Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:59

Bakı polisinin mətbuat katibi öz oğlunun məhkəməsində zərərçəkmişdir


Avtomobil qəzası. Foto arxiv
Avtomobil qəzası. Foto arxiv

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, «Polis» qəzetinin baş redaktoru Qalib Rəhimovun (Qalib Arif) oğlu Arif Rəhimov iki nəfərin ölümü, daha üçünün yaralanmasına görə məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Q.Rəhimov özü də bu cinayət işində zərərçəkmişdir. Çünki qəzanı törədən «Subaru» markalı avtomobil onun olub, hadisə vaxtı oğlu idarə edib. Maşın əzildiyinə görə o, zərərçəkmiş qismində tanınıb.

İki nəfərin öldüyü qəza...

İttihama görə, 20 yaşlı A.Rəhimov Bakı-Ələt yolunda idarə etdiyi maşını öncə yol kənarında dayan «Toyota Prado»ya vurub. Bundan sonra idarəetməni itirib və maşını hərəkətdə olan «Opel»ə çırpıb. Nəticədə «Opel»in sürücüsü Füzuli Məmiyev və həmin maşında olan üç sərnişindən biri – Kamal Məmmədov elə hadisə yerində dünyasını dəyişib. Maşın elə vəziyyətə düşüb ki, meyitləri Fövqəladə Hallar Nazirliyinin işçiləri gəlib çıxarıblar.

***Buna da bax-Keçmiş deputat oğlunun 212 minlik məhkəmə qalmaqalı

Qəzada dünyasını dəyişənlərin yaxınları, yaralananların da özləri zərərçəkmiş kimi tanınıblar. Onlar bu işlə bağlı istintaqdan narazı qalıblar. Məhkəmədə işi araşdıran hakim Cavid Hüseynov bu haqda məlumat verib. Bildirib ki, məhkəməyə zərərçəkmişlərin şikayət məktubları daxil olub. Hakim söz verib ki, onlar araşdırılacaq, qiymət veriləcək.

Məhkəmədə zərərçəkmişlər mülki iddialar qaldırıblar. Dünyasını dəyişənlərdən Kamal Məmmədovun hüquqi varisi Xalid Məmmədov maddi zərərə görə 13 min 800 manat və 5 min dollar, mənəvi zərərə görə isə 40 min manat tələb edib. Mərhum Füzuli Məmiyevin hüquqi varisi Gülnaz Əliyevanın mülki iddiasında maddi ziyan 22 min 800 manat, mənəvi ziyan isə 10 min göstərilib.

Hadisə zamanı xəsarət almış Mahir Məmmədov isə 11 min manat istəyib - 6 min maddi, 5 min mənəvi ziyana görə.

«Qəzada qızıl onluqlarım itib»

«Opel»də olmuş başqa bir zərərçəkmiş Əflatun Zəbiyev isə hadisə zamanı itmiş qızıllarını və müalicəsinə çəkdiyi xərcləri istəyir:

***Buna da bax-Əli Həsənovun nəvəsi: 'Bəlkə də o, qəzadan əvvəl ölmüşdü...'

«Mərhum Füzuli yeznəm idi, Lerikdən gəlirdik. Maşını Füzuli sürürdü, Kamal da öndə oturmuşdu. Qəfildən gurultu oldu, dondum. Məni maşından çıxarandan sonra əlimi cibimə vurdum, pulqabım yox idi. Hadisədə hərəsi 530 manat olan iki ədəd qızıl onluğum itib. Tələbim yoxdur, müalicəmə çəkdiyim xərci və qızılları qaytarsalar da sağ olsunlar, qaytarmasalar da...».

A.Rəhimov da ifadə verib, özünü qismən təqsirli bilib. Deyib ki, tələbə yoldaşları ilə gələndə qəzaya düşüb: «Hansı sürətlə gəldiyimi bilmirəm. Müstəntiq dedi ki, 100-lə getmişəm, mən də hər şey tez bitsin deyə, razılaşdım. Bizim maşındakılar salamat olduğu üçün elə bildim, o birilər də yaxşıdır. Sonra onlara yaxınlaşıb nəbzini yoxladım, artıq dünyalarını dəyişmişdilər. Mən hadisənin şokunda idim, özüm də yaralanmışdım. Sonra tibbi yoxlamaya axşam getdim. Ölənlərə rəhmət diləyirəm, qalanlara da can sağlığı...».

Atasının avtomobilini etibarnaməsiz idarə etməsi haqda iş materiallarında yazılanlara gəlincə, A.Rəhimov deyib ki, məsələ başqa cürdür: «Əslində, etibarnamə olub, sadəcə vaxtı keçib».

Zərərçəkmiş Ə.Zəbiyev təqsirləndirilən şəxsin hadisədən sonra düşüb «Opel»dəkilərlə maraqlanması haqda söylədiklərinin doğru olmadığını bildirib: «Arif heç kimə yaxınlaşmadı, onların nəbzini yoxlamasını yalan deyir...».

Məhkəmədə Q.Rəhimov oğlu sualları cavablayarkən ona istiqamət verdiyinə görə hakim ona xəbərdarlıq edib.

Məhkəmə davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG