri də Alimjan Toxtaxunovdur. Ona qarşı Birləşmiş Ştatlarda iki dəfə cinayət işi qaldırılıb. Bunlardan biri 2002-ci ildə Solt Leyk Qış Olimpiadası zamanı rüşvət verilməsi ilə bağlı idi. Bu iş üzrə ittiham 2013-cü ildə irəli sürülmüşdü.

Cani ləqəbi Tayvançik olan Toxtaxunov keçmişdə ABŞ hüquq-mühafizə orqanlarını lağa qoyması ilə tanınır.

O 2013-cü ildə AzadlıqRadiosuna verdiyi müsahibədə demişdi: “Mən əgər pul yumaq istəsəydim, bunu öz ölkəmdə edərdim, elə deyilmi? Şikayət də mənim ölkəmdən gələrdi. Amerikalılar necə şikayət edə bilərlər ki, mən heç orda yaşamadan bu ölkədə çirkli pullar yumuşam?”

Sanksiyalar siyahısındakılardan biri də bütün keçmiş Sovet Orta Asiyasında tanınmış özbək Qafur Raximovdur. O da çirkli pulların yuyulmasında, narkotik maddə qaçaqmalçılığında və digər cinayətlərdə ittiham olunur.

Bu siyahıda keçmişdə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş Vladimir Tyurin, Ruben Tatulyan və Yuri Piçugin də var.

ABŞ və Avropa İttifaqının kəşfiyyat orqanları keçmiş Sovet İttifaqından qaynaqlanan böyük mütəşəkkil cinayətkar şəbəkələrin Avropa, Şimali Amerika və Şərqi Asiyaya şaxələnməsindən həmişə narahatlıq ifadə ediblər.

Kəşfiyyat orqanları belə bir xəbərdarlıq da verirdilər ki, kriminal elementlərin bəziləri Rusiya hökumət agentliklərinin rəsmi əməliyyatlarını icra edirlər.

Bundan əvvəl Birləşmiş Ştatlar Qlobal Magnitsky Qanununa uyğun olaraq Özbəkistan, Rusiya, Ukrayna, Pakistan və başqa yerlərdən olan daha 52 beynəlxalq fiqura qarşı sanksiyalar elan edib.

Dekabrın 21-də elan edilmiş bu qərarla ABŞ-ın sanksiyalar siyahısına daxil edilənlər arasında mərhum Özbəkistan prezidenti İslam Karimovun böyük qızı Gulnara Karimova və Rusiya baş prokuroru Yuri Çaykanın oğlu Artyom Çayka da var.

Bundan bir gün əvvəl ABŞ-ın Maliyyə Nazirliyi Çeçenistan lideri Ramzan Kadırov da daxil daha beş rusiyalıya qarşı işgəncə və qanunsuz qətllərlə bağlı sanksiyalar elan etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG