Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:51

‘Qanun’ nəşriyyatı XİN-dən cavab gözləyir


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

Şahbaz Xuduoğlu: “Bu, şərabla, kürüylə olmur, axı”

“Qanun” nəşriyyatı “Azərbaycan Respublikası 1918-1920” adlı kitab çap edib. Kitabın müəllifləri Ədalət Tahirzadə və Dilqəm Əhməddir.

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu martın 13-də Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş kitabla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə məktub göndərib.

Naşir AzadlıqRadiosuna deyir ki, bir məqsədi olub, Dövlət Komitəsi “Azərbaycan Respublikası 1918-1920” adlı kitabdan alaraq qonaqlarına və ya xaricdəki tədbirlərə qatılanlara hədiyyə etsin:

“Düşündük ki, diaspora üzvləri xaricdə tədbir keçirəndə bu, sadəcə, yeyib-içmək tədbiri olmasın, burda kitab da olsun. Kitab olmadan bir ölkəni necə tanıtmaq olar? Bu, şərabla, kürüylə olmur, axı. Biz də bu ümidlə ora müraciət etdik. Yeni sədr daha gəncdir, kitab tədbirlərində iştirak edən bir adamdır. Prezidentin də fərmanı var ki, cümhuriyyətin yubileyi tədbirlərlə qeyd edilsin. Biz də bundan ruhlanıb məktubla müraciət etdik. 1 ay 10 gün sonra cavab gəldi ki, yaxşı təşəbbüsdür, dəstəkləyirik, ancaq kitabı almağa büdcəmizdə vəsaitimiz yoxdur”.

Şahbaz Xuduoğlu sual edir:

“Bunların büdcəsi yoxdursa, necə olur kabinetlərində arxa otaqlar düzəldirlər, bağ evlərini büdcə hesabına təmir edirlər, şəhərin müxtəlif yerlərində villalar tikdirirlər? Bunlar üçün büdcə var, amma sənin naziri, komitə rəhbəri olduğun ölkənin tarixindən bəhs edən kitab almağa büdcən yoxdur?”

“Komitənin o kitabı almaq məsuliyyəti yoxdur”

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Mahmudqızı bu və buna bənzər iddialara qısaca belə cavab verir: “Çox söz demək olar...”

O, AzadlıqRadiosuna artıq Komitənin rəsmi cavabının açıqlandığını və bundan artıq heç nə deməyəcəklərini bildirir:

“Daşqın müəllimin (Komitənin aparat rəhbəri Daşqın Rəcəbli – A.R.) məktubunda cavab yazılıb. Nəşriyyatın fəaliyyəti qiymətləndirilib, yaxşı iş gördüyü deyilib, ancaq bu kitabı almaq üçün vəsait yoxdur. Bundan təbii nə cavab ola bilər ki? Komitə çox varlı təşkilat deyil, diaspor təşkilatları ilə işləyir və xaricdə nə qədər işlər görülür. Yəni, normal cavab verilib. Komitənin o kitabı almaq məsuliyyəti yoxdur”.

Aparat rəhbəri Daşqın Rəcəblinin nəşriyyata cavabında Şahbaz Xuduoğlunun naşir kimi fəaliyyəti təqdirəlayiq sayılır, sözügedən kitabsa “ADR-in 100 illiyinə layiqli töhfə” kimi dəyərləndirilir. Təklifə görə minnətdarlıq ifadə edilir və “Dövlət Komitəsinin büdcəsində bu məsələ ilə bağlı vəsaitin ayrılması nəzərdə tutulmamışdır” deyilir.

“Vəzifədə olanların lazımsız kitablarını almağa pul tapılır”

Sosial şəbəkə istifadəçilərindən rəsmi qurumun cavabını qınayanlar da var. Məsələn, Sevil Gulten adlı Facebook istifadəçisi yazır:

“Vəzifədə olanların lazımsız kitablarını almağa pul tapılır”.

Paşa Yaqubun münasibəti isə belədir: “Elmdən, kitabdan başqa hər şeyə pul var, həm də hüdudsuz”.

Dövlət Komitəsinin sözçüsü Vəsilə Vahidqızı bu cür qınaq və iradlara sualla cavab verir: “Sizdə siyahı varmı Komitə başqa hansı kitabları alıb?”

Xarici İşlər Nazirliyinin cavabı nə olacaq?

Şahbaz Xuduoğlu adətən rəsmi qurumlara, universitetlərə çap etdiyi kitablardan göndərdiyini, onları kitab almağa təşviq etmək istədiyini söyləsə də, indiyə kimi onlardan müsbət cavab almadığına təəssüflənir.

Köşə yazarı Elnur Astanbəyli isə ayrı-ayrı nazirlik və komitələrin, hətta bəzən özəl şirkətlərin bu cür tanıtma xarakterli kitabları alaraq xaricdən gələn qonaqlara hədiyyə vermək təcrübəsinin mövcudluğundan danışır. Amma bu zaman hökumət qurumları ilə nəşriyyatın münasibətlərinin, dostluq, qohumluq əlaqələrinin rol oynadığını da vurğulayır və bir məqama da diqqət çəkir. Onun fikrincə, hədiyyə verilmək üçün hazırlanan bu kitabların yüksək poliqrafik keyfiyyətindən başqa məzmun keyfiyyətinin yoxlanılıb-yoxlanılmadığı sual doğurur:

“Bu günlərdə dövlət qurumlarından birinin il ərzində dövri mətbuatı, qəzet almaq üçün xərclədiyi məbləğ açıqlanmışdı, təxminən 50 min manata yaxın idi. Amma Azərbaycan reallığında artıq qəzet sıradan çıxıb, qəzet qalmayıb. Və ya Mədəniyyət Nazirliyi il ərzində müxtəlif dövlət kitabxanaları üçün külli miqdarda vəsait xərcləyib müxtəlif nəşrlər aldığını bildirir. Ancaq bəlli deyil nazirlik hansı müəllifləri alır, hansı nəşriyyatların məhsullarını alır, hansı kriteriyalarla alır. Bu məqsədlə ayrılan vəsait əslində olmayan “şəffaflıq və hesabatlılığ”ın güdazına gedib”.

Şahbaz Xuduoğlunun sözlərinə görə, “Azərbaycan Respublikası 1918-1920” kitabını Xarici İşlər Nazirliyinə də göndərib. O, nazirliyin kitab almağa büdcəsinin olub-olmadığını gözləyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG