Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:16

Əli Həsənovun nəvəsi: 'Bəlkə də o, qəzadan əvvəl ölmüşdü...' [yenilənib]


Nail Allahverdiyev
Nail Allahverdiyev

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb – ona ittiham olunduğu maddələrdən biri ilə bəraət verilib, o biri ilə isə 6 il həbs cəzası kəsilib.

Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Hökmdən öncə prokuror çıxış edib. Prokuror Nail Allahverdiyevə CM-nin 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə verilmiş ittihamdan imtina edib. Deyib ki, bu ittiham məhkəmə araşdırmasında təsdiqini tapmadı. Onun sözlərinə görə, Allahverdiyevin özü də qəzada xəsarət alıb və özündə olmayıb. Belə vəziyyətdə onun digər zərərçəkmişlərə kömək etmək imkanı olmayıb.

***Buna da bax-Məmur övladlarının törətdiyi qəzalar [araşdırma]

Prokuror Allahverdiyevin CM-nin 263.3 (iki və daha çox şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilinib, 7 il azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin onun üç il də sürücülük hüququndan məhrum edilməsini təklif edib.

Ardınca qəza zamanı Nail Allahverdiyevin maşınında olmuş və dünyasını dəyişmiş 31 yaşlı Mehdi Əliyevin xanımı və atası danışıb. Onlar təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər, yüngül cəza verilməsini istəyiblər.

Mərhumun atası jurnalistlərdən gileylənib. Deyib ki, Allahverdiyevin yaxınlarının onların ailəsinə böyük pullar, ev və s. verməsi haqda yayılan məlumatlar doğru deyil. Bununla belə, təsdiqləyib ki, təqsirləndirilənin yaxınları hadisədən sonra onun qızını işə düzəldiblər.

***Buna da bax-Əli Həsənovun nəvəsi törətdiyi qəzanın səbəbini açıqladı

Elə 23 yaşlı Allahverdiyevin özü də son sözündə deyib ki, zərərçəkmişlərə dəymiş ziyan maddi baxımdan tam ödənilib. O, istintaq və məhkəmə araşdırmalarından narazılıq edib. Deyib ki, Mehdi Əsədov bəlkə də qəza baş verməmişdən öncə ürək tutmasından dünyasını dəyişmişdi: “Ekspertiza keçirib müəyyənləşdirmədilər ki, o, hadisədən əvvəl keçinmişdi, yoxsa qəzadan sonra. Mən hesab edirəm ki, o, qəzadan ölməyib. Çünki qəzadan əvvəl Mehdini çağıranda o, artıq özündə deyildi”.

Təqsirləndirilən şəxs həmçinin avtotexniki ekspertiza keçirilməməsindən də şikayətlənib. Deyib ki, idarə etdiyi maşının təkəri partlayıb, onun avtomobili saxlamaq imkanı olmayıb. Amma bu məsələ araşdırılmayıb.

Nail Allahverdiyev çıxışının sonunda məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Qısa müşavirədən sonra hakimlər hökmü elan edib.

Xatırlatma

N.Allahverdiyevin həbsinə səbəb olmuş qəza avqustun 3-də axşam saat 21:00 radələrində paytaxtın Heydər Əliyev prospektində baş verib. Allahverdiyevin idarə etdiyi «Mercedes-Galendewagen» yolu keçən piyadalar Vaqif Əsədovu və Türkiyə vətəndaşları olan Tekiş cütlüyünü vurub, ardınca «VAZ 21015» markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən «Mercedes-Galendewagen» yanmağa başlayıb. Qəza nəticəsində piyada Vaqif Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş 31 yaşlı M.Əliyev dünyasını dəyişib.

N.Allahverdiyevin ittiham olunduğu CM-nin 263.3 maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG